O taydan baxış
Milad bayramı günü kilsə adamlarla doludur; qapının ağzında həmişə olduğu kimi yoxsullar toplaşıb, onlar bura bayram günündə dindarların daha səxavətli olacağına və onlardan da nahar etməyə və borcları qaytarmağa pul ala biləcəklərinə ümidlə gəlirlər.
Beş oğulun son beşiyi
Gənc oğlan nazik gödəkçədə soyuqdan büzüşərək nəzakət, amma eyni zamanda da təkidlə içəri girənlərə müraciət edir: “Xahiş edirəm, kömək edin, kimin nəyə imkanı var. Xahiş edirəm!. Onun 23 yaşı var, adı Sergeydir. O, həmişə burada olmur, çünki çörək, kirayə haqqı və gözləri görməyən anasına dərman almaq üçün pul qazanmağa çalışır. Anası elə buradaca, pilləkəndə, karton parçasının üstündə oturub.
Sergeyin anası Fomenko Tatyananın 63 yaşı var, amma ola bilsin, xəstəlik və ağır həyat tərzinə görə daha yaşlı görünür. Bizimlə söhbət zamanı göz yaşlarını saxlaya bilmir. Görmə qabiliyyətini o, üç il əvvəl itirib, şəkər diabetinə görə. Kiçik oğlu ilə birlikdə yaşayır:
“Əvvəllər Kürdəmirdə yaşamışıq, amma evimiz yandı. Onunla birlikdə də bütün sənədlər batdı… Mən tək idim, yoldaşım içirdi, öldü, beş övladı tək böyütmüşəm. Sonra da bura köçdük. Uşaqların hərəsini tale şəhərin bir tərəfində atdı; oğlanlarından biri vəfat etdi, biri içir, qızlarından biri də həmçinin, ancaq Sergeyin işi var və o gözləri görmədiyinə görə tamamilə köməksiz qalan anasına qulluq etməkdən boyun qaçırmır. Sergey heç olmasa nəsə qazanmaq üçün əlindən gələni edir: “Mən istənilən işlə məşğul ola bilərəm, ağır yük daşıya, kiməsə nəyisə yığışdırmaqda kömək edə, maşın yuya bilərəm, amma işim az olur. Anam təqaüd alır, amma biz həm də ayda 150 manat kirayə haqqı ödəməliyik. Bu günə beş manat edir. İndi biz xeyli borc yığmışıq, buna görə də bizi çölə atmaq istəyirlər. Böhrana görə yaşayış da çətinləşdi, pul qazanmaq çətindir, elə sədəqə də daha az verirlər. “Bu gün ərzində biz cəmi iki manat yığa bildik, hələ yemək yeməmişik, həm də evə qayıtmalı, kirayə haqqını ödəməliyik, – Sergey dərdini bölüşür.
“Mən uzun müddət gözlərimi müalicə etməyə çalışmışam, müxtəlif xəstəxanalara getmişəm, amma mənə deyirlər ki, artıq heç nə etmək mümkün deyil, – Tatyana xanım danışır. Şəkər diabetinin fonunda onda qlaukoma xəstəliyi inkişaf etməyə başlayıb. – “Mənə qiyməti 20 manat olan dərman yazdılar. Biz bu qiymətə dərman ala bilmərik. Mən xahiş edirəm ki, bizə kimsə heç olmasa ərzaqla kömək etsin….
Kilsədə adətən problemləri olan adamlara kömək edirlər, amma qış küləyinin altında donan Sergey o qədər də razı deyil: “Əvvəllər burada başqa bir keşiş olub, o yaxşı idi, həmişə həyətdə kasıblar üçün süfrə açırdı. Bu keşiş isə heç bir kömək göstərmir….
Kilsədən çıxan qadınlardan biri bütün qapının ağzında duranlara isti pirojki paylayır. Soyuqdan donan adamlar iştaha ilə onları yeməyə başlayırlar.
Sutkada 12 saat, hər gün, ömür boyu
“… Sənə nə var ki, sən cavansan, bax, necə ucadan danışırsan, – Tatyana sifətində yaşına uyğun olmayan ciddi ifadə olan arıq qıza müraciətlə deyir. Qız hündür boyludur, solğun burnunda çillər görünür, cingiltili səslə qapıdan girənlərə və çıxanlara eyni xahişlə müraciət edir: “Xahiş edirəm, heç olmasa on qəpik verin, çox sağ olun, Tanrı sizi qorusun!. Bir qədər kənarda, yolun o biri tərəfində onun anası kommunal təsərrüfat işçisinin tox narıncı rəngli jiletində dayanıb; bu gün onun iş günü deyil, amma yenə də bir qədər kənarda durmağı üstün tutur. Vaxtaşırı olaraq qızı onun enli cibinə yığdığı qəpikləri tökür.
Qızın anası İrinanın 44 yaşı var. O, küçə süpürür, istirahətsiz, sutkada 12 saat ərzində – səhər saat yeddidən axşam saat yeddiyə qədər. Bayram günündə kilsəyə gələ bilmək üçün o rəisdən icazə almaqdan başqa, ona “hörmət etməli oldu: “Harasa getmək lazım olanda ya şefə siqaret almaq, ya da telefonuna pul qoymaq lazım olur…. O, şəhər kommunal təsərrüfatına tabedir, buna görə sahəsi də böyükdür – sakit həyətləri deyil, qələbəlik küçələri süpürməli olur. Maaşı 250 manatdır, amma bu, yetmir, axı həm də qızının məktəbi üçün xərc çəkmək, dərslik, məktəb forması almaq lazım olur.
Qızı Alyona artıq on yaşı tamam olmasına baxmayaraq, hələ ikinci sinifdə oxuyur. Anası bunu belə izah edir: “Sənədi yoxuydu, buna görə də məktəbə getmirdi. Axı mən onu küçədə doğdum. Burada çətin nə var ki, doğmaqdı da. İrinanın nə qadın məsləhətxanasında qeydiyyata düşməyə, nə də analıq məzuniyyətinə çıxmağa imkanı olmayıb – pul qazanmaq lazım idi. Altı yaşına qədər İrina qızını qoca anasının yanında qoyurdu. Amma anası rəhmətə gedəndən sonra, İra balaca Alyonanı özü ilə işə aparmalı olurdu: bütün günü küçələrdə, istidə də, soyuqda da, yollarda.
Təsadüfən İrinanın bəxti gətirdi: qonşuluqda rast gəldiyi qız ona Alyonanın sənədlərini düzəltməyə kömək etdi. “Əvvəlcə onu məktəbə götürmək istəmirdilər, deyirdilər ki, yer yoxdur, o inkişafda geri qalır, nə isə, bir yığın bəhanə axtarıb tapırdılar. Amma sonra Alyona direktorun otağına girib, ona nəsə dedi, mən özüm də hələ də bilmirəm ki, nə dedi. O da çıxıb dedi: “Məktəbə gəl və istədiyin sinfi seç!.
Bu gün Alyona oxuyur və sinif yoldaşları ilə aralarındakı yaş fərqinə baxmayaraq özünü qüsurlu hesab etmir. Özünə dost tapıb, yaxşı oxuyur. Burada, kilsənin yanında durduğuna görə özünü narahat hiss etmir ki – sualına uşaq sadəlövhlüyü ilə cavab verir: “Yoox, alışmışam artıq!.
Çətinliklərə baxmayaraq, İrina şikayət etmir. “Mən bircə şey istərdim ki, insanlar daha səxavətli olub, bir-birinə kömək etsinlər.
Böhran yoxsulluq həddinin o tayında
Bakıdakı Mixail Arxangel kilsəsinin sosial xidmətinin rəhbəri Aleksandr Antropovun sözlərinə görə, evsiz-eşiksizlər və yoxsullar üçün yaşam doğrudan da ağırlaşdı və məhz onlar hamıdan əvvəl öz üzərində böhranı hiss etdilər: “Əvvəllər onlara 20 qəpik verirdilərsə, indi ya 10 qəpik verirlər, ya da heç vermirlər. Küçədə də daha çox durmalı olurlar. Bir təhər çıxış yolu tapmalı olurlar. Bütün günü küçədə dayanır, bir şey tapıb yeyir, sonra da evsizlər üçün yataqxanada gecələməyə gedirlər. Orada bir manat verib, qalmaq olur. Şərait əlbəttə ki, yox dərəcəsindədir, döşəklər düz döşəmənin üstünə atılır, amma yenə də çöl deyil.
Antropovun sözlərinə görə, evsiz-eşiksizlər dolanışığı hərə bir yolla tapır. Hətta kəndirdən qurumaq üçün asılan paltarın oğurluğu ilə də məşğul olurlar, sonra da onu dəyər-dəyməzə bazarda satırlar. Zibilliklərdə butulka və yararlı əşyalar yığırlar. Maşın yumağa, ağır yükü boşaltmağa kömək edirlər.
Evsiz-eşiksiz uşaqlar və yeniyetmələr soyuq havada vaxtlarını internet klublarda keçirirlər: ya kompüter arxasında oturur, ya da eləcə yatırlar. Bəzən yemək də onu harada tapa biləcəyini biləndə yeyə bilirlər: müəyyən günlərdə, vaxtı keçmiş ərzaqları çıxaran zaman supermarketlərin yanında keşik çəkirlər. Qutuları daşımağa, maşına yükləməyə kömək etdikləri üçün mağaza işçiləri onlara vaxtı keçmiş ərzaqdan bir neçə banka və ya bağlama verirlər.
Qəribə cütlük
Onlar birlikdə naqolay görünürlər – belibükük, ağaca dirsəklənən saqqalı qoca kişi və bir qədər kənarda duran biçimsiz paltolu və eynəkli şişman qadın. Vaxtaşırı olaraq qadın qocaya yaxınlaşır, o da yöndəmsiz hərəkətlə onun enli paltosunun cibinə yığdığı qəpikləri tökür. Bəzən o sərt tonla qocaya nəsə deyir, sözünü ağzında qoyur, bəzəndə də paltarını düzəldir.
Bir müddət əvvəl sosial şəbəkədə bu cütlük haqqında informasiya yayıldı, guya qadın qocanı istismar edir, onu döyür, bütün pulları isə özünə götürür, özü də onun “qəyyumluğunda bir neçə belə adam var.
Soyuq havada küçədə uzun müddət qalmaq olmur, xüsusən də yaşın və gücün buna imkan verməyəndə. Bir müddət “Əhmədli metro stansiyasının qələbəlik çıxışının yanında bir qədər dayanandan sonra cütlük əvvəlcə keçidə tərəf gedir, sonra da fikirlərini dəyişib, köhnə yerlərinə qayıdırlar.
Çıxışın ağzında yığışan alverçilər söyləyir: “Biz onları tez-tez görürük. O qoca deyəsən, qadından yapışıb, qadın da komandirlik edir. Amma bu işə qarışmasanız yaxşıdır…. Adı Zoya olan bu qadın kameraya çox sakit reaksiya verir və həvəslə həm də ətraflı şəkildə danışmağa başlayır.
“Bu, mənim qanuni ərimdir, Lyonya, onun 75 yaşı var. Özü də ikinci qrup əlildir, görürsüz, ayağı necə şişdir? Sarğı çəkilib, ondandır, trofik xorası var. Həm də ikitərəfli yırtığı, o düz dayan bilmir. Təqaüd alır, amma bu pulla dolanmaq mümkün deyil, – qadın danışır.
Mənzilin kirayəsi, yemək və lazımi dərmanlar almaq üçün pul yığmaq üçün onlar küçədə dayanmalı olurlar. “Bizim əvvəl mənzilimiz olub, amma Lyonyanı əməliyyat etdirmək üçün onu satmalı olduq, – qadın sözünə davam edir. – Dərmana da pul lazımdır, onun diabeti var, həm də ayağı üçün hər gün solkoseril, rivanol, bint və pambıq almaq lazımdır. Biz də bütün bunlar üçün pul yığana qədər küçədə dururuq.
Qadının sözlərinə görə, onlar çox dayanmırlar, gündə yarım saat. Polislə hələ ki problem yaşamayıblar, onlardan uzaq durmağa çalışırlar: “Eşidəndə ki, haradasa reydlər keçirilir, evdən çölə çıxmırıq. Buna görə də onlar bir yerdə durmur, şəhərin müxtəlif rayonlarını, əsasən də ucqar rayonları gəzib dolaşırlar.
Əlil təqaüdü almaq imkanları da, Zoyanın sözlərinə görə, yoxdur. Pul istəyəcəklər, o deyir, həm də instansiyaları dolaşmaq, şikayət etmək, dalaşmağa taqəti də qalmayıb. “Çox durmuruq, gündə yarım saat, – Zoya deyir, – bax, elə indi evə getməyə hazırlaşırdıq, amma Lyonya dedi: “Biz necə gedək indi, bax, nə az yığmışıq, buna görə də qayıtmalı olduq. Qadının özünün 60 yaşı var: “Mən özüm də ümidimi pensiyaya bağlamışdım, amma mənə dedilər ki, pensiya yaşını qaldırıblar, əvvəl 57 yaş idi, indi 60 olub.
“Mən insanlardan heç nə istəmirəm, sadəcə bizi rahat buraxın, – o deyir, – Mən haqqımızda danışılanları eşitmişəm, guya mən bunu istismar edirəm, döyürəm, amma bu belə deyil. Biz də necəsə dolanmalıyıq. Heç yerdən köməyimiz də yoxdur. Bir neçə il əvvəl Razində (Bakıdakı Bakıxanov qəsəbəsi) bir qız bizə yaxınlaşıb, nə ilə kömək edə biləcəyini soruşdu. Mən də dedim ki, bizə dərman lazımdır və yemək. Söz verdi ki, gəlib kömək edəcək, hələ də gəlir.
Biz onların haqqında heç nə bilmirik
Əhalinin evsiz-eşiksiz və sosial müdafiəsi olmayan qrupları ilə bağlı Azərbaycanda heç bir statistika aparılmır. Bundan əlavə, evsiz-eşiksiz və məzlumların problemləri ilə məşğul olan dövlət qurumları yoxdur. Düzdür, 2012-ci ilin qışında güclü şaxta vaxtı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə müvəqqəti səyyar sığınacaqlar təşkil edilmişdir ki, burada da evsiz-eşiksizlərə yemək verilirdi, burada gecələmək və elementar tibbi yardım almaq olardı. Amma qar əridi, elə təşəbbüs də onunla birlikdə.
“Yoxsul və evsiz bakılıların hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri Eldar Əlizadənin sözlərinə görə, evsizlər yalnız hansısa stabil gecələmə yeri və qidalanmaq imkanı olan sırf fizioloji üstünlüklərdən deyil, həm də istənilən hüquqi köməkdən məhrumdurlar.
Elə həmin 2012-ci ilin statistikasına görə, ölkədə (təbii ki, təxmini hesablamalara görə) əlli minə qədər evsiz var. Yoxsulların problemləri ilə məşğul olan müxtəlif QHT-lərin məlumatına görə isə real rəqəm xeyli daha böyükdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi simasında elə həmin rəsmi qurumlar hər hansı evsizlər üçün daimi sığınacaq və yurdların yaradılması planları ilə tanış deyillər. Qanunvericilikdə də sığınacaqların yaradılması nəzərdə tutulmayıb. İlin soyuq fəslində vaxtaşırı olaraq küçədə donan insan cəsədləri tapılır. Təcili tibbi yardıma kömək üçün müraciətlər qeydə alınmır – görünür, evsizlər bunu mənasız sayır.
Psixoterapevt Dəyanət Rzayev şərh etdi: “Baxmayaraq ki, bir çox ölkədə evsizlər üçün sığınacaq və yurdlar mövcuddur, Azərbaycanda belə bir şey yoxdur. Bunun səbəbi bizim sovet keçmişimizlə bağlıdır: o vaxtlar kommunizmə doğru gedən ölkədə evsizlərin olması rəsmi olaraq etiraf edilmirdi, ayrı-ayrı “ünsürlər isə asosial və əxlaqsız subyektlər sayılırdılar. Bu, bizə bu gün də miras qalıb, qanun evsiz və yoxsullara kömək göstərilməsini nəzərdə tutmur, çünki onların mövcudluğu haqqında rəsmi məlumat yoxdur.