Nəfəs almaq təhlükəli olanda
Son günlərdə “Facebookun gürcü seqmentində Beynəlxalq Enerji Agentliyinin tədqiqatı haqqında xəbər ən çox paylaşılan xəbər oldu.
Bu tədqiqatın həyəcanlandırıcı məlumatlarına görə, Gürcüstan havanın çirklənməsi səbəbindən ölüm sayına görə dünyada birinci yerш tutur (hesablama hər 100 min insan üzrə aparılıb).
Sənəddə əks olunan metodologiya və rəylər ola bilsin ki, mütləq həqiqət deyil (yeri gəlmişkən, bununla bağlı “Facebookda çoxlu skeptik şərhlər də var – misal üçün: heç vaxt inanmaram ki, Gürcüstanda hava Hindistandakından daha çirklidir).
Amma dərc olunan reytinqə inanıb-inanmamağımız da əsas deyil. Əsas məsələ odur ki, Gürcüstanda havanın çirklənməsinin çox ciddi və hakimiyyətin qarşısını almağa mükəlləf olduğu böyük problem olduğu ilə demək olar ki, hamı razıdır.
Getdikcə daha çox insan yaranan vəziyyətə məhz bu cür yanaşır. Misal üçün, Milli Demokratiya İnstitutunun (NDI) 2015-ci ilin avqust ayında apardığı ictimai fikrin tədqiqatının nəticələrinə görə, əsas problematik məsələlərdən biri kimi respondentlər şəhərdəkənddə ətraf mühitin çirklənməsini qeyd ediblər. (Tbilisidə isə bu problem qeyd-şərtsiz birinci yeri tutub).
Bu, artıq faktdır ki, problem insanlar üçün adi diskomfort çərçivəsindən çıxıb, bunu da Xəstəliklərin və İctimai Səhhətin Nəzarəti Üzrə Milli Mərkəzin məlumatları sübut edir. Bu məlumata əsasən, 2000-2012-ci illər ərzində Gürcüstanda nəfəs sistemi xəstəliklərinin sayı təxminən 3,5 dəfə artıb.
Həmin mərkəzin məlumatına əsasən, Gürcüstanda havanın çirklənməsinin əsas mənbəyi avtomobil nəqliyyatıdır.
Hakimiyyət vəziyyətin yaxşılaşdırılması üçün nə edə bilər?
Mütəxəssislər bu fikirlə razıdırlar ki, siyasətçilərin əsas hədəfi avtomobil olmalıdır. Burada iki məqsədi ayırmaq lazımdır, çünki onlarsız vəziyyətin düzəldilməsi barədə söhbətlər mənasız olacaq:
- Hər bir avtomobil havanı daha az çirkləndirməlidir.
- Avtomobillərin sayını azaltmaq lazımdır (ya da bu gün müşahidə olunan maşınların sürətlə atrımını məhdudlaşdırmaq lazımdır).
Problemi havanın avtomobillər tərəfindən çirklənməsinin azalması müstəvisində nəzərdən keçirsək, mütləq aşağıdakı ölçüləri götürmək lazımdır:
Avtomibillərin texniki vəziyyətinə nəzarət
Bu gün Gürcüstanda avtomobilləri heç kim yoxlamır. Halbuki ətraf mühitin çirklənməsinin azaldılması nöqteyi-nəzərindən avtomibillərə texniki nəzarət olduqca vacibdir. Gürcüstanda texniki baxışın tətbiq olunması barədə danışıqlar çoxdan gedir, realizəsi isə bir neçə dəfə təxirə salınıb. Bunun səbəbi bir tərəfdən ağır sosial vəziyyətdir (texniki baxış sürücülərə əlavə maliyyə problemlərini yaradacaq), başqa bir tərəfdən isə hökumətin hazır olmamasıdır – texniki baxış sistemi sadəcə mövcud deyil.
Avtomobillərin texniki standartlarını çoxdan yadırğamış cəmiyyətdə bunu tətbiq etmək asan olmayacaq. Amma indidən bu problemin həlli ilə məşğul olmağa başlamasaq, vəziyyət daha da ağırlaşacaq. Kompromiss kimi standartların mərhələli, onların tədricən sərtləşdirilməsi ilə qəbulunu tətbiq etmək olar ki, bu da illərlə davam edən indiki fəaliyyətsizlikdən daha yaxşıdır.
Yanacağın keyfiyyətinə nəzarət
Havanın avtomobillər tərəfindən çirklənməsi daha çox istifadə olunan yanacağın keyfiyyətindən, tərkibində müxtəlif maddələrin (misal üçün, kükürd, benzol, qurğuşunun) olmasından asılıdır. Bu mənada gürcü hökuməti son illərdə bir neçə mühüm addım ataraq, qanunvericilik qaydasında idxal olunan yanacaq-sürtkü materiallarının keyfiyyətinə olan tələbi sərtəlşdirdi. Düzdür, bu zaman bu tələblərə riayət olunması məsələsi qalır. Yanacaq-sürtkü materiallarının idxalı ilə məşğul olan şirkətlər həqiqətənmi qəbul olunan standartlara riayət edirlər?
Avtomobillərin idxalı və istismarında məhdudiyyətlər
Avtomibillər havanı eyni cür çirkləndirmir. Misal üçün, köhnə və ya dizel yanacağı ilə işləyən maşınlardan çıxan işlənmiş qaz ekologiya üçün daha təhlükəlidir. Deməli, bu cür avtomobillərin idxalını məhdudlaşdırmaq və ya onların şəhərin bəzi ərazilərində (əsasən, mərkəzdə və ya onun daha çox yüklənmiş hissələrində) hərəkətini məhdudlaşdırmaq lazımdır. Bu cür təcrübə Avropa şəhərlərində var.
İctimai nəqliyyatın yaxşılaşdırılması
Ayrı-ayrı maşınlardan çıxan işlənmiş qazın azalması məsələni tam həll etmir, çünki havanı hər bir maşın çirkləndirir. Buna görə də hakimiyyət ümumilikdə maşınlar tərəfindən ətraf mühitin çirklənməsinin azaldılmasını qarşısına məqsəd kimi qoymalıdır. Bunun üçün alternativ nəqliyyat vasitələrinin istifadəsinə şövqləndirmək, ilk növbədə də ictimai nəqliyyat sahəsində qayda-qanun yaratmaq lazımdır.
[Image_45c5421794794e5eb938c8c5eee50ff4]
İctimai nəqliyyat parkı elə vəziyyətdədir ki, seçim imkanı olan insanlar avtomobilə üstünlük verirlər, avtobus və metrodan qaçırlar. Nəticədə də şəhərdə ildən ilə maşınların sayı artır, sosial şəbəkələr isə ictimai nəqliyyatın servisin keyfiyyətindən narazı insanların şərhləri ilə dolur. Bu, onun nəticəsidir ki, hakimiyyət on illərlə ictimai nəqliyyat sahəsini diqqətdən kənarda qoyub və lazımi qaydada sərmayə sərf etməyib.
Piyadaların şövqləndirilməsi
Ekoloji nöqteyi-nəzərdən piyada gəzmək ən təmiz hərəkət formasıdır. Şəhərdə piyada hərəkət etmək rahatlığı ictimai nəqliyyatın populyarlığı ilə bilavasitə bağlıdır. Sadə dildə desək, avtobuslardan insanlar ən son məqamda – lazım olan yerə piyada getmək çox çətin və ya ümumiyyətlə mümkün olmayan vaxt istifadə edirlər. İnsanların daha çox piyada gəzməsi və bundan həzz ala bilməsi üçün marşrutların rahatlığı, təhlükəsizliyi, onların cəlbedici olması lazımdır. Bu, urbanizmin mühüm vəzifəsidir və hakimiyyət onun öhdəsindən hələ ki, gəlmir.
Bitkilərə qayğı
Ağaclar avtomobillərin havaya mənfi təsirini tamamilə neytrallaşdırmaq iqtidarında deyil, buna görə də şəhərin yaşıllaşdırılmasını maşınlar tərəfindən havanın çirklənməsinin azaldılması üçün yuxarıda sadalanan ölçülərə alternativ kimi nəzərdən keçirmək olmaz. Düzdür, ağaclar qismən də olsa havanı avtomobildən çıxan qazdan təmizlədiyi üçün, şəhərdə yaşıllığın qorunub saxlanması sağlam ekologiyanın yaradılması üzrə kompleks siyasətin elementlərindən biri olmalıdır.
Unutmaq olmaz ki:
- Havanın təmizlənməsi baxımından daha çox faydanı ilk növbədə böyük ağaclar verir. Buna görə də şəhərin yaşıllaşdırılması siyasətində on illər əvvəl əkilən ağaclara qulluq ən mühüm məsələlərdən biri olmalıdır (çünki bu gün əkilən ağaclar ancaq on illər keçəndən sonra daha çox səmərə verə biləcəklər).
- Şəhərin yaşıllaşdırılması zamanı prioriteti əhali sıxlığı böyük olan, daha çox insanın yaşadığı və buna görə də daha çox avtomobilin olduğu rayonlara vermək lazımdır. Əlbəttə, istənilən ərazinin yaşıllaşdırılmasına ancaq sevinmək olar, amma nəzərə almaq lazımdır ki, şəhər kənarında əkilən ağac misal üçün, Ağmaşenebeli prospektində maşınlardan çıxan qazın lokal neqativ effektini neytrallaşdıra bilməz. Maliyyə imkanlarımız məhdud olduğu üçün onları ilk növbədə daha çox ehtiyac olan yerdə istifadə etmək lazımdır.
Dərc olunub 30.06.2016