“Növbəti demokratiya şansını itirmək olmaz” – Bakıdan şərh
Ukraynada işğalçı müharibə Rusiyanın öz məğlubiyyətini etiraf etməsi ilə başa çatacaq, amma Vladimir Putin bunu başqa cür təqdim etməyə çalışacaq – azərbaycanlı siyasətçi Azər Qasımlı qeyd edir. Onun fikrincə, istənilən halda Putinin Rusiya hakimiyyətindən getməsi zaman məsələsidir. Siyasətçi həmçinin hazırkı vəziyyətdə Azərbaycanda demokratikləşmə prosesinin qaçılmaz olduğunu hesab edir.
- Ukraynada müharibənin gözlənilməz nəticəsi: Türkiyədə günəbaxan yağı yoxa çıxıb
- Ukraynada müharibə nə ilə bitəcək? – azərbaycanlı siyasətçinin proqnozu
- “Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” – Bakıdan şərh
- Ukraynada müharibə. Azərbaycan kimin tərəfindədir?
Azərbaycanlı siyasətçi, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı “Turan” informasiya agentliyinə müsahibəsində bildirib ki, Ukraynada uduzulmuş müharibə nəticəsində Rusiyada dəyişikliklər qaçılmazdır. O, həmçinin ABŞ senatının RF prezidenti Vladimir Putini hərbi cinayətkar kimi tanımasına diqqət çəkir və onun sözlərinə görə, bu vəziyyətdə Azərbaycan hakimiyyətinin manevr imkanı praktiki olaraq qalmır.
“Əliyev öz tərəfini seçməlidir. Rusiya və Qərb arasında balansı qorumaq yaxın gələcəkdə mümkünsüz olacaq”, – o deyib.
Sosial şəbəkədəki səhifəsində Azər Qasımlı mövzunu davam etdirib, Azərbaycan və digər Cənubi Qafqaz ölkələrinin gələcəyi ilə bağlı fikirlərini paylaşıb.
“Bu gün Azərbaycanın ən fundamental problemi xalqın öz rəhbərlərini, öz parlamentini seçə bilməməsi və azad iqtisadi mühitin olmamasıdır. Hamı üçün bərabər fürsətlərin açılması və demokratiyanın ölkəmizdə qalib gəlməsi üçün ən vacib iki şərtə ehtiyac var.
Birincisi, bunu mümkün edən demokratik təsisatların formalaşmasıdır.
İkincisi isə hakim siyasi-iqtisadi-mədəni elitanın dəyişməsidir.
Son 100 ildə iki dəfə şansımız olub. 1918-də və 1991-də.
1918-1920-də bunu etmək mümkün olmadı, çünki ölkəmiz Rusiya tərəfindən işğal edildi. 1992-də isə bunu edə bilmədilər. Lakin ikisində də demokratik fürsət yalnız tektonik geosiyasi dəyişikliklə, Rusiya imperiyasının və SSRİ-nin süqutu nəticəsində yaranmışdı.
Bu gün Ukraynada gedən müharibə və bu müharibə nəticəsində Putinin hakimiyyətdən getməsi və ya Rusiyanın təcrid olunması Azərbaycanda demokratik dəyişikliyə yol açacaq.
Azərbaycan xalqının bu gün əsas missiyası bu dəyişikliyi həyata keçirməkdən ibarətdir. Cəmiyyətimizin əsas işi məhz demokratik keçidi təmin etməkdir.
1918-də də, 1991-də də Ermənistan eyni səhvi etdi – başqa ölkələrin yardımı ilə işğalçı siyasət yürütdü, müharibəyə, kinə və şiddətə yol açdı. Cənubi Qafqazı geriyə salan, ayağımızdan dartan əsas amillərdən biri də bu idi.
Cənubi Qafqaz dövlətlərinin suverenliyi və inkişafı regionumuzda sülhü qorumaqdan, əməkdaşlıqdan, kənar ölkələrin əlində alət olmamaqdan asılıdır. Bu gün Azərbaycanın, Gürcüstanın və Ermənistanın müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsas sabitləşdirici amildir. Bu siyasətin əksi heç kimə qazanc gətirməyəcək.
İndiki həssas dönəmdə hamımızın üzərində böyük məsuliyyət var. Tarixi məsuliyyətimizi dərk etməli və buna görə davranmalıyıq.
Əminəm ki, keçmiş SSRİ-dən qalan elitanı da yola salmağı bacaracaq, demokratik təsisatları da yarada biləcəyik. Demokratiya fürsətini bir daha qaçırmayaq!” – Qasımlı Facebook-da qeyd edib.