Naxçıvanda nə baş verir? Bakıda muxtariyyətin ləğvi ehtimalı haqda danışırlar
Naxçıxanda nə baş verir?
Azərbaycanın eksklavında – Naxçıvan Muxtar Respublikasında gərginlik hökm sürür. Son günlər burada yüksək vəzifəli şəxslər həbs edilir, respublika dövlət strukturları ləğv edilir. Ekspertin fikrincə, 27 ildir ki, muxtar respublikaya rəhbərlik edən Naxçıvan başçısının vəzifəsində qalması çətin ki, mümkün olsun. Bu hadisələrin arxasında nə dayanır? Bakı muxtariyyətin ləğvi ehtimalı haqda danışır.
- “Bu il sülh sazişi imzalanmayacaq”. Bakıdan şərh
- İran Azərbaycanla gərginlik yaratmaqla nə əldə etdi? – Bakıdan şərh
- Azərbaycanın keçmiş xarici işlər naziri: “Hərbi əməliyyatların bərpası getdikcə reallaşır”
Bu həftənin əvvəlində Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsində həbslər olub. Xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsində muxtar respublikanın gömrük komitəsi ləğv edilərək Azərbaycan Dövlət Gömrük Komitəsinin idarəsinə çevrildi. Artıq bu idarəyə yeni rəis təyin olunub, o, Naxçıvana Bakıdan yollanacaq.
Bundan bir qədər əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində də oxşar ssenari yaşanmışdı. Orada da həbslər həyata keçirilmişdi, xidmətin özü isə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin şöbəsinə çevrilmişdi.
Muxtariyyət əldən gedir?
Bir çox ekspertlərin fikrincə, Bakı Naxçıvanın muxtariyyətini ləğv etmək və respublikanın rayonlarını birbaşa ölkə paytaxtına tabe etmək istəyir. Amma bu o qədər də asan deyil.
Azərbaycan Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində dövlətdir.
Siyasi icmalçı Aqşin Kərimov deyir ki, muxtariyyətin ləğvi üçün konstitusiyaya dəyişikliklər edilməlu, bunun üçün isə referendum keçirilməlidir:
“Referendum qaçılmazdır, sadəcə Azərbaycan-Ermənistan gündəliyindəki qarışıqlıqlar referendum keçirilməsini təxirə salır”.
Bununla yanaşı icmalçı əmindir ki, Naxçıvanın muxtar statusu ləğv ediləcək.
“Referenduma icra hakimiyyəti başçısı vəzifəsinin ləğvi məsələsi də çıxarıla bilər. Sərhəd dəyişikliyi də referendum predmetidir. Azərbaycan Ermənistanla sərhədlərini delimitasiya və demarkasiya etdikdən sonra bu mövzu da referendumun mərkəzində yer tutacaq. Bundan başqa, Azərbaycan Milli Məclisində deputat yerlərinin sayının artırılması məsələsi var. Bu da gələcək referendum üçün müəyyən edilən təkliflərdən biri olacaq”, – Kərimov əlavə edib.
Bağlı sərhədlər: Azərbaycan hakimiyyəti qonşularla quru sərhədlərini niyə açmaq istəmir?
Dotasiyalı muxtariyyət
Hələ üç il əvvəl prezident İlham Əliyev Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən bir sıra maraqlı rəqəmlərə toxunmuşdu. Prezident orada muxtar respublika büdcəsinin yalnız 22 faizinin yerli gəlirlər əsasında formalaşdığını bildirmişdi. – “Azadlıq Radiosu”nun məqaləsində deyilir.
Prezident Talıbovla söhbətində vurğuladı ki, növbəti illərdə muxtar respublikanın büdcəsində yerli mənfəətin payı artmalıdır. Talıbov bu göstəricinin artacağına söz verib.
Prezident deyirdi ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır. Vasif Talıbov isə cavab vermişdi ki, növbəti ildən büdcədə yerli gəlirlərin həcimi artacaq.
Amma son illər Naxçıvanın büdcəsində gəlirlər artsa da, ona ayrılan dotasiya da artıb. Yalnız gələn il (2023) muxtar respublikaya dotasiyaların azaldılması nəzərdə tutulur.
Vasif Talıbov kimdir?
61-yaşlı Vasif Talıbov hazırkı prezident İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin Naxçıvanda yaşadığı vaxt ona yaxınlığı ilə tanınıb.
O, 1991-ci ilin sentyabrından (H.Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçiləndən) 1994-cü ilin aprelinədək Naxçıvan MR Ali Məclis sədrinin baş köməkçisi , 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan MR Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb. Həmin ildən Naxçıvan Ali Məclisinə rəhbərlik edir.
“Davamının şahidi olacağıq”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan”a bildirib ki, hazırda Naxçıvanda struktur dəyişiklikləri aparılır:
“Bu, ölkə prezidentinin bu gün həyata keçirdiyi, sistemli xarakter daşıyan islahatların tərkib hissəsi olan struktur islahatı kimi dəyərləndirilə bilər”.
Deputat qeyd edib ki, Naxçıvan MR-da ayrı-ayrı nazirliklər, komitələr, idarələr Azərbaycanın mərkəzi icra strukturlarının tərkib hissəsi kimi yenidən formalaşır: “Bundan sonra da biz cənab prezidentin bu atmış olduğu addımların davamının şahidi olacağıq”.
“Muxtar Respublika kənarda qalmışdı”
Siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, hazırkı addımlar ondan xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyəti Naxçıvanın de-fakto müstəqilliyini de-fakto məhdudlaşdırmaq xəttini seçib:
“Naxçıvan bir növ Azərbaycan dövlətinə tam tabe olmayan, müstəqilliyinin çərçivəsi geniş olan bir vəziyyətdən mərkəzi hakimiyyətə daha sıx bağlanan bir vəziyyətə keçirilir”.
Ekspertin fikrincə, böyük ehtimalla yaxın zamanda Vasif Talıbovun da vəzifədən hansısa şəkildə uzaqlaşdırılması reallaşa bilər:
“Yeni Azərbaycan Partiyasının yubiley tədbirində onun iştirak etməməsi faktiki olaraq onu göstərir ki, Vasif Talıbov artıq Bakıda gözdən düşüb və onun dəyişdirilməsi üzərində iş gedir”.
Politoloqun sözlərinə görə, Naxçıvan son illərdə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi tədbirlərdən sanki kənarda qalmışdı:
“Xüsusən müharibədən sonra ciddi şəkildə İlham Əliyevin fərqli bir siyasətçi profilində ortaya çıxdığını görürük. Yəni, millətçi sloqanlara sahiblənən, Qarabağ problemini həll etmiş, Güney (İran Azərbaycanı-red.) məsələsinə sahiblənən bir lider. İlham Əliyev özünü bütün azərbaycanlıların lideri qismində bütün dünyaya təqdim edir və daxili siyasi mübarizələrin fövqündə olan bir lider qismində çıxış edir. Naxçıvan isə İlham Əliyevin apardığı bu siyasətdən bir qədər kənarda qalmışdı”.
“Azərbaycanda Naxçıvana xanlıq kimi baxılırdı”
Şahin Cəfərli bu səbəbdən Azərbaycanda Naxçıvana bir xanlıq kimi baxıldığını bildirir:
“Bu, heç də əsassız bir fikir deyil. Vasif Talıbov orada bir xanlıq qurmuşdu, Bakıdan icazə almadan, Bakı ilə məsləhətləşmədən bir sıra qərarlar verirdi, Azərbaycanın digər regionlarından tamamilə fərqli mühit yaratmışdı. İndi, görünür, İlham Əliyev bütün bunlara son qoymağa və Naxçıvanı Bakıya daha sıx bağlamağa qərar verib”.
Naxçıvan sükut edir
Hələlik Naxçıvan rəhbərliyi orada baş verənlərə heç bir reaksiya verməyib.
“Azadlıq” radiosu vurğulayır ki, jurnalistlər heç bir şərh ala bilməyiblər.