Niyə keçmiş baş nazir İvanişvili Gürcüstanın ən populyar bankı ilə mübarizə aparır?
Gürcüstanın ən iri bankı olan “TBC-bank”ın müşahidə şurasının sədri Mamuka Xazaradze və onun müavini Badri Caparidzeyə qarşı cinayət işi qaldırılıb.
Mamuka Xazaradzenin çirkli pulların yuyulması ittihamı ilə həbs olunacağı istisna edilmir. Çoxları onun sonunun rusiyalı oliqarx Mixail Xodorkovskinin sonu ilə eyni olacağını deyir. Qeyri-hökumət təşkilatlarının nümayəndələri və analitiklər prokurorluğun atdığı addımları siyasi motivli adlandırır, bütün bunların ölkəni qeyri-formal idarə edən Bidzina İvanişvilinin şəxsi göstərişi olduğunu bildirirlər.
Sadə vətəndaşlar da narahatdır. Çoxları “TBC-bank”dan əmanətlərini geri götürmək haqda düşünür.
JAMnews prokurorluğun ölkənin ən iri bankını nədə günahlandırdığı və bu işin niyə yalnız bir bank üçün yox, həm də bütün ölkə üçün vacib olduğu haqda danışır.
_____________
17 milyonun yuyulması hekayəsi. Prokurorluq nə axtarır?
Gürcüstanın Baş Prokurorluğunda ölkənin ən iri banklarından biri olan “TBC-bank”a qarşı cinayət işi qaldırılıb. İttiham çox ciddidir – qeyri-qanuni daxilolmaların leqallaşdırılması və ya çirkli pulların yuyulması. Söhbət 17 milyon dollardan gedir.
•Gürcüstanı idarə edən şəxs nələr deyib? Seçkilərə beş gün qalmış İvanişvili müsahibə verib
Prokurorluğun “TBC-bank”dan sənədləri tələb etdiyi və işi araşdırdığı haqda məlumat KİV-də yanvarın 8-də yer alıb. Daha sonra prokurorluq aydınlıq gətirib ki, istintaq hələ ötən ilin may ayında başlayıb, avqustda isə banka qarşı cinayət işi qaldırılıb.
Prokurorluğun araşdırdığı iş 2008-ci ildə qeydə alınıb. Prokurorluğun bəyanatında deyilir ki, 11 il əvvəl aprel ayında “TBC-bank” “Samqori M” və “Samqori Treyd” şirkətlərinə dövriyyə vəsaitlərini artırmaq üçün 17 milyon dollar verib. Həmin bəyanatda oxuyuruq ki, sən demə, ssudanın verilməsi sürətləndirilmiş qaydada və prosedur pozuntuları ilə həyata keçirilib.
Daha sonra isə bunlar baş verib: bankın müşahidə şurasının sədri Mamuka Xazaradzenin və onun müavini Badri Caparidzenin hesablarına 17 milyon dollar köçürülüb. Bu vəsaiti “TBC-bank”dan həmin pulu borc alan şirkətlər onların hesabına köçürüb. Prokurorluq iddia edir ki, bu 17 milyon bu günə qədər də “TBC-bank”a qaytarılmayıb.
Üstəlik 2012-ci ildə “TBC-bank” ümumiyyətlə “Samqori M” və “Samqori Treyd” şirkətlərini borc öhdəliklərindən azad edib və bu 17 milyonu offşorlarda qeydiyyatdan keçmiş şirkətlərə keçirmələrinə icazə verib.
Prokurorluğun bəyanatından aydın olmur ki, niyə bu vəsaiti “çirkli pullar” adlandırır.
İstintaq davam edir. Əgər ittiham sübuta yetirilərsə, ölkənin ən məşhur bankirinin barmaqlıq arxasına düşəcəyi istisna deyil.
Daha bir maraqlı detal – “Samqori M” və “Samqori Treyd” biznesmen Avtandil Tsereteliyə məxsusdur. “TV Pirveli” teleşirkəti də onundur. “TV Pirveli” kiçik olsa da, yalnız Tbilisidə yayımlanan və müxtəlif zamanlarda, müxtəlif səbəblərdən dövlət telekanallarından gedən xeyli populyar jurnalistin çalışdığı yetəri qədər uğurlu teleşirkətdir.
“TBC-bank”ın cavabı
“TBC-bank”dan ittihamları rədd edirlər və bildirirlər ki, prokurorluğun “çirkli pulların yuyulması” adlandırdığı iş dövlət qurumlarının, beynəlxalq auditrların və hətta Milli Bankın dəfələrlə yoxladığı “adi qanuni bank əməliyyatıdır”.
Heç kim bu işdə heç bir pozuntu üzə çıxarmayıb.
TBC-bank Gürcüstanın 2 milyona yaxın müştəriyə xidmət göstərən aparıcı banklarından biridir. 1992-ci ildə yaradılıb. Aktivlərinə görə ölkənin birinci bankıdır və depozit seqmentinə görə liderdir. TBC-də törəmə strukturları da nəzərə alsaq, 7 min nəfərə yaxın insan işlə təmin olunub.
TBC-də işin “köhnə” olduğuna da diqqət çəkirlər. Bankın vəkili Zviad Kordzadze deyir ki, 2007-2008-ci illərdə Mamuka Xazaradze və Badri Caparidze kreditorlardan, fərdi şəxslərdən və beynəlxalq maliyyə institutlarından ümumilikdə 80 milyon dollar borc alıblar ki, öz banklarının kapital dövriyyəsini artırsınlar.
Onun sözlərinə görə, “Samqori”dən götürülən və bankın ehtiyaclarına xərclənən həmin 17 milyon da bu məbləğə daxildir.
“Çirkli pulların yuyulması üçün lazımdır ki, qeyri-qanuni daxilolmalar olsun və əməliyyatlar vasitəsilə onlar leqallaşdırılsın”, – vəkil Kordzadze deyir.
Mamuka Xazaradzenin sözlərinə görə, “baş verənlər ölkənin ən böyük maliyyə institutunun və onun banilərinin nüfuzuna mənfi təsir göstərir”.
Xazaradze həmçinin hesab edir ki, iş siyasi motivlidir. O, bildirir ki, mövcud olduğu 27 il ərzində “TBC-bank istənilən siyasi qüvvənin idarəçiliyi zamanında dəfələrlə hücum obyektinə çevrilib”.
İşin siyasi motivli olması ilə bağlı şübhələr hardandır?
Baş verənlərlə əlaqədar olaraq çox sayda versiya irəli sürülüb. Onların hamısını bir şey birləşdirir – heç kim prokurorluğun ölkənin ən mühüm maliyyə institutlarından birini Gürcüstanı qeyri-formal idarə edən Bidzina İvanişvilinin xəbəri və razılığı olmadan “süründürə” biləcəyinə inanmır.
– Bəziləri hesab edir ki, İvanişvili Xazaradzeni özünə siyasi rəqib görür və 2020-ci il parlament seçkiləri ərəfəsində siyasət meydanını təmizləyir;
– Digərlərinin fikrincə , Xazaradzeni ölkənin keçmiş baş naziri, Bidzina İvanişvilinin keçmiş favoriti və onu dərin məyusluğa uğratmış Giorgi Kvirikaşvili ilə dost münasibətlərinə görə, cəzalandırmaq qərarına gəliblər;
– İvanişvilinin “TBC-bank”ı ələ keçirmək niyyətində olması ilə bağlı da ehtimal səslənir;
– 2004-cü ildə Rusiyada Vladimir Putinin potensial rəqiblərinə, biznesmenlərə və media-maqnatlara – Qusinski, Xodorkovski və digərlərinə hücum etməsi ilə hazırkı olaylar arasında paralellər görənlər də var.
– Ekspertlər “TBC-bank”a qarşı cinayət işi qaldırmaqla İvanişvilinin “bir daşla iki quş” vurduğuna – bankir Mamuka Xazaradze və getdikcə populyarlaşan “TV Pirveli” telekanalının sahibi Avtandil Tseretelini zərərsizləşdirdiyinə də diqqət çəkirlər.
Anakliya – əsas versiya
Amma yenə də bu işin əsas versiyası Anakliya limanı ilə bağlıdır.
Bu versiyaya görə, İvanişvili məhz “TBC-bank”ın Gürcüstandakı mühüm layihənin – Anakliya limanının inşaatına cəlb olunmasındın qəzəblənib. İvanişvili özü də bunu gizlətmir.
•Gürcüstanda ilk dərinsulu limanın inşası başlayıb. Fotoreportaj
•ABŞ-ın dövlət katibi: “Gürcüstanın NATO-ya daxil olacağı zamanı səbrsizliklə gözləyirik”
Siyasətə qayıdandan sonra verdiyi müsahibələrin birində İvanişvili bəyan edib ki, Gürcüstanda iki bank – “TBC-bank” və “Sakartvelos banki” “bütün ölkəni yeyib”.
Həmin müsahibədə İvanişvili o zamankı baş naziri də bu bankların maraqlarının lobbiçiliyi ilə məşğul olduğu üçün tənqid edib. İvanişvili Anakliya limanının inşaatında iştirak etmək üçün keçirilən tenderi “TBC-bank”ın məhz Kvirikaşvilinin baş nazir oolduğu dövrdə qazandığını nəzərdə tutur.
Mamuka Xazaradzeyə məxsus olan, “TBC-bank”ın da tərkibinə daxil olduğu “TBC-group” “Anakliyanın İnkişaf Konsorsiumu”nun həmtəsisçisidir.
Öz növbəsində Anakliyada konsorsium möhtəşəm layihəni – Gürcüstanda ilk dərinsulu limanın inşasını həyata keçirir. Ekspertlərin fikrincə, bu gün bu, Gürcüstanda həyata keçirilən ilk belə layihədir.
Əhəmiyyətinə görə bu layihənin reallaşdırılmasını hələ Şevarnadze dövründə başlayan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə müqayisə edirlər.
Layihənin uğurla həyata keçirilməsində ABŞ da maraqlıdır. Buraya çox sayda fərdi Amerika sərmayələri yatırılıb. Liman Mərkəzi Asiyadan Avropaya və geriyə yüklərin daşınmasına imkan verən mühüm infrastruktur layihəsidir.
Gürcüstanın ilk dərinsulu limanı Türkiyənin və digər region ölkələrinin limanları ilə rəqabətə iddialıdır.
Layihə maliyyə cəhətdən həcmlidir. Buraya yatırılan sərmayənin ümumilikdə həcmi 2,5 milyard dollar təşkil edir.
Müxalif Milli Hərəkat Partiyasının üzvü Roman Qotsiridze də bu versiyanın tərəfdarıdır:
“Anakliya limanı Qərbin Gürcüstana marağınnı artırıb. Müvafiq olaraq Kvirikaşvili və Xazaridzenin siyasi planda yerlərini möhkəmləndirmək imkanları yaranıb. Bunu əlbəttə ki, İvanişvili hiss edib və bu perspektivi bəri başdan məhv edib”.
Politoloq Qiya Nodiya hesab edir ki, “maliyyə qurumuna qarşı siyasi motivli və mütəşəkkil kampaniya göz qabağındadır”. Onun fikrincə, əsas versiya Anakliya limanıdır.
“Kvirikaşvilinin istefasından sonra İvanişvilinin onun dostu Mamuka Xazaradze ilə də düşnüşəcəyi gözlənilən idi”, – Nodiya deyir .
“TBC-bank”dan əmanətləri geri götürməli? Nüfuzlu maliyyə institutuna vurulan zərbənin fəsadları nə olacaq?
“TBC-bank” London fond birjasında iştirak edən şirkət, Gürcüstanın 27 illik iş təcrübəsi olan ən iri sistemli banklarından biridir. Bank Gürcüstanda etibara sahibdir. Əhalinin orta təbəqəsi arasında xüsusilə populyardır. Bir çox şəhər sakinlərinin əmanətləri və ya şəxsi hesabları məhz bu bankdadır.
Gürcüstanın ən yeni tarixi (1990-cı illər) bankların iflası və insanların öz əmanətlərini itirməsi hekayələri ilə zəngindir. Bu kimi hallarla bağlı xatirələr hələ də canlı olduğu üçün prokurorluğun “TBC-bank” ətrafında həyata keçirdiyi əməliyyatlar insanlarda qeyri-stabillik hissinin yaranmasına səbəb olub.
Gürcüstanda cəmi 16 kommersiya bankı var. Ölkənin Milli Bankı 2018-ci ilin üçüncü rübü üçün fəaliyyətdə olan bankların maliyyə göstəricilərini açıqlayıb.
Ötən ilin yanvar-sentyabr aylarında “TBC-bank” ən çox gəlirə sahib olan bank olub – 262 milyon lari, bu da bank sektorunun ümumi gəlirinin 44 faizini təşkil edir.
“TBC-bank”ın gəlirləri daha əvvəlki ilin anoloji göstəriciləri ilə müqayisədə 23 faiz yüksəlib. Gürcüstanın ən gəlirli banklarının ilk beşliyinə bunlar daxil olub:
“TBC-bank”, “Sakartvelos banki”, “Liberti banki”, “VTB-bank” və “Bazisbank”.
Milli Bank ölkə əhalisini sakitləşdirməyə çalışıb.
Xüsusi olaraq yayılan bəyanatda deyilir ki, “TBC-bank” sağlam kredit təşkilatıdır, onun aktivləri satılandır [satılan və ya maliyyə təminatlı o deməkdir ki, bank sürətli satış üçün dəyərli əşyalara sahibdir – JAMnews] və müştəriləri üçün heç bir maliyyə təhlükəsi mövcud deyil.
Bir zamanlar İvanişvilinin yaxın çevrəsinə daxil olan iqtisadi məsələlər üzrə ekspert Qiya Xuxaşvili “TBC-bank” ətrafında cərəyan edən hadisələri sabotaj adlandırır. Onun sözlərinə görə, yalnız bankın özü yox, bütün ölkə risk altındadır. Hərçənd eyni zamanda o, “TBC-bank”a qarşı qaldırılan cinayət işinin yaxın zamanda bağlanacağını proqnozlaşdırır, çünki bu işin heç bir perspektivi yoxdur:
“Qətiyyən aydın deyil ki, istintaq nəyə əsasən çirkli pulların yuyulmasından danışır. Bu işin digər problemi də var – köhnəlib”.
“Gürcüstanın yeni iqtisadi məktəbi” təşkilatının vitse-prezidenti Qiya Candieri deyir ki, “TBC-bank” ətrafında baş verənlər ölkənin beynəlxalq imicinə və müvafiq olaraq sərmayəçilərin əhvalına mənfi təsir göstərir.
“İnvestor görəndə ki, bank sektorunun bu cür güclü oyunçusuna dövlət belə açıq hücum edə bilirsə, o zaman o, öz kapitalı ilə bizim ölkəmizə gəlməzdən öncə yüz dəfə düşünməli olacaq”, – Candieri deyir.
Bankir Xazaradze siyasətə qatılacaq?
Mamuka Xazaradze hələ ötən prezident seçkiləri zamanı İvanişvili ilə korlanmış münasibətlərini nizamlamağa və öz loyallığını sübut etməyə çalışmışdı (“TBC-bank” xüsusi bəyanatla öz əməkdaşlarını hökumətyönlü namizədi dəstəkləməyə çağırmışdı).
Amma o da faktdır ki, Xazaradzenin bu cəhdləri İvanişvili üçün yetərli olmayıb.
Bu gün Xazaradze hakimiyyət üçün az qala bir nömrəli düşmən statusundadır və ona qarşı informasiya kampaniyası aparılır.
2018-ci il prezident seçkiləri zamanı müxalif namizəd Qriqol Vaşadzeyə qarşı işləyən Facebook-dakı anonim səhifələr, şübhəli veb-saytlar bu gün Xazaradzenin sıradan çıxarılması ilə məşğuldur.
Siyasi müşahidəçilərin bir qismi hesab edir ki, özünümüdafiə üçün Mamuka Xazaradze yalnız siyasətə getməli və mübarizəni siyasət meydanında davam etdirməli olacaq. Bu ssenarini müxalif Avropa Gürcüstanı partiyasının lideri Qiqi Uqulava da istisna etmir. O bu haqda öz Facebook səhifəsində müvafiq paylaşım edib.