Ermənistanın baş naziri 2021-ci ili “iqtisadi iddiaların bərpası ili” elan edib
2021-ci il Ermənistanın iqtisadi iddialarının bərpası ili olacaq – yanvarın 15-də baş nazir Nikol Paşinyan bildirib.
O etiraf edib ki, ötən il Ermənistan iqtisadiyyatı üçün çətin il olub, həm Qarabağdakı müharibəyə, həm də koronavirus pandemiyasına görə. Amma Nazirlər Kabinetinin rəhbəri əmindir ki, onun Azərbaycam və Rusiya ilə birlikdə imzaladığı üçtərəfli bəyanat Ermənistan üçün yeni iqtisadi imkanlar yarada bilər.
Ermənistan və Gürcüstan ekspertləri onun fikrini bölüşmürlər.
- Ermənistanda ilk ehtiyac malları kəskin bahalaşıb
- “Ermənilərin xilası ermənilərin öz seçimindədir” – politoloq
İclasda nə haqda danışılıb?
“Biz 2020-ci ilin məlum hadisələri nəticəsində pozulan iqtisadi iddiaları həqiqətən bərpa etməkdən ötrü çətinliklərin öhdəsindən gəlmək üçün nələr edə biləcəyimizi formalaşdırmalıyıq. Bizim qarşımızda çoxlu iqtisadi maneələr var, amma bizim çox imkanlarımız da var”, – Paşinyan deyib.
Onun fikrincə, yeni iqtisadi imkanları Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin imzaladığı bəyanat təqdim edir. Bu sənədə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması baş verməlidir:
“Biz tam mənada bu imkanlardan yararlanmağa hazırıq, təkrar edirəm, sadəcə iqtisadi iddialarımızın bərpası üçün yox, həm də daha yüksək standartların bərqərar edilməsi üçün”.
İqtisadi proqnozlar
Dünya bankının proqnozlarına görə, 2020-ci ildə Ermənistan iqtisadiyyatının enişi 8 faiz təşkil edəcək, 2021-ci ildə 3,1 faizlik, 2022-ci ildə isə 4,5 faizlik yüksəliş gözlənilir.
Beynəlxalq Valyuta Fondu 2020-ci ilin yekunlarınaəsasən Ermənistan ÜDM-in 7,25 faiz enməsini, 2021-ci ildə isə ÜDM-in 1 faiz yüksəlməsini proqnozlaşdırır.
Ermənistanın Mərkəzi Bankı 2020-ci ilin yekunlarına əsasən, iqtisadiyyatın 7,2 faiz səviyyəsində enməsini proqnozlaşdırıb.
İqtisadi yüksəlişə gəlincə, Ermənistanın dövlət büdcəsində 2021-ci ildə 3,2 faiz, inflyasiya isə 4 faiz (±1,5%) nəzərdə tutulub.
Ekspertlər nə deyirlər?
İqtisadçı Qrant Mikaelyan hesab edir ki, kommunikasiyaların açılmasından hər hansı iqtisadi mənfəət gözləmək üçün heç bir əsas yoxdur:
“Bu, ancaq Azərbaycana sərf edir. Dəmiryolu xəttinin xəritəsinə baxmaq kifayət edir ki, Ermənistanın bu cür perspektivlərə sahib olmadığını anlayasan. Birincisi, Azərbaycan ərazisindən keçən Rusiya sərhədinə qədər uzanan dəmiryolu xətti Gürcüstandan keçən avtomobil yolundan 2,3 dəfə uzundur.
İkincisi, əgər Azərbaycan öz ərazisindən keçən yol üzərində suverenliyi saxlayırsa, Ermənistan ərazisindən keçən dəhliz eksterritorialdır. Azərbaycan istənilən məqamda öz dəhlizini bağlaya bilər, Ermənistan isə yox.
Faktlara diqqət yetirək:
- Ermənistan 2018-ci ilin əvvəlinə qədər artıq səmərəli şəkildə blokadanın öhdəsindən gəlmişdi;
- Ermənistan iqtisadi inkişaf səviyyəsinə görə kommunikasiya problemi olmayan Moldovanı və Ukraynanı qabaqlayır”.
Gürcüstan İctimai Tədqiqatlar İnstitutunun (GIPA) professoru Tornike Şaraşenidze Ermənistan ərazisindən keçən və “iki Azərbaycanı” birləşdirən dəmiryolu xəttinin nə dərəcədə fasiləsiz və sürətlə işləyəcəyinə diqqət çəkir:
“Böyük ehtimalla Ermənistan mütləq qatarları yoxlamaq üçün öz sərhədində ləngidəcək, bu da həmin marşrutu çox narahat edəcək.
Yeni Ermənistan-Rusiya dəhlizi ilə vəziyyət daha mürəkkəb olacaq. Birincisi, burada faktiki artıq mövcud olmayan, Yerevandan gələn dəmiryolu xətti rekonstruksiya olunmalıdır. Ermənistandan Rusiyaya gedən (və əksinə) qatarların Azərbaycanın kifayət qədər böyük ərazisindən keçməli olduğu faktı da bura əlavə olunur.
Əgər ehtimal etsək ki, təhlükəsizlik problem deyil, qatarların hərəkəti çox güman ki, ləngiyəcək: marşrut uzundur və üç ölkəni, o cümlədən də Ermənistana qarşı düşmən mövqedə olan və öz sərhədində Ermənistan qatarlarını ləngidəcək Azərbaycanı əhatə edir.
Bütün bunları nəzərə alaraq, Ermənistan üçün Rusiyaya ən rahat çıxış Gürcüstandan keçən yol ola bilər”.