Niyə də yox?
Futbol üzrə dünya çempionatı 2018-in Avropa təsnifatının növbəti oyunları keçirildi, indi də yenidən bütün diqqət daxili çempionatlar və Avropa kuboklarına yönəlib. Növbəti oyunlar ancaq noyabrda baş tutacaq, buna görə də uzun-uzadı nəticələri müzakirə etmək və şansları təhlil etmək üçün vaxtı qalır. Həm də azərbaycanlı azarkeşin də danışmağa sözü var.
Ölkənin milli yığması xorvat Robert Prosineçkinin rəhbərliyi altında cari dövrə çox yaxşı başladı. Sentyabr ayında yığma San-Marinoya onun meydanında qalib gəldi, amma bu uğur o qədər də böyük sevinclə qarşılanmadı. Kollektiv həddən artıq həvəssiz, maraqsız və hətta bir qədər qorxa-qorxa oynadı. Buna görə də Prosineçki və kompaniyası Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevdən tutmuş sıravi azarkeşə qədər demək olar ki, hamıdan öz tənqid payını aldı. Xorvat inandırmağa çalışdı ki, qarşıya əsas məqsəd kimi nəticəni qoymuşdu, oyun isə növbəti dəfələrdə düzələcək. Sözünün üstündə də durdu.
Cari ayda Azərbaycan millisini iki xeyli daha vacib və daha çətin oyun gözləyirdi – evdə Norveç və qonaqda Çexiya ilə. İş elə gətirdi ki, hər iki komanda bizimlə oyuna bir qədər incik vəziyyətdə çıxırdı. Misal üçün, skandinaviyalılar Bakıya öz ölkələrində Almaniyaya 0:3 hesabı ilə uduzandan sonra gəldilər və acıqlarını da daha zəif olan azərbaycanlılardan çıxmağa hazırlaşırdılar. Amma alınmadı.
Prosineçki əvvəlcədən xəbərdarlıq etdi ki, uğursuzluqlarla razılaşmağa hazırlaşmır. O bildirdi ki, indiki tərkibdə potensial görür, futbolçular isə öz üzərində yaxşı işləməklə peşəkarlıqlarını artıra və statusundan, böyük reqaliyalarından asılı olmayaraq istənilən rəqibə qarşı çıxa bilərlər. Bu mənada Norveç heç də ən güclü rəqib deyildi. Buna görə də Azərbaycan yığması özünü çox gözlətmədi. Bakının Olimpiya stadionunda keçirilən görüşün artıq 11-ci dəqiqəsində ev sahibləri lazım olan vaxt özünü lazım olan yerə çatdıran müdafiəçi Maksim Medvedevin səyləri ilə qabağa çıxdılar. Sürətli qol, tribunaların dəstəyi, qələbəyə görə yaxşı mükafat almaq perspektivi – futbolçuya motivasiyanı itirməmək və sonuna qədər mübarizə aparmaq üçün daha nə lazımdır ki?
Bir az da bəxti gətirən Azərbaycan yığması qalibiyyəti özündə saxladı və dalbadal ikinci qələbəni öz aktivinə yazdı ki, əvvəllər belə bir şey olmamışdı. Yeri gəlmişkən, Norveç üzərində qələbə də yığmanın tarixində ilk qələbə oldu. Oyundan sonra komanda məşqçisi ilə birlikdə tərif və təbriklərə layiq görüldü, Prosineçkinin özü isə qaşqabaqla jurnalistləri bədbinlikdə qınadı. Yəni ki, mən həmişə uşaqlara inanmışam, siz isə yox, buna görə də norveçlilər üzərində qələbəni sensasiya kimi qəbul edirsiz.
Sonrası daha yaxşı oldu. Azərbaycan komandası Çexiyaya yola düşdü, Çexiya da artıq elə həmin almanlara elə həmin hesabla (0:3) məğlub olub, evində isə Şimali İrlandiya ilə heç-heçə oynamışdı (0:0). İndi necə düşünürsüz, bütün bunların acığını onlar kimdən çıxarmaq istəyirdilər? Düzdür! Oyundan əvvəl verdikləri bəyanatlarda çex futbolçuları istehza ilə Azərbaycan yığmasının uğurlarından söz açır və ağıllarına belə gətirmirdilər ki, bu Qafqazdan gələn qonaqlara toxuna bilər. Komandanın məşqçisi Karel Yarolim bir az da qabağa gedərək, Prosineçkinin bir məşqçi kimi imkanlarından xəbərsiz olduğunu dedi. Yəni yaxşı futbolçu olub, “Real və “Barselonada oynayıb, amma ondan məşqçi çıxarmı? Yox, əmin deyiləm…
Qonaqlar Ostravada keçirilən oyuna kadr itkisi ilə çıxdılar – yığmanın kapitanı, milli yığma uğrunda keçirilən oyunların sayına görə rekordsmen olan Rəşad Sadıqov aldığı zədəyə görə ehtiyatda qaldı, onu ciddi zədə alması səbəbindən son iki ayı oynamayan Bədavi Hüseynov əvəz etdi.
Çexlər rəqibi uzaq məsafədən yarmağa, kombinasiyalar qurmağa, cinahlardan hücuma keçməyə çalışsalar da bunun bir xeyri olmadı. Prosineçkinın komandası yay kimi hərəkət edirdi – lazım olan an meydanın özü oynadığı hissəsində sıxılır, lazım olanda sürətlə açılaraq, rəqib komandanın qapısı üçü təhlükəli vəziyyət yaradırdı. İki-üç dəfə çexlər az qala top buraxacaqdılar ki, bu da onların panikaya düşməsinə səbəb oldu və daha diqqətli oynamağa məcbur etdi.
Ədalət xətrinə demək lazımdır ki, Azərbaycan yığmasının Ostravada bir az da bəxti gətirdi. Rəqib daha fəal və daha cəld görünürdü. Amma idmanda bəxtin də gətirməlidir axı. Axı ən böyük idmançılar belə heç də hər bir oyunun hər hissəsində heç də həmişə ən güclü olmurlar.
İstənilən halda heç-heçə nəticəni hazırda topladığı 7 xalla qrupda ikinci yerdə olan və dünya çempionatının final mərhələsinə keçməyə namizədlərdən biri kimi görünən Prosineçkinin komandasının aktivinə daxil etmək olar. Sevindirici bir haldır ki, Azərbaycan indiki seçmə mərhələsində Almaniya, İngiltərə və Belçika ilə birlikdə bir dənə də olsun top buraxmayan dördlüyə daxildir.
İndiki seçmə mərhələsində AFFA milli yığma üçün “Niyə də yox? şüarını seçib. Bu şüar demək olar ki, hər addım başı – afişalarda və oyun biletlərində, rəsmi bəyanatlarda və qeyri-rəsmi söhbətlərdə, brifinqlərdə, mətbuat konfranslarında və hətta sosial şəbəkələrdə xatırlanır. Görünən odur ki, futbol cəmiyyətinin özü “sözün qüdrətinə inanıb, indi də Azərbaycan millisindən yeni uğurlar gözləyir. Böyük uğurlar! Axı niyə də yox?
Dərc olunub: 17.10.2016