Natalya Qaraxanova, Bakı
Sizin balaca, “ev ofisiniz varsa, xadimə ancaq bazar günləri gəlir və onunla ünsiyyətiniz ancaq unitaz üçün təmizləyici vasitənin qurtarması haqda əzilmiş vərəqdə yazılan acıqlı məktublarla məhdudlaşır. Amma ofis böyük, müdirinizsə təmizkardırsa, xadimə bütöv iş günü çalışan ştat işçisi olacaq. Və bədbəxtlikdən təkcə işçi deyil.
Sizdə necə olduğunu bilmirəm, bizdə isə ofis xadimələri ayrıca bir kastadır. Bu, “arıların məxfi həyatının baş verdiyi özünəməxsus kiçik bir dünyadır. Gizli yaşanan sevinc hissləri, qeybət, xırda çəkişmələr və ən əsası Böyük Qardaş olmaq və bədbəxt ofisi öz yenilməz, sərt və ədalətli iradəsinə tabe etmək istəyi.
Bu, yalançı dini ənənələrin, kütlük və şablon düşüncənin sözün əsl mənasında unikal nümunəsi sosial hadisələrin və cəmiyyətimizdə gedən çaxnaşmanın gündəlik güzgüsü rolunu oynaya bilər.
Onların fəaliyyəti çoxüzlüdür, amma Corc Oruellin “1984 əsərinin qəhrəmanı olan Böyük Qardaşın kurasiya etdiyi əsas 4 istiqaməti, deyək ki, “nazirliyi ayırmaq olar.
Həqiqət Nazirliyi
Bəli, bəli, təmizlik gözətçilərinin baş beyin mərkəzi məhz buradadır.
Ofisinizdə xadimə varsa, onun hamı haqqında və hər şeyi biləcəyinə hazır olur. Kim harada yaşayır, kim nə vaxt anadan olub, kim rəhbərliyin gözündə hansı yerdədir?
Onlar manipulyasiya sənətinin gözəl biliciləridir. Yerində sözünü demək, kiməsə nəyisə eyham vurmaq, kimsə onsuz da sözü ağzından qaçıracaq, kimdənsə hansısa məlumatı almaq və özünün çıxardığı dəyərli nəticələrlə birlikdə məlumatı başqasına ötürmək. Nəticədə siz elə bir qeybət burulğanına düşə bilərsiz ki, özünüz də hər şeyin məhz bu cür baş verdiyinə inanmağa başlayacaqsız.
Bundan əlavə həm də beyində sosial qiymət alqoritmləri işə düşür və cəmi bir neçə sual verməklə sizi müəyyən sosial qrupa aid edirlər, buna müvafiq olaraq da davranış maketi qururlar.
Hardansan? Bakıdan? Yoxsa rayondan? Bəs hansı rayondan? Bütün bunlar böyük əhəmiyyət kəsb edir. Yerli bakılısan? Yaxşı. Iri yaşayış məntəqəsindən? Ona da dözərik. Kənddən? nə pis. Yeri gəlmişkən, ata-ananın vəzifəsi nədir, tanınmış qohumların yoxdur ki?
Sülh Nazirliyi
Bu nazirlikdə hərbi hadisələrin son xəbərlərini verirlər. Bu hər şeyə burnunu soxmaq həvəsiylə dolu uçuruma baş vuran kimi siz kimin kimə badalaq gəldiyini, kimin kimi söydüyünü, parkinqdə yerini tutduğunu, küçədə salam vermədiyini, vəzifədən kənarlaşdırdığını və s. biləcəksiz. Kim kiminlə sadəcə yola getmir, kim kimin qatı düşmənidir. Bu zaman siyahıda adınıza rast gəlsəz, təəccüblənməyin. Sizə qarşı Yeni ildə təbrik etmədiyiniz üçün ürəyində kin saxlayan təhlükəli qəribləriniz üzə çıxa bilər.
Sevgi Nazirliyi
Hər bir ofis xadiməsi eyni zamanda həm də aradüzəldəndir. O, mütləq sizin ailə vəziyyətinizlə maraqlanacaq. Burada sizə yenə də onun şüurunun dəqiq alqoritmləşməsinə təəccüblənmək qalır. Belə ki, qadınsınızsa:
• Ərdəsən? – Hə. – Neçə uşağın var? Yoxdur? Niyə? Problemlərin var?
• Ərdəsən? – Yox? – Niyə? Neçə yaşın var? Artıq vaxtındır. Nişanlı olmusan? Gəl, mənə sənə oğlan tapım. Qonşumuzun oğlunun dostu var…
Kişisizsə:
• Ailəlisən? – Hə. – Neçə uşağın var? Yoxdur? Niyə? Yoldaşının problemləri var?
• Ailəlisən? – Yox. – Niyə? Neçə yaşın var? Vaxtındır? Bəlkə sevgilin var, valideynlərin razı deyil? Gəl mən sənə yaxşı bir qız tapım, qonşumun rəfiqəsinin qızı var…
Belə bir vəziyyətdə nə etməli? Artıq bu hörümçək toruna düşmüsüzsə, alqoritmi sındırın. Bu, sürətlə gedən qatarı dayandırmaq üçün bir şey fikirləşib tapın, yoxsa “sevgi burulğanın düşmək təhlükəsi ilə qarşılaşacaqsız.
Misal üçün, məxfi şəkildə deyə bilərsiz ki, çoxdan hörmətli valideynlərinizin istəyiylə hansısa adı gizli qalan cavan oğlanla (ola bilsin uzaq qohumunuzla, bu eyham məlumatı daha da maraqlı edə bilər) nişanlanmısız, amma indi həmin oğlan xaricdə işləyir ki, gələcək ailə sonra yaxşı yaşaya bilsin. Ya da siz hansısa gənc qıza, təbii ki, atanızın yaxın dostlarının qızına söz vermisiz, indi də səbirlə onun bütün ağıllı qızlar kimi təhsilini bitirməyini gözləyirsiz. Biz axı mədəni insanlarıq! Bu halda sizi hörmətlə rahat buraxacaqlar.
Bolluq Nazirliyi
Xadimələr adətən təsərrüfatı idarə etdikləri üçün əksər vaxtlarda kütləvi terror baş verir. Ofisinizdə guya hər dəfə nəsə çatmır, əslində isə hər şey var. Sizdən bu qədər sabun işlətməməyi, “onu yeyirsiz, nədir?, ya da tualet kağızından bu qədər fəallıqla istifadə etməməyi xahiş edirlər, çünki “büdcəyə uyğunlaşmalıyıq. Ya da belə bir vəziyyət yarana bilər, “mən suyu həftə sonu sifariş edəcəm, çünki belə adət etmişəm, buna görə də olan-qalan su həftənin axırına qədərdir, buna görə də onu qənaətlə işlədin. Ya da belə də ola bilər, “hələlik dəhlizə çıxmayın, orada döşəməni yenicə yumuşam, bu da bir qayda olaraq iş gününün düz ortasında, sizə vacib sənədləri çap etdirmək lazım olan vaxt baş verir. Belə bir şəraitdə sağ qalmaq istəyirsizsə, soyuq müharibəyə başlamalı olacaqsız. Belə deyək, düşməni haldan salmalı olacaqsız.
Oruellin əsərində belə bir ifadə var: “Xırda qaydalara riayət edirsənsə, iri qaydaları pozmaq olar. Yəni demək istəyirəm ki, konformizm mövqeyinə riayət edib, xadimənin qaydaları ilə oynasaz, ola bilsin ki, özünüz üçün sakit ofis həyatının müəyyən hissəsini təmin edib, diqqətinizi işinizdə cəmləyə biləcəksiz. İçinizdə qiyamçı ruhu varsa, hələ uzun müddət sakit həyata həsrət qalacaqsız, bununla belə bu zaman ərazini zəbt etmək şansınız da olacaq və artıq sizə sabun və qeyri-bərabər nikah məsələləri ilə bağlı yaxınlaşmayacaqlar. Amma bunlardan hansını seçməyinizdən asılı olmayaraq Böyük Qardaşın sizi izlədiyini unutmayın.
Düşünürsüz ki, bu sadəcə əlində süpürgə ilə gəzən sakit qadındır və işi-peşəsi ancaq döşəməni təmizləməkdir? Bu sizə elə gəlir. Bizdə, Qafqazda xadimə şirkətdə ikinci adamdır. Əlbəttə ki, baş direktorun sürücüsündən sonra.
Dərc edilib 11.06.2016