“Qərbyönümlü Ermənistan Azərbaycan üçün niyə təhlükədir?” Bakıdan baxış
Natiq Cəfərli Aİ əleyhinə kampaniya haqda
Son zamanlar Azərbaycanda iqtidaryönlü media Avropa İttifaqının Ermənistandakı missiyasını sərt şəkildə tənqid edir. Avropa və Qərbin Ermənistandan Azərbaycana qarşı istifadə etməsi, orada revanşist əhval-ruhiyyəni gücləndirməsi ilə bağlı tez-tez narahatlıqlar səslənir. Respublikaçı Alternativ (ReAl) Partiyasının liderlərindən biri Natiq Cəfərli hesab edir ki, Azərbaycanın dövlət mediası hazırda “ziddiyyətli yazılar və videoreportajlar dərc edərək ən məntiqsiz dövrünü yaşayır”. Özünün də qeyd etdiyi kimi, “faktlarla danışaraq, vəziyyəti təhlil edərək” Cəfərli nə baş verdiyini anlamağa çalışıb.
- Azərbaycanda “Fransanın casus şəbəkəsi işi”nin yeni təfərrüatları məlum olub
- Cənubi Qafqaz üzrə “Brüssel Sazişi” və Azərbaycan-Türkiyə tandeminin rolu. Bakıdan baxış
- Rusiya sülhməramlılarının minaların təmizləməsinə cəlb edilməsi onların regionda uzun müddət qalmasıyla bağlı sual doğurur
“Aİ missiyası rəsmi Yerevanın bəyanlarını təkzib edir”
“Azərbaycan mediası Ermənistanda fəaliyyət göstərən, bizimlə sərhəddə monitorinq aparan Aİ missiyasını yıxıb-sürüyür, yerdən-yerə vurur. Amma son günlər Ermənistan tərəfi müstəsna həyasızlıqla Azərbaycanın atəşkəsi pozduğu haqda yalan məlumat yayır.
Bəs Aİ missiyası nə deyir?! Açıqlama yayaraq bəyan edirlər ki, sərhəddə heç bir aktivlik olmayıb, atəşkəs pozulmayıb. Hətta Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar açıqlama verib və deyib ki, AB missiyasının orada olmsı “feyk” xəbərlərin, yalan məlumatların qarşısını alır.
Gəldik məntiq məsələsinə. Yalanı kim yayır? – Ermənistan. Bu yalanı yaymaq kimə sərf edir? – Ermənistana. Bəs Yerevanın, “Azərbaycan atəşkəsi pozur”, yalanını kim işfa edir? – Aİ missiyası. Yaxşı bizim rəsmi media kimi söyür? – bəli, Aİ missiyasını. Burada məntiq var?!”
“Aİ missiyası Azərbaycana görə yox, Rusiya və İrana qarşıdır”
“Ermənistandakı Aİ missiyasından ən çox Rusiya və İran narahatdır, çünki, o missiya Azərbaycana görə deyil, Rusiya və İrana qarşı oradadır. Yaxşı, bizə tarixən ən böyük təhdid haradan gəlib? – bəli, Şimaldan və Cənubdan, Ermənistan da onlara alət olub. Gələcəkdə bizə təhdidlər haradan gələ bilər? – bəli, yenə eyni yerdən, Şimal və Cənubdan. Yaxşı, Aİ missiyası onlara qarşıdırsa, biz o missiyanı niyə söyürük?! Məntiq varmı?!”
“Rusiyayönlü Ermənistan Azərbaycan üçün təhlükə deyil?”
“Rəsmi media günlərdir yazır ki, Qərbyönümlü Ermənistan bizim maraqlarımıza uyğun deyil, hətta bizə təhdiddir. Birincisi, Etmənistan hələ ki, Qərbyönümlü deyil, olması da çox müşkül görünür.
İkincisi, bəyəm onillərdir Rusyönümlü, Rusiyanın for-postu olan Ermənistan mələk idi, bizə təhdid deyildi?! SSRİ dağılanda Qarabağ bəlasını yaradan, 20% torpağımızı Ermənistanın əli ilə işğal edən, bizim məhz iqtisadi və logistik olaraq (neft-qaz boruları) Qərbi seçdiyimizə görə erməni əli ilə cəzalandıran Rusiya deyildi?! Yəni, Rusiya vektorlu Ermənistan təhdid deyil?!
Üçüncüsü, Ermənistan Qərbə ancaq Türkiyə və ya Gürcüstan üzərindən inteqrasiya oluna bilər. Türkiyə qardaşımız, müttəfiqimiz, Gürcüstan strateji tərəfdaşımızdır. Yəni bunun bizə ziyanı necə ola bilər ki?!
Gürcüstan demiş, Tbilisi 20 ildir rəsmən Qərbpərəst siyasət yürüdür, Qərbə inteqrasiya olunur. Bəyəm, bu bizə təhdid yaradır?! Tam tərsi, Gürcüstan Azərbaycanın təbii iqtisadi uzantısına çevrilib, gözəl münasibətlərimiz var. Deməli, qonşunun Qərbyönümlü olması bizə sərf edib, təhdid yaratmayıb. Belədirsə, yenə məntiq yoxdur, elə deyil?!”
“Qərb Ermənistanı gücləndirib Azərbaycana qarşı istifadə edəcək?”
“Bizim media yazır, deyir ki, Qərb Ermənistanı gücləndirəcək, dəstək verib, sonra bizə qarşı hərbi yöndən istifadə edəcək. Nefti, qazı Qərbə satırıq, borular, logistika Qərbə gedir, ABŞ, Aİ ölkələri və Böyük Britaniyanın Azərbaycanda onmilyardlarla dollar yatırımı, böyük iqtisadi maraqları var. Yaxşı, özləri öz maraqlarına niyə mane olsunlar, öz ayaqlarına niyə bağ vursunlar?!
2020-ci ilin yayında Rusiya Ermənistanın əli ilə Tovuzda neft-qaz borularına təhdid yaratmağa çalışanda məhz Qərb buna qarşı çıxdı, ciddi müdafiə tədbirləri gördü. Yaxşı, bu iddiada məntiq haradadır?!
Nə isə, ortalıq toz-duman, normal müzakirə açmaq çox çətindir, amma ağır da olsa, biz yenə ciddi diskurs yaratmağa çalışacağıq…”