Nişansız kənd
İsti yaz günüdür. Orta yaşlı kişi bağda işləyir. O, əlindəki bellə alma ağacının ətrafında torpağı belləyir. Bizi görən kimi iş əlcəklərini dəmir darvazadan asaraq, evinə dəvət edir.
Artıq silinmiş yaşıl rəngli qapını açaraq, həyətə giririk. İki mərtəbəli evin geniş yarısökülmüş eyvanı və şüşəsiz iri pəncərələri var. Dam ya hisdən, ya da alovdan qaralıb. Divarlar dağılıb, döşəmə bəzi yerlərdə qırıq-qırıqdır. Ətrafda mebel və digər məişət əşyalarının qırıntıları – çaydan qulpu, boşqab fraqmenti, stul söykənəcəyi atılıb qalıb. Bir vaxtlar bu divarı qəşəng çəhrayı güllü şpaler bəzəyirdi. İndi onun ancaq adda-budda parçaları qalıb.
– Bəzən biz burada güllə gilizləri də tapırıq, – bunu bizə deyən ev sahibi evinə baxmağı təklif edir. Bu böyük evdə ancaq bir otaq yaşayış üçün yararlıdır. Kiçik masa, stul, divar dolabı, çarpayı və odun sobası dörd kvadrat metrlik sahədə güclə yerləşir.
Bu böyük evin balaca otağında Tariel Taziaşvili və onun xanımı Meri yaşayırlar. Bura münaqişə zonasıdır. Zardiaantkari kəndi.
Marana kəndindən yan keçən asfalt yol çalalı yolla əvəz olunur – Zardiaantkari kəndinə gəlib çıxmaq üçün bu yolla getmək lazımdır – bu kəndin nişanı yoxdur.
Zardiaantkari kəndi de-fakto Cənubi Osetiya ilə sərhəddə yerləşir. Burada etnik gürcü və osetin əhalisi yaşayır.
2008-ci il avqust müharibəsi zamanı kənd demək olar ki, boşaldı. Müharibədən sonra Zardiaantkari kəndini bufer zonasına aid etdilər. Rəsmi olaraq onun ərazisi gürcü tərəfinin nəzarəti altındaydı, amma faktiki olaraq burada nə Rusiya, nə Osetiya, nə də Gürcüstan tərəfinin nəzarəti həyata keçirilməyib. Yerli gürcü əhalisi 2012-ci ildə kənddə gürcü postu yerləşdirilənə qədər bura qayıda bilmirdi. Hazırda bu kənddəki 25 ailə faktiki olaraq iki post arasında yaşayır: kəndin bir ucunda Rusiya-Osetiya postu yerləşir, digər tərəfdə isə Gürcüstan polisi durur. İki il ərzində gürcü postu Tariel Taziaşvilinin yarıdağılmış evində yerləşirdi, bu zaman ev sahibindən bunun üçün icazə alan olmamışdı. Bir müddət əvvəl hüquq-mühafizə orqanları evi tərk edərək, postu qonşuluğa köçürdülər.
Gürcüstanın dövlət bayrağı da burada dalğalanır. Gürcüstanın hüquq-mühafizə orqanlarının burada yerləşməsi kəndlilərə təhlükəsizlik zəmanəti versə də, evinə qayıdan əhalinin yaşayış üçün elementar şəraiti yoxdur. Zardiaantkari kəndinin sakinləri münaqişə zonasıda yerləşən çoxlu sayda digər kəndlərin sakinləri kimi suyun yoxluğundan əziyyət çəkirlər. Sakinləri əsasən kənd təsərrüfatı ilə dolanan regionda suyun yoxluğu böyük iqtisadi zərərə səbəb olur.
Zardiaantkaridə bu gün ancaq bir içməli su quyusu işləyir ki, o da bir neçə il əvvəl quraşdırılıb. Bu il nəhayət içməli su çəni də qoyuldu, quyu suyu burada yığılaraq, kənd evlərinə ötürülür. Suyun keyfiyyəti tələb olunan normalara cavab verməsə də, bu təbii nemət artıq arzuya çevrildiyi bu yerdə buna görə şikayət edən olmur. İçməli su rezin borularla bütün evlərə qrafik üzrə, gündə iki dəfə verilir. Suvarma üçün lazım olan suyun təchizatı məsələsi isə hələ də həll olunmamış qalır. Bu səbəbdən də burada nə şaftalı, nə də alma yetişdirə bilirlər. “Heç bilmirəm, zəhmətimin bir bəhrəsi olacaqmı… Bu qədər əzab-əziyyətə dəyərmi? Sonra da fikirləşirəm ki, bəlkə birdən sulamaq üçün su verdilər, ağaclarım isə bellənməmiş qalıb, pis olacaq axı, – o deyir.
İşıqsız qalan kənddə elektrik enerjisi xətlərini ancaq 2013-cü ildə bərpa ediblər. Bu il də təbii qaz çəkiblər. Amma bu nemətlərdən heç də hamı faydalana bilmir. Misal üçün, Tariel Taziaşvilinin evi o dərəcədə zədələnib ki, ona qaz borusu çəkməkdən imtina ediblər – bunun təhlükəli olduğunu deyiblər. Yerlilərin aktual problemlərindən biri də ziyan dəymiş evlərin reabilitasiyası məsələsidir. Əksər evlər hərbi əməliyyatlar zamanı zədələnib. Zardiaantkari kəndi rəsmi olaraq gürcü tərəfinin nəzarəti altında qaldığı üçün kənd sakinlərinə qaçqın statusu verilməyib. Evlərinin reabilitasiyası üçün də onlara vəsait ayırmayıblar.
Tina Qablişvili Zardiaantkaridə yaşayır. Onun bir mərtəbəli evi iki hissəyə bölünüb. Bir hissəsi yanıb, ikincisi isə yaşayış üçün yararlıdır.
2008-ci ildə Tina Qablişvilinin evi onun gözləri qarşısında yanıb. O bizə yoldaşı ilə gizləndiyi yeri göstərir. Evə görə ona kompensasiya verməkdən imtina ediblər, deyiblər ki, ev tam yanmayıb, ona görə də ona kompensasiya düşmür. İki il əvvəl Tinanın həyat yoldaşı vəfat edib, oğlu həbsdədir. Səhhəti pisləşib, əlləri əsir, dərman üçün isə pulu yoxdur.
O, artıq yazın gəlməyinə baxmayaraq, həyətini səliqəyə sala bilmədiyindən narahatdır. “O torpaq sahələrini görürsüz? Onları təklikdə necə becərim? Necə sulayım? Kəndin suyu yoxdur. Gələn qışı necə dolanacağımı, nə yeyəcəyimi də artıq bilmirən… Baxın, necə çirkli su verirlər, – deyə Tina su kranını açır. Amma rezin borudan bu dəfə heç nə axmır.
Kənddə əsasən yaşlı nəsil qalıb. Yerli gənclərin bir hissəsi Qoridəki uşaq bağçasının binasında yaşayır, qalan hissəsi isə dolanışıq üçün Tbilisiyə yollanıb. Heç də bütün Zardiaantkari kəndinə qayıdan sakinlər dövlətdən sosial yardım almırlar. Onların yeganə gəlir mənbəyi pensiyalarıdır. İndi daha çox xarabalığa oxşayan evi Tariel Tazişavili uzun illər boyu tikib. Əvvəl atasıyla, sonra da tək. Evin tikintisini bitirəndən sonra yeni həyata başlayacağını düşünürdü, amma münaqişə imkan vermədi. İndi də o dağıdılmış evini nəvələri üçün bərpa etməyi arzulayır.
Kömək üçün müxtəlif instansiyalara müraciət etsə də, bu bir nəticə verməyib. Taziaşvilinin evinin bərpa edilməsi məsələsini Gürcüstan xalq müdafiəçisi aparatı – ombudsmen ofisi araşdıraraq, ölkənin DİN-ə evin bərpa edilməsi tövsiyəsilə müraciət edib. “İki il ərzində mənim evimdə polis postu olub. Müharibə vaxtı olunan dağıntılara yeni ziyan da əlavə edilib. İndi isə onlar evi bərpa etməkdən boyun qaçırırlar, – Taziaşvili deyir. Gələcək haqqında danışanda səsində qəmginlik və ümidsizlik sezilir. Xoş xatirələri ancaq komunizm dövrü, gənc olduğu vaxtlarla bağlıdır, o vaxt onun işi varıydı, münaqişəninsə adı belə çəkilmirdi.
“Yaxşı vaxtlarıydı. Sərhədlər açıq. İndisə hamı ehtiyac içindədir, məzlum bir həyat sürürük. Avropa ilə ticarət qurulsaydı, sərhədlər açılsaydı, yaxşı olardı, indi biz bağlı qapılar arxasında qalmışıq. Heç yerə çıxış yoxdur. Biz Avropa, o cür böyük ölkələrlə bir olsaq, Rusiyanın artıq bizə qarşı hərəkət etməyə cürəti çatmayacaq, əks halda, Rusiya tərəfindən bizi böyük təhlükə gözləyir, onlara bel bağlamaq olmaz. Bizim yerli osetinlər isə yaxşı insanlardı, biz burada onlarla birlikdə böyümüşük.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 31.03.2016