Bu gün azərbaycanlı hüquq müdafiəçiləri Arif və Leyla Yunuslar nəhayət ki, müalicə almaq üçün Azərbaycandan çıxa biliblər.
Yunusların vəkili Elçin Sadıqov APA-ya bildirib ki, Ali Məhkəmə aprelin 18-də onun müdafiə etdiyi şəxslərin kassasiya şikayətini təmin edib.
Azadlıq radiosu xəbər verir ki, bu gün onları Sxipxol hava limanında qızları Dinarə Yunus qarşılayıb. Hüquq müdafiəçiləri elə bu gün Niderland Krallığının xarici işlər nazirliyində qəbul olublar. XİN başçısı Bert Kenders bildirib ki, Yunus cütlüyünün ölkədə olma müddəti onların səhhətindən asılı olacaq, müalicədən sonra isə onlar siyasi sığınacaq istəyə bilərlər.
Hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar 2014-cü ildə həbs olunub və 13 avqust 2015-ci ildə dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılması ittihami ilə 7,5 və 8 il həbs cəzasına məhkum ediliblər.
9 dekabr 2015-ci ildə məhkumların səhhətinin ağır olması səbəbilə bu müddət şərti cəza ilə əvəz olunub.
11 fevral 2016-cı ildə Bakı Yunus cütlüyünə xaricə müalicəyə getməyə icazə verməyib.