Məktəbdə dərslərin təxirə salınması, təşviş, zarafat, qəsd nəzəriyyəsi – Bakıda qasırğa gözləyərkən
Bir neçə gün ərzində sinoptiklər Bakı sakinlərini havanın kəskin soyumasına, güclü küləyə və “təhlükəli hava şəraitinə” hazırlayıb. Bakıda mütəmadi olaraq soyuq küləklər əsir və adətən hakimiyyət bununla bağlı heç bir tədbir görmür. Bu dəfə isə fərqli oldu və bakılılar çox həyəcanlandı.
Ehtiyat tədbirləri
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva mətbuata bildirib:
“Abşeron yarımadasında saniyədə 30 metr və daha yüksək sürətli güclü külək gözlənilir. Bu o deməkdir ki, bəzi quru ağacların budaqları qırıla bilər və sairə. Əhali diqqətli olmalıdır. Yaşlı adamlar ehtiyac olmadığı müddətcə küçəyə çıxmasalar yaxşıdır, valideynlər uşaqları küçədə nəzarətsiz qoymamalıdır”.
• Bakıda mərmərlər çox deyilmi?
• Gürcüstanda təşviş. “Donuz qripinə” görə on üç ölüm
Bu cür tədbirlər görülüb:
– Məktəblərdə və bağçalarda iki günlük tətil elan edilib;
– Neftçilər açıq dənizdəki platformalardan sahilə evakuasiya olunub;
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işverənlərə tapşırıb ki, açıq havada çalışan işçilərinin təhlükəsizliyini təmin etsinlər;
– Evsizlər üçün sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib.
Bütün bunlar cəmiyyətdə təşvişə və ən müxtəlif şaiyələrin yayılmasına səbəb olub. İnsanlar artıq sadəcə güclü külək yox, əsl qasırğa gözləyirdi.
Bakılıların reaksiyası
Yanvarın 16-da axşam saatlarında gözlənilən qasırğa Bakıda ən çox müzakirə olunan mövzuya çevrilib:
Sosial şəbəkələrdə zarafatlar dalğası. Hər kəs “külək mövzusunda” hamıdan daha iti yumor sərgiləməyə çalışıb. Bəziləri qasırğaya ad fikirləşməyi təklif edib (Amerika tornadolarının adlandırılması kimi). Variantlar əsasən yerli koloritli olub. Məsələn, qədim qadın adları.
– Dünyanın sonuna hazırlaşırmış kimi. İmkanı olanlar 17-18 yanvara planlaşdırdıqları bütün işlərini təxirə salıb, bütün sınan əşyaları balkondan götürüb, iki gün ərzində evdən çıxmamaq üçün tədarük görüblər.
Bundan başqa hakimiyyətin bu cür qeyri-ənənəvi davranışı müxtəlif “qəsd nəzəriyyələrinin” ortaya çıxmasına rəvac verib. Onlardan iki ən populyarı.
– Güclü külək Gürcüstandan donuz qripi virusunu gətirə bilər. Səhiyyə Nazirliyi rəsmən bu informasiyanı təkzib etməli olub.
– İnsanları qorxudurlar ki, müxalifətin yanvarın 19-a təyin olunmuş mitinqinə getməsinlər. Digərləri bunun mitinqlə mübarizə üçün çox radikal metod olduğunu deyərək, bu versiyaya qarşı çıxıblar. Üstəlik şənbə günü havanın stabiləşəcəyi bildirilir.
Yanvarın 17-də səhər Bakıda havanın temperaturu +4 dərəcəyə enib, küləyin sürəti isə saniydə 15 metrdir, zaman-zaman 26 m/s-ə qədər yüksəlir. Bofort şkalasına görə güclü külək kimi dəyrləndirilir. Uzağı güclü fırtına kimi. Amma qasırğaya (33m/s) heç cür uyğun gəlmir. Hər kəs xəyal qırıqlığına uğrayıb.
Yanvarın 17-də gündüz saatlarında arıq təşviş geridə qalıb, amma külək hələ də sosial şəbəkələrdə müzakirələr və statuslar üçün ən populyar mövzu olaraq qalır.