Nika Musəvi, Bakı
Amerikalı homoseksuallar bir-biriylə nikaha girmək hüququnu qazananda azərbaycanlı heteroseksualların bunun pis və yaxşı olması ilə bağlı müzakirələri az qala davaya keçdi.
Sosial şəbəkə istifadəçilərinin (və ümumilikdə əhalinin) eyni cinsin nümayəndələri arasında sevgi münasibətlərinə qətiyyətlə qarşı çıxan hissəsini bir kənara qoyaq, burada hər şey az-çox aydındır. Bu əlamətdar hadisənin onlara heç bir aidiyyatı olmadığı bir halda öz avatarlarını göy qurşağı rəngli bayraqla bəzəyib, amerikalı gey və lesbilərə görə səmimi şəkildə sevinənlər barədə danışaq. Amerika reallıqlarının müzakirəsi isə tam gözlənilən bir şəkildə Azərbaycan reallıqlarına keçdi və bu mövzu hələ uzun müddət ən aktual mövzulardan biri olaraq qaldı.
Elə bu gün də xırda bir qığılcım kifayət edir ki, qızğın diskussiya alovuna çevrilsin.
Əslində, bu özü özlüyündə təqdirəlayiq bir haldır. Ən azı ona görə ki, seks azlıqlarının hüquqları qadın, uşaq, kürən, solaxaylar və başqa adamların hüquqları kimi mahiyyətcə insan hüquqlarıdır. Və onların uğrunda mübarizə aparmaq lazımdır. Amma bəlkə indi və burada yox?
Hazırda Azərbaycanda homoseksualların hüquqları barədə danışmaq yumşaq tərzdə desək, sadəlövhlükdür. Onlar əlbəttə ki, gec-tez öz hüquqlarını almalıdırlar. Amma əvvəlcə onlar növbəyə durmalı və bunu heteroseksualların özləri edənə qədər hardasa 50 il gözləməlidirlər. Belə baxsan, Azərbaycanda heteroseksualların da demək olar ki, heç bir hüququ yoxdur. Bu, LGBT-nin bütün əsas tələblərinin bəndlərini sadalayıb, onlara heteroseksualların gözləri ilə baxanda aydın olur.
Özünün kişi sevgilisi ilə evlənmək hüququ.
Hər üç azərbaycanlıdan birinin heç qadın sevgilisi ilə evlənmək hüququ olmur. Yəni hüquqi cəhətdən onun bu haqqı təbii ki, var. Reallıqda isə ana huşunu itirəcək, ata lənətləyəcəyi ilə təhdid edəcək, axırda da oğlan ailəsinin seçdiyi qızla evlənməli olacaq.
Eyni şeylər qadınlara da aiddir – onları addım başı istəklərini nəzərə almadan, ailələri doğru bildiklərinə ərə verir. Qadının şərq cəmiyyətində spesifik rolunu nəzərə alsaq, burada vəziyyətin xeyli daha iyrənc olduğunu anlayarıq.
Bu zaman adətlər, ictimai rəy və valideynlərin fikri qanunvericilikdən daha həlledici rol oynayır. Çünki azərbaycanlılar qanunvericiliyə rahatca göz yuma bilir, valideynlərə və cəmiyyətə isə yox.
Öz hisslərini açıq ifadə etmək, homofobların təklif etdiyi kimi, küncdə-bucaqda gizlənməmək hüququ.
Tamamilə təbii bir istəkdir. Azərbaycan heteroseksualları da bunu çox istəyirlər. Amma cəmiyyətin ancaq nisbətən kiçik bir hissəsi bunu normal qəbul edə biləcək inkişaf səviyyəsinə çatıb.
Yerdə qalanlar isə nəinki Allaş eləməmiş, evlilikdən əvvəl seksə, hətta tam platonik romantik münasibətlərə belə çox pis baxırlar. Valideynlər qızlarını mümkün qədər kişi dünyasından uzaq tutmağa çalışır, nəticədə də gənclər sevgi münasibətlərini valideynlər və qonşulardan gizli yaşayırlar.
İctimai yerdə öpüşməyə görə rahatca hüquq-mühafizə orqanları əməkdaşlarının danlağına tuş gəlmək olar, əyri baxışlar haqqında isə heç danışmağa dəyməz. Kriminal xronika “ailənin təhqir olunmuş namusu zəminində qətllər barədə xəbərlərlə doludur, səhiyyənin ən çox müraciət olunan istiqaməti isə gimenoplastika – bakirəlik pərdəsinin bərpasıdır.
Azərbaycan sayağı coming out oğlanın valideynlərinə şərti Məmmədi sevdiyini və onunla yaşamaq istədiyini etiraf etməsi deyil.
Azərbaycan sayağı coming out, eyni şeylərin qız tərəfindən elan edilməsidir.
Sonra nə gəlir? Birgə əmlak və vətəndaş nikahında yaşayan partnyorların başqa “birgəlikləri?
Bu nədir belə? Azərbaycanda bu haqda eşitməyiblər belə. 30 il birlikdə yaşadığınız partnyorunuz axırda da sizin üçün tamamilə yad insan olaraq qalır. Əslində vətəndaş nikahlarının mövcudluğu barədə də ucadan danışmağı sevmirlər.
Çox güman ki, nəyisə yaddan çıxardım. Amma düşünürəm ki, sadalananlar da müasir Azərbaycanda LGBT-nin hüquqları haqda ciddi danışmağın sadəlövhlük olduğunu təkrar etməyə kifayət edir. Təkamül pilləsinin üzərindən hoppanmaq olmaz. Bu gün geylərin hüquqlarının müzakirə olunduğu ölkələrdə heteroseksualların hüquqları məsələsi artıq çoxdan həll olunub.
Və bir daha təkrar edirəm, məsələ axı heç də qanunvericilik, hakimiyyətin münasibəti və ya onun hansısa əməllərində deyil. Məsələ cəmiyyətdə, insanların dünyagörüşündədir. Şəxsi və ailə məsələlərini dövlət səviyyəsində həll etmək çox çətindir. Və hələ ki, azərbaycanlı heteroseksuallar mühafizəkar cəmiyyətin öhdəsindən gələ bilməyiblər, homoseksualların hüquqları uğrunda mübarizə ancaq şəfqətlə qarşılana bilər.