Nyu-Yorkda 11 sentyabr terror aktından 20 il keçdi. Bu faciə ABŞ və dünyanı dəyişdimi?
Amerikanın Foreign Policy nəşri öz aparıcı icmalçılarına 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda həyata keçirilən terror aktının onların fikrincə, nələri dəyişdiyini, bu gün, 20 ildən sonra həmin hadisənin necə göründüyü haqda yazmağı təklif edib.
2001-ci il 11 sentyabr terror aktları ABŞ-da “Əl-Qaidə” terror təşkilatının üzvləri tərəfindən həyata keçirilən dörd koordinasiyalı hücumdan ibarətdir. Həmin gün səhər terrorçulardan ibarət dörd qrup (ümumilikdə 19 nəfər) dörd sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisi Nyu-Yorkda Manhettanda Ümumdünya Ticarət Mərkəzinin qoşa qülləsinə çırpılmışdı. Hər iki qüllə dağılıb və ətraf tikililərdə də ciddi dağıntılara səbəb olub. Üçüncü təyyarə Vaşinqton yaxınlığında yerləşən Pentaqon binasına istiqamətlənib.
Dördüncü təyyarənin sərnişinləri və komanda heyəti idarəetməni terrorçulardan geri almağa çalışıb, nəticədə təyyarə Pensilvaniya ştatında Şanksvill yaxınlığında yerə çırpılıb.
19 terrorçudan başqa hücumlar nəticəsində 2 977 nəfər həlak olub, 24 nəfərə qədər insan hələ də itkin düşmüş sayılır.
Ötən 20 il ərzində hər gün terror aqktlaqrı haqda eşidən nəsil yetişib. Baş vermiş o qorxunc hadisənin 20 illiyində həmin tettor aktına görə Əfqanıstana girən ABŞ oranı tərk edib.
Amerikalı ekspertlərdən altı şərh
“ABŞ-ın ərəb və müsəlman dünyası ilə münasibətləri heç vaxt əvvəlki kimi olmayacaq”
Mina Əl-Oraybi, FP icmalçısı və The National nəşrinin baş redaktoru
“2021-ci il 11 sentyabr hücumları ABŞ-ın ərəb və müsəlman dünyası ilə münasibətlərini həmişəlik dəyişdi və ən azı son iki onillik üçün onları müəyyən etdi.
O vaxta qədər bu münasibətlər daha çox enerji təhlükəsizliyi, ikitərəfli maraqlar və İsrailin hərbi üstünlüyünün dəstəklənməsi üzərində qurulurdu. Terror aktından sonra islamçı terrorizmlə mübarizə əsas hədəf oldu.
Ərəb və müsəlman dünyasına münasibətdə ABŞ siyasəti günahsızlıq sübut olunana qədər günahlılıq prinsipinə əsaslanmağa başladı. Baxmayaraq ki, elə həmin ölkələrdən çoxu terror aktlarından Birləşmiş Şıtatlardan daha çox ziyan çəkiblər.
Oğul Corc Buş administrasiyası zamanı zəif dövlətlərdə hakimiyyətin möhkəmləndirilməsinı çağırışlar yüksəlirdi. Güman edilirdi ki, idarə olunmayan məkanlar və əhalinin yoxsullaşdırılmış təbəqələri terror təşkilatlarının genişlənməsinə səbəb olur.
Amma ABŞ-ın Əfqanıstana və İraqa girməsi daha səmərəli milli dövlətlərin yaradılmasına gətirib çıxarmadı.
Barak Obama administrasiyası İraqdan çıxmaqla və diqqətini Əfqanıstanda cəmləməklə hədəfi dəyişdi. Amma “İslam Dövlətinin” yaranması ABŞ-ı tezliklə geri qaytardı.
Hər iki administrasiya nəticədə bir sıra dövlətin disfunksiyasını həll etmədilər, əksinə dərinləşdirdilər.
Nə Donald Tramp, nə də hazırkı ABŞ prezidenti Co Bayden terrorizmlə mübarizədə dronlarla hədəf zərbələrindən başqa heç bir alternativ düşünə bilmədilər.
Əfqanıstandan çıxışın fəlakətli kontekstini və ABŞ-ın gələcəyə naməlum prioritetlərini nəzərə alsaq, Vaşinqtonun son iyirmi ilin yanlışlarından dərs çıxarmadığı göz qabağındadır. Həmçinin ekstremist qrupların təhlükəsi olduğu kimi qalır, bu qrupların rəhbərliyinin dəyişməsinə baxmayaraq, onların doktrinası əvvəlki kimi qalıb”.
“Dezinformasiya siyasi diskursu müəyyən edir”
Stiven A. Kuk, FP icmalçısı
“11 sentyabr terror aktından sonra, mənim zənnimcə, ən ciddi ziyan ABŞ-da siyasi diskursa dəyib.
Əkiz binalar aşandan və Pentaqonda yanğınlar söndürüləndən sonrakı günlərdə, həftələrdə və aylarda amerikalıların üzərinə Yaxın Şərqlə bağlı materiallar səpdilər. Və özlərini terrorizm analitiki elan etmiş əksər şərhçilər ölkəyə böyük ayı xidməti göstərdilər.
İslam və ərəblər, o cümlədən də Yaxın Şərqin tarixi və mədəniyyəti haqda yayılan dezinformasiyalar böyük ziyan vurdu.
“Mədrəsə” (sadəcə məktəb deməkdir) və “şəriət” (islam qanunu) kimi sözlər qorxunc səslənməyə başladı. Nazik rasizm və islamofobiya örtüyü ilə pərdələnmiş gündəm təbliğ edilməyə başladı.
Məhz bu dövrdə amerikalılar “sürünən şəriət” və “müsəlman qardaşların” ABŞ hökumətinə ehtimal olunan sızması, o cümlədən də Yaxın Şərqlə bağlı digər sui-qəsdlər haqda eşitməyə başladılar.
Nəticədə müsəlmanlar və ərəblər, yaxud da yanlışlıqla müsəlman və ərəb kimi qəbul edilən insanlar aeroportlarda və digər ictimai yerlərdə hücum obyektlərinə çevrilirdilər.
2001-ci il 11 sentyabr terror aktlarından sonrakı dezinformasiya axını ilə ağ millətçilər və Donald Tramp da daxil olmaqla bu günkü siyasi diskurs arasında düz xətt çəkmək olar.
Keçmiş prezidentin Birləşmiş Ştatların müsəlmanlarla müharibə vəziyyətində olduğu, müsəlmanların Birləşmiş Ştatlara girişinin qadağan edilməsin vacibliyi, ölkənin müsəlman sakinlərini isə nəzarət altında saxlamaq lazım olduğu haqda təklifləri – bütün bunların kökü 11 sentyardan sonra əksər analitiklərin Yaxın Şərqi necə təsvir eləməsinə gedib çıxır”.
“ABŞ dünyada müharibələri qızışdıran reputasiyası qazandı”
Ançal Voxra, FT icmalçısı, Beyrutdan Yaxın Şərq üzrə şərhçi
“11 sentyabrdan sonra Qərbin Əfqanıstana və İraqa üzunmüddətli müdaxiləsi Amerika dövlətinin, o cümlədən də xalqının kollektiv iradəsinə mənfi təsir göstərdi. İndi orada xaricdəki hər hansı münaqişələrə qarışmaq istəyi çox azdır.
Bu hiss aydındır: Birləşmiş Ştatlar iki onillik ərzində minlərlə əsgər və trilyonlarla dollar itirib, onların dövlət quruculuğu cəhdləri uğursuzluğa uğrayıb. Nəticədə ölkənin əldə etdiyi sadəcə dünyada müharibələri qızışdıran reputasiyası qazanması olub.
İndi ABŞ prezidentləri avtoritar və münaqişələrlə parçalanmış ölkələri demokratikləşdirə biləcəklərinə dair bəlkə də sadəlövh ümidlərindən imtina ediblər.
Corc Buşdan başlayaraq bütün liderlər bu müharibələrə son qoymağa, Yaxın Şərqdən getməyə və diqqətlərini Çinin dünyadakı təsirinin güclənməsinə yönəltməyə cəhd göstəriblər.
Əfqanıstandan getməklə Bayden ilk olaraq bu yolda irəliyə doğru real addım atıb. Amma bu gediş elə bir dəhşətli humanitar fəlakətlə nəticələndi ki, analitiklər sorğulamağa başladılar: bəlkə ABŞ-ın Əfqanısttanda məhdud iştirakı Əfqanıstanın və Amerikanın maraqlarına daha yaxşı xidmət edərdi?
Amerika Birləşmiş Ştatlarının problemlərin hərbi yolla həllindən qəfil imtina etməsi dünya gündəminə böyük bir sual gətirir:
Əgər hərbi qüvvə rədd edilirsə, amma bununla belə BMT-nin Təhlükəsizlik Şurasında Rusiya və Çinin veto hüququ diplomatik səyləri faydasız edirsə, beynəlxalq ictimaiyyət diktatorların fərqli düşünənlərin qətllərini və təqiblərini necə dayandıracaq?
Qalan hər şey uğursuzluğa düçar olduğu zaman müharibə müsbət dəyişikliklər gətirə biləcək alət kimi 11 sentyabrdan sonra dünyada öz aktuallığını itirdi. Amma dünya diktatorın kimyəvi silah tətbiq etməsinə; dini linççilərə qadınların başını kəsməyə imkan verməmək; azlıqları soyqırımdan müdafiə etmək üçün hərbi gücü nəyin əvəz edə biləcəyi haqda düşünməlidir”.
“ABŞ bütün xarici siyasət alətlərini genişləndirib və gücləndirib”
Piter Fiver, Dük Universitetinin politologiya və dövlət siyasəti professoru
“11 sentyabr hücumlarının ABŞ-ın xarici siyasətinin hərbləşməsinin katalizatoru olduğunu hesab edirlər. Amma nəzərdən qaçırmaq lazım deyil ki, siyasətçilər eyni zamanda dövlət hakimiyyətinin qeyri-hərbi elementlərini genişləndirdilər.
2001-ci ildən 2008-ci ilə qədər ABŞ-ın müdafiə büdcəsi iki dəfə artırılıb. Amma hamı bilirmi ki, eyni dövrdə xarici yardım büdcəsi də iki dəfədən çox artırılıb?
Bu artımın bir hissəsi bilavasitə hərbi müdaxilələrlə bağlıdır, amma böyük hissəsi başqa inkişaf hədəflərinə yönəldilib. Çox hallarda xarici yardım hərbi müdaxilənin güclənməsini əvəz edib.
Eyni dövrdə kəşfiyyat büdcəsi kəskin artıb və kəşfiyyat metodları dəyişdirilib, ilk növbədə də kiber-təhlükəsizliklə bağlı. Həmçinin xarici siyasət hədəflərinə nail olmaq üçün ABŞ-ın iqtisadi gücünü, maliyyə rıçaqlarını daha səmərəli istifadə etməyə imkan verən yeniliklər tətbiq edilib.
ABŞ-ın xarici siyasəti yalnız hərbi güc səsinə arxalanan bir alətdən ibarət deyil, bütöv orkestrdir. Hərbçilər milli gücün mühüm elementi olaraq qalırlar, amma başqaları da onları dəstəkləyir və çox vaxt əvəzləyir”.
“11 sentyabrdan sonra dünya münaqişələrinin konteksti kəskin dəyişib”
Janin di Covanni, FP icmalçısı
“Mən hesab edirəm ki, dünya münaqişələri aydın şəkildə 2001-ci il 11 sentyabra qədər və sonra kateqoriyalarına ayrılır. 1990-cı illərdəki müharibələr, Bosniyadan tutmuş Syerra-Leoneyə qədər, qəddar və dəhşətli idi, amma bunlar əsasən etnik və ya tayfalararası toqquşmalar, yaxud soyuq müharibənin qalıqları idi.
11 sentyabrdan sonra müharibələrin başqa ümumi cəhəti vardı: bunlar üsyanlar, radikal qruplaşmalar və cihadın genişlənməsi idi.
ABŞ-ın həmin hücumlara reaksiyası əksər dünya münaqişələrinə terrorizmə görə müharibələr konteksti verdi. Bu gün ABŞ-da, o cümlədən də Fransada və müəyyən dərəcədə Birləşmiş Krallıqda əvvəlki kimi diqqət terrorizmlə mübarizə üzərində cəmlənib, istər Əl-Qaidə, Boko Haram, “İslam Dövləti” və ya yerli radikallaşma olsun.
11 sentyabrdan sonra başlayan münaqişələrin çoxu da fövqəldövlət tərəfindən təhrik edilən, sonra isə regionun digər ölkələrinin cəlb olunduğu müharibələrdir. Yəmənə, Suriyaya, hətta Əfqanıstana, tezliklə isə hətta Efiopiyaya baxın. Orada bütün məsələ döyüşən ölkədə öz “payını” almaq üçün müdaxilə edən regional oyunçulardadır.
Şərhçilər və siyasətçilər anlamaq və ümid edirəm, danışıqlar və sülh quruculuğu istiqamətində işləmək üçün gələcək müharibələrə bu nöqteyi-nəzərdən yanaşmalıdır”.
“ABŞ artıq əvəzedilməz deyil, amma zəiflədiyini də demək olmaz”
Stiven Verthaym, Karneqi Fondunda Dövlət İdarəçiliyi Amerika Proqramının böyük elmi işçisi
“11 sentyabr terror aktı Birləşmiş Ştatların dünyadakı rolunu necə anlamasını dəyişdi. Amma bu, ölkə liderlərinin ümid etdikləri dəyişiklik deyil.
Sovet İttifaqı dağılandan sonra ABŞ bütün dünyadakı məcburedici gücündən imtina etməmək qərarına gəldi. “Əgər biz güc tətbiq etməli oluruqsa, bu, ona görədir ki, biz Amerikayıq; biz əvəzolunmaz millətik”, – bu, 1988-ci ildə ABŞ dövlət katibi Madlen Olbraytın səsləndirdiyi bəyanatdır.
Əvvəlcə elə gəlirdi ki, 11 sentyabr terror aktları ABŞ-ın gücünə danılmaz hədəf qatdı. Buş “terrorizmlə qlobal müharibənin” başlandığını bildirdi və Əfqanısdana daxil oldu.
Amma bu, kifayət deyildi. İraq ABŞ-ın bütün regionu dəyişməyə və tarixi irəli aparmağa qadir olduğunu göstərməsi üçün səhnəyə çevrildi. ABŞ-ın dünyanın taleyi üçün əvəzolunmaz olduğunu göstərmək imkanı.
Sonra qırğın başladı və Amerika xalqı müharibələrə, o cümlədən də ABŞ-ın hərəkətverici roluna qarşı çıxmağa başladı.
Məlum oldu ki, “əvəzolunmaz millət” olmaq sonsuz müharibə aparmaq deməkdir.
Tramp ilk olaraq Birləşmiş Ştatların güc köməyi ilə beynəlxalq asayişə görə məsuliyyət daşımalı olduğunu rədd etdi.
Onun varisi Bayden ABŞ qoşunlarını Əfqanıstandan çıxardı və “digər ölkələrin dəyişdirilməsi üzrə böyük hərbi əməliyyatlar erasına” son qoymağı vəd etdi.
Terror aktından 20 il sonra demək olar ki, həmin gün ABŞ-ın qlobal əvəzolunmazlıqla bağlı iddialarını məhv etdi. Birləşmiş Ştatlar indi artıq özünə lazım olanı əldə etmək üçün digər millətlərə hökmranlıq edən millət yo, millətlər arasında millət ola bilər.
Amma ABŞ-ın dünya liderliyinin sona çatdığını demək çətindir. Əksinə, Birləşmiş Ştatlar böyük ehtimalla münaqişələrdə baha başa gələn iştirakdan azad olmaqla yeni gücə və nüfuza sahib olacaq”.