“Neytrallaşdırma” əməliyyatı
Materialın tam versiyası “Novoya qazeta”nın saytında
Makedoniya əks-kəşfiyyatının sənədləri göstərir ki, Rusiya xüsusi xidmət orqanları ölkənin NATO-ya daxil olmasını əngəlləməyə çalışır və Balkanlarda neytral ölkələr zonası aratmaq istəyir.
Makedoniya hökumətindəki mənbə anonimliyinin qorunması şərti ilə onlarla məxfi hesabatdan ibarət olan arxivi Organized Crime and Corruption Reporting Project (OCCRP) beynəlxalq konsorsiumunun jurnalistlərinə ötürüb. Müştərək araşdırmada həmçinin Makedoniyanın NOVA TV telekanalı və Serbiyanın KRIK nəşri də iştirak edib.
Ötürülmüş sənədlər telefon danışıqlarının dinlənilməsi, kənar müşahidə və mənbələrin danışdıqları əsasında tərtib edilib. Bu sənədlərdə Rusiya Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinin zabitlərinin Rusiya səfirliyi əməkdaşları ilə birgə NATO-ya daxil olmalarını əngəlləmək və Rusiyanın maraqlarını təşviq etmək üçün Makedoniyanın və digər Balkan ölkələrinin daxili işinə necə təsir göstərməyə çalışdıqlarını əks etdirir. “Novaya qazeta” OCCRP-nin araşdırmasındakı ən vacib mətləblərdən bəhs edir.
“Dağıdıcı təbliğat”
Son illərdə Rusiya ümumilikdə Balkanlarda, xüsusən də Makedoniyada öz nüfuzunu gücləndirib, Makedoniya əks-kəşfiyyatının hesabatlarında deyilir.
Rusiyanın kəşfiyyat fəaliyyəti bir neçə Balkan dövlətinin NATO-ya daxil olmaq arzusunu elan edəndən sonra aktivləşib. Bu ilin aprelində Monteneqro Parlamenti Şimali Atlantika Alyansına daxil olmağın lehinə səs verdi. Makedoniya, Bosniya və Hersoqovina daxil olmağa namizəd statusu aldı.
“RF Balkanları Qərbin təsirindən izolyasiya etmək üçün necə deyərlər, “yumşaq güc” metodlarından istifadə edir. Bundan başqa Rusiyanın xarici siyasəti hədəfi ölkənin strateji enerji resursları üzərində nəzarəti ələ keçirmək olan enerji strategiyası ilə sıx bağlıdır”, – hesabatlarda deyilir.
Bu planın yekun hədəfi “Makedoniyanı tamamilə Rusiya siyasətindən asılı vəziyyətə salmaqdır”, makedoniyalı əks-kəşfiyyatçılar belə hesab edir.
RTX və KBİ agentləri
Rusiya agentləri uzun illər boyunca “tənqidi fikirli hərbi hazırlıqlı insan kütləsi foralaşdırıb, lazımı siyasi məqamda onlardan Rusiyanın maraqları üçün istifadə etməkdən ötrü” Makedoniya ordusunun və polisinin keçmiş və hazırkı əməkdaşlarını ələ almaqla məşğul olublar, hesabatlarda deyilir.
Bundan başqa, Rusiya təmsilçiləri Makedoniya KİV-nin redaksiya siyasətinə qarışmağa cəhd göstərir, onlara pul vəsaitləri təklif edirdilər ki, ölkədə Rusiya siyasətini təbliğ etsinlər.
“Rusiya pan-slavyan eynilik və vahid pravoslav inancı ideyasını təbliğ edir”, sənədlərdə deyilir. Rusiyanın Makedoniyadakı səfirliyinin təşəbbüsü ilə son zamanlar 30-a yaxın “dostluq assosiasiyası” açılıb. Bundan başqa, səfirlik bütün ölkə üzrə pravoslav kilsələrinin tikintisinə sponsorluq edir.
Rusiya və Qərbin qarşıdurması
Rusiya və Serbiyanın birgə hərəkət etməsi, makedoniyalı əks-kəşfiyyatçıların fikrincə, Makedoniyada mürəkkəb siyasi böhrana: əsas partiyaların qarşıdurmasına gətirib çıxarıb ki, bu da parlamentdə iğtişaşla nəticələnib. Bu siyasi böhran alban azlığı ilə etnik qarşıdurmayla daha da dərinləşir: albanlar Makedoniya əhalisinin dörddə birini təşkil edir və onların muxtariyyət elan etmək istiqamətindəki daha əvvəlki cəhdləri az qala vətəndaş müharibəsinə gətirib çıxaracaqdı.
2016-cı ilin dekabrında ölkədə siyasi böhrana son qoyacağına ümid edilən növbədənkənar seçkilər baş tutdu. Amma bu baş tutmadı. Koalisiya hökuməti parlament tərəfindən ancaq ötən həftə, mayın 31-də təsdiq edildi. Ölkənin baş naziri isə müxalif “Makedoniyanın Sosial Demokrat İttifaqı” (MSDİ) partiyasının lideri Zoran Zayev oldu.
Koalisiya formalaşdırmaq istiqamətində daha əvvəlki cəhdlər neonasistlərin parlamentə hücumuna gətirib çıxardı; iğtişaşlar nəticəsində bu il aprelin 27-də Zayev və onlarla başqa adam xəsarət aldı.
Rusiya hakimiyyəti ABŞ və Aİ ölkələrini Makedoniyada hakimiyyət dəyişikliyi təşil etməkdə və Zayevi dəstəkləmıkdə ittiham etdi.
Əks-kəşfiyyatın hesabatlarının birində bu il aprelin 7-də Rusiya səfiri Oleq Şerbak və Makedoniya XİN-in əməkdaşları arasında baş vermiş söhbət nəql edilir.
Sənədlərə əsasən Rusiya səfiri əcnəbi həmkarına etiraf edir ki, Rusiyanın məqsədi “Balkanlarda – Monteneqro, Bosniya və Herseqovina, Serbiya – neytral ölkələr zonası yaratmaqdır” .
Şerbak ölkədə Rusiya siyasətinin və Rusiyanın ölkənin daxili siyasi proseslərinə “xarici müdaxilə” haqda bəyanatının lazımı dərəcədə dəstəklənmədiyi ilə bağlı narazılığını bildirirmiş.
Əgər Makedonya hakimiyyəti Kremli açıq şəkildə dəstəkləməzsə, bunun iqtisadi və diplomatik əməkdaşlığın yekunlaşmasına gətirib çıxaracağını Şerbak mümkün sayır.
Rusiya diplomatları OCCRP-nın suallarını cavablamaqdan imtina edib.
Skopyedə məscid. Foto journeywonders.com
Serbiyanın köməyi
Məxfi sənədlər arxivinə həmçinin BIA Serbiya kəşfiyyatının bəzi əməkdaşlarının danışıqlarının dinlənilməsi də daxildir. Hesabatlarda bildirilir ki, Serb kəşfiyyatçıları Rusiyadan olan həmkarlarına Makedoniyada öz planlarını həyata keçirməyə fəal şəkildə kömək ediblər.
2013-cü ildən əks-kəşfiyyatçılar Makedoniyanın Avropaya inteqrasiyasının qarşısını almaq üzərində çalışan BIA əməkdaşı Qoran Jivaljeviçi izləyiblər. Sənədlər ondan xəbər verir ki, Jivaljeviç Makedoniya Parlamentinin rusiyayönlü üzvü Serb Demokratik Partiyasının lideri İvan Stoilkoviçə instruksiyalar verirmiş.
Stoilkoviç həmçinin dəfələrlə qonşu Monteneqronun öz ölkəsinin NATO üzvlüyünə qarşı çıxan siyasətçiləri ilə də görüşüb. Bu siyasətçilər arasında Makedoniya əks-kəşfiyyatçılarının Rusiya xüsusi xidmət orqanlarının agenti adlandırdıqları şəxslər də vardı.
Məxfi sənədlər həmçinin ondan xəbər verir ki, Stoilkoviç Zoran Zayev haqqında Serbiyada dərc olunan tənqidi materialları Serbiyanın BIA kəşfiyyat orqanı əməkdaşları ilə razılaşdırırmış. Serbiya KİV-i həqiqətən də fəal şəkildə Zayevi tənqid edirdi və yazırdı ki, Qərbin müdaxiləsi və həmçinin albanların siyasi tələbləri müharibəyə gətirib çıxara bilər.
OCCRP jurnalistləri Stoilkoviçə zəng vurublar.
“Siz kiminləsə görüşəndə mən sizdən bu haqda soruşuram? Siz xəcalət çəkməlisiz. Siz məni təhqir edirsiz”, – o, jurnalistə cavab verib.
Serbiya kəşfiyyatının əməkdaşı Jivaljeviç sualları cavablamaqdan imtina edib. Rusiya hakimiyəti və xüsusi xidmət orqanlarından da hələlik şərh verən olmayıb.