Ermənistanın baş naziri ermənilərin Azərbaycanın nəzarətində olan kəndlərə qayıtmasını gözləyir
Ermənilərin Azərbaycanın nəzarəti altına keçən Qarabağ kəndlərinə təhlükəsiz qayıdışının zəminini yaratmaq lazımdır. Bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan TASS agentliyinə müsahibəsində deyib.
O hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini davam etdirmək lazımdır. Paşinyan Ermənistan tərəfinin mövqeyinin dəyişmədiyi Dağlıq Qarabağın statusunun müzakirəsinin vacib olduğunu bildirib.
Paşinyan müsahibəsində münaqişə zonasında hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli bəyanat imzalanandan sonra ölkədəki daxili siyasi vəziyyət haqda da danışıb.
- 11 mindən çox insan Dağlıq Qarabağa, evlərinə qayıdıb
- Qarabağ: Rusiya və Türkiyə sülhməramlıları, Azərbaycan və Ermənistan hərbçiləri – kim hansı mövqelərdədir? Xəritələrlə izah
Erməni qaçqınlar haqda
Ermənistanın baş naziri bəyan edib ki, üçtərəfli bəyanat çərçivəsində Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altına keçən rayonlarından qaçqın düşən ermənilərin evlərinə qayıtması razılaşdırılıb:
“Bu müddəaya əsasən, konkret mexanizimlər, konkret təhlükəsizlik təminatları yaradılmalıdır və bütün bu prosesi təmin və təşkil etmək lazımdır. Bu proses danışıqlar prosesi üçün ilk növbəli olmalıdır”.
Daha əvvəl Ermənistan hökuməti 10 noyabr tarixli üçtərəfli razılaşmaya əsasən, Qarabağ ərazisində Azərbaycanın nəzarəti altına keçən yaşayış məntəqələrinin – şəhərlərin və kəndlərin (ümumilikdə 121) siyahısını dərc edib.
Regionda sülhməramlıların qalacağı müddət haqda
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Dağlıq Qarabağda atəşkəs haqda imzaladığı razılaşma beş il müddətində atəşkəs rejiminə nəzarət etməli olan Rusiya sülhməramlılarının regiona yerləşdirilməsini nəzərdə tutur. Üstəlik sülhməramlıların qalmasının avtomatik uzadılması imkanı da müəyyən edilib.
“Beşillik müddətdə, əlbəttə ki, regionda təhlükəsizlik və stabillik təminatı yaratmaq lazımdır. Amma Qarabağ münaqişəsi uzunmüddətli olduğu üçün mən düşünmürəm ki, Rusiya sülhməramlılarının regionda qalması beşillik müddətlə məhdudlaşacaq”, – Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, hazırkı məqamda Dağlıq Qarabağda və regionda stabilliyi və Qarabağ vətəndaşlarının təhlükəsziliyini təmin etmək vacibdir:
“Ümid edirəm ki, Rusiya sülhməramlıları uğurla fəaliyyət göstərəcək və bu missiyanı real olaraq həyata keçirə biləcəklər”.
Danışıqlar prosesinin davamı haqda
“Danışıqlar prosesi ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində davam etməlidir və birgə bəyanatda həllini tapmayan məsələlər [Dağlıq Qarabağın statusu məsələsi nəzərdə tutulur] ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində [müzakirələrin] mövzusu olmalıdır. Siz Dağlıq Qarabağın statusu ilə bağlı Ermənistanın mövqeyini bilirsiz və əlbəttə ki, bizim mövqeyimiz dəyişməyib”, – Paşinyan bildirib.
Bununla yanaşı o hesab edir ki, hazırda həll edilməli olan daha operativ məsələlər də var:
“Mən bütün əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsini nəzərdə tuturam. İtkinlərlə bağlı məsələ var, həlak olanların meyitlərinin dəyişdirilməsi məsələsi var. Mən düşünürəm ki, hazırda biz diqqətimizi məhz bu məsələlər üzərində cəmləməliyik”.
Artıq bir neçə gündür ki, Qarabağda müharibədə itkin düşmüş yüzlərlə əsgər valideyni Yerevanda Müdafiə Nazirliyinin binası önündə etiraz aksiyası keçirir. Onlar öz doğmaları haqda məlumat tələb edirlər. Valideynlərin sözlərinə görə, onları sadəcə “boş vədlərlə yedizdirirlər”.
Nəticədə Nikol Paşinyan onlarla görüşüb və bildirib ki, özünü günahkar hiss edir. O, etiraf edib ki, dövlət orqanları indiyə qədər obyektiv və subyektiv səbəblərdən onların problemlərinin həlli üçün kifayət qədər səmərəli işləməyib:
“Biz bunu ümumi ağrı kimi qəbul edirik və mən ümid edirəm ki, bu insanların, bizim qardaşlarımızın böyük hissəsini tapa biləcəyik və geri qaytaracağıq”.
Daxili siyasi vəziyyət haqda
Ermənistanda noyabrın 11-dən, Qarabağ üzrə üçtərəfli razılaşma imzalanandan sonra izdihamlı etiraz aksiyaları keçirilir. İnsanlar hesab edirlər ki, bu, Qarabağın Azərbaycana təhvil verilməsi haqda “xəyanətkar sənəddir”. Nümayişçilər “Nikol, get” və “Nikol – xain!” şüarları səsləndirərək baş nazirin istefasını tələb edirlər.
17 müxalif partiya, Ermənistan prezidenti və hətta Elmər Akademiyasının Rəyasət Heyəti baş nazirə könüllü şəkildə vəzifədən getməyi təklif edir.
Paşinyan hesab edir ki, müəyyən daxili siyasi gərginlik var, amma o, getmək niyyətində deyil:
“Fakt ondan ibarətdir ki, müxalifət tərəfindən səsləndirilən çağırışlar Ermənistan cəmiyyəti tərəfindən dəstəklənmir. Bunu qeyd etmək lazımdır”.
Baş nazirin fikrincə, Ermənistan cəmiyyəti bu sənəd imzalanana qədər “bizim üçün məqbul olan daha real alternativin olmadığı” ilə razılaşır.
Növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı haqda danışarkən, baş nazir 6 aylıq “yol xəritəsini”, yəni vəziyyətin stabilləşdirilməsi üçün fəaliyyət proqramını dərc etdiyini xatırladıb:
“Bundan sonra biz cəmiyyətimizlə, insanlarla, siyasi qüvvələrlə məsləhətləşəcəyik və gələcək hadisələr, gələcək addımlar haqda qərar qəbul edəcəyik”.