NATO Abxaziyanı keçid məntəqələrinin bağlanması haqda qərarı bir daha nəzərdən keçirməyə çağırır
NATO Abxaziyanı İnqur(i)dəki keçid məntəqələrinin bağlanması qərarini bir daha nəzərdən keçirməyə çağırıb.
“Gürcüstanın Abxaziya regionunun inzibati sərhədində hər gün yüzlərlə vətəndaşın istifadə etdiyi iki keçid məntəqəsinin bağlanması yerdəki vəziyyətə və regionun stabilliyinə təsir edəcək”, – fevralın 28-də NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku bildirib.
Onun sözlərinə görə, bu addım yerli əhalinin azad hərəkətini məhdudlaşdıracaq və onların həyatına mənfi təsir edəcək, bununla bağlı olaraq Lunqesku Abxaziya hakimiyyətini öz qərarını yenidən gözdən keçirməyə çağırıb.
Fevralın 25-də Aİ-nin xarici siyasət üzrə Ali nümayəndəsi Federik Moqerini də bu məsələ ilə bağlı bəyanatla çıxış edib.
“Bu cür birtərəfli qərar təhlükəsizliyin artırılması və münaqişədən əziyyət çəkmiş əhalinin həyat şəraitinin yaxşılaşdırılması üzrə iş görülməsini nəzərdə tutan öhdəliklərə ziddir… Münaqişənin uzunmüddətli həllinə və regionun ümumi stabilliyinə şərait yaratmayan atmosfer yaranır”, – Moqerininin adından yayılan bəyanatda deyilir.
Avropa İttifaqı hərəkət azadlığını, o cümlədən də humanitar məqsədlə, təmin etmək üçün keçid məntəqələrini bağlamamağa çağırır.
Aİ nümayəndəsinin bəyanatına Abxaziya XİN-i cavab verib, bildirib ki, ötən ilin dekabrında Abxaziya tərəfinin Cenevrə diskussiyalarının həmsədrləri vasitəsilə Moqeriniyə Abxaziya vətəndaşlarının öz haqlarını, o cümlədən hərəkət azadlığı hüququnu realizə etdikləri zaman üzləşdikləri məhdudiyyətlər və maneələr haqda rəsmi məktub ünvanladığını nəzərə alsaq, Moqerininin bəyanatı “ədəbsizliyin son həddidir”. Əsasən də söhbət Abxaziya sakinlərinin Aİ ölkələrinə viza almalarıyla bağlı çətinliklərdən gedirdi.
Abxaziyanın xarici işlər qurumunda hesab edirlər ki, “əgər Aİ hakimiyyəti problemə yalnız Abxaziyanın Qal rayonu prizmasından deyil, daha keniş kontekstdə, Abxaziya vətəndaşlarının beynəlxalq təcridi nöqteyi-nəzərindən baxsaydı” daha ağıllı yanaşma olardı.
Abxaziya hakimiyyətinin qərarı ilə İnqur(i) çayı boyu İnqur körpüsü üzərindəki nəzarət keçid məntəqəsi istisna olmaqla qalan bütün NKM-lər bağlanmalıdır. Bu səbəbdən sakinlərin çoxu üçün problemlər yaranacaq, çünki gürcü tərəfinə keçmək üçün onlar onlarla kilometr yol qət etməli olacaqlar.