“Niyə Fransa bizim regionda başqa cür deyil, məhz belə davranır?” Bakıdan baxış
Erkin Qədirli Fransanın Qafqaz siyasəti haqqında
Fransa Ermənistanın ənənəvi müttəfiqlərindən biridir. Fransa rəsmilərinin rəsmi Bakıya üz tutmadan Laçın keçid məntəqəsi vasitəsilə Qarabağın erməni əhalisinə humanitar yardım çatdırmaq cəhdi Azərbaycanda hiddətə səbəb olub. Milli Məclisin deputatı Erkin Qədirli Fransanın Cənubi Qafqazdakı davranışını təhlil edərək “Niyə Fransa bizim regionda başqa cür deyil, məhz belə davranır?” sualına cavab verməyə çalışıb.
- “Qarabağı tərk edən Rusiya vətəndaşları və tələbələrdir”. Bakıdan şərhlər
- EFJ “Azadlıq Radiosu”nun Azərbaycan ofisindəki böhranla bağlı müstəqil araşdırma tələb edir
- “Belə uzun müddət davam edə bilməz” Bakıdan şərh
Parisin Londonla qarşıdurması
“Niyə Fransa bizim regionda başqa cür deyil, məhz bu cür davranır? Bu barədə dəfələrlə danışmışam, yazmışam. Dərhal qeyd edim ki, söhbət səbəblərdən və ya reaksiyalardan yox, maraqlardan gedir”, – Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, müxalif Respublikaçı Alternativ Partiyasından Milli Məclisin deputatı Erkin Qədirli bildirib.
Deputatın sözlərinə görə, Parisin Qafqaz siyasətinin əsas səbəbi Londonla qarşıdurmasıdır:
“Hamı bilir ki, Fransanın Britaniya ilə çox uzun (bir neçə əsrlik) geosiyasi qarşıdurması var. Hətta bu qarşıdurma Fransa və İngiltərənin müttəfiq olduqları və ümumi düşmənlərə qarşı vuruşduqları zamanlarda da dayanmadı. İndi də onlar eyni ittifaqdadırlar (NATO). Lakin ittifaqlar Fransanın Britaniyaya qarşı siyasətinin mahiyyətinə heç vaxt təsir etməyib. Eyni sözləri İngiltərənin Fransaya qarşı siyasəti haqda da demək olar. Amma bizi burada maraqlandıran Fransadır, çünki Britaniya bizim üçün dost ölkədir, Fransa isə Azərbaycana qarşı açıq-aşkar əğyar kimi aparır.
Sual budur ki, niyə? Fransa Ermənistanda nə tapıb? Heç nə! Ermənistan burada ümumiyyətlə subyekt deyil, obyektdir”.
“Faşoda sindromu”
“Fransa Britaniya ilə qarşıdurmada öz maraqlarını güdür. Bu, Fransanın strategiyasıdır. Bu strategiyanın hətta adı da var – “Faşoda sindromu”. Afrikada keçirilmiş uğursuz hərbi avantüraya görə belə adlandırılıb. 19-cu əsrin sonlarında fransızlar İngiltərənin nəzarətində olan Sudanın cənubunu – Faşoda qəsəbəsini zəbt edirlər, sonra isə döyüşmədən biabırçı şəkildə geri çəkilməyə məcbur olurlar.
O vaxtdan bəri “Faşoda sindromu” Fransanın Britaniyaya qarşı siyasətində əsas müəyyənedici amil olub. Qısaca onu belə formalaşdırmaq olar – İngiltərəni dünyanın heç bir yerində tək qoymamaq. Harada Britaniya varsa, Fransa da orada olmalıdır”, – Qədirli deyir
Fransızların Azərbaycana “girmək” cəhdləri haqda
Milli Məclisin deputatı Britaniyanın Azərbaycanda mövqeyinin çox güclü olduğunu vurğulayır. Bunu neft, qaz, təhlükəsizlik və s. kimi sahələrdə görmək asandır.
“Fransızlar uzun müddət Azərbaycan iqtisadiyyatından pay almağa, müxtəlif layihələr həyata keçirməyə çalışdılar, lakin geosiyasi mövqelərini möhkəmləndirə bilmədilər. İki Fransa prezidentinin (Sarkozi və Ollandın) Azərbaycana səfərləri də yaddan çıxmamalıdır. Lakin İngiltərəni sıxışdıra bilmədilər.
“Faşoda sindromu”nun ehtiyat variantı var. Əgər Fransa İngiltərənin olduğu bir ölkədə mövqe qazana bilməsə, o zaman qonşu ölkədə möhkəmlənməlidir. Makronu istədiyiniz qədər söymək olar, amma o, açıq-aşkar “Faşod sindromu” ilə hərəkət edir – o, İngiltərənin bütün regionu ələ keçirməsinə imkan verməmək üçün Ermənistanda Fransanın mövqeyini gücləndirməyə çalışır. Ona görə də Fransa Zəngəzur dəhlizinə qarşı çıxır və Azərbaycanın maraqlarına xələl gətirən hərəkətlər edir”, – deyə siyasətçi əlavə edib.
“Fransa burada çox qalmayacaq”
Erkin Qədirlinin fikrincə, gec-tez Fransa Qafqaz regionunu tərk etməli olacaq:
“Ona görə də Ermənistan yaltaqlanmamalı və Fransa haqqında müttəfiqlik illüziyaları qurmamalıdır. Fransa burada çox qalmayacaq, o, Cənubi Sudanın Faşoda qəsəbəsini tərk etməli olduğu kimi buradan da getməyə məcbur olacaq.
Həm də ona görə ki, Fransa öz siyasətini qurmur, İngiltərənin siyasətinə uyğunlaşır. Məhz bu səbəbdən də Fransa bizim regionda özünü belə prinsipsizcə aparır, bununla da İran və Rusiyanın əlinə oynayır”.