Əfqana azadlıq! Gürcüstan jurnalistləri azərbaycanlı həmkarlarına dəstək aksiyasına çıxdılar
Gürcüstan hakimiyyətinin nümayəndələri Tbilisidən mayın 29-da oğurlanan azərbaycanlı jurnalistin məsələsi ilə bağlı ilk şərhlər verdilər.
Dövlət təhlükəsizliyi xidmətinin başçısı Vaxtanq Qomelauri bildirib ki, azərbaycanlı jurnalist “yaşıl sərhəd” deyilən yerdən, yəni qanuni keçid olmayan, “pasportun lazım olmadığı” yerdən keçib. Qomelaurinin sözlərinə görə, DİN istintaqa başlayıb və bütün detalların araşdırılması üçün Azərbaycan tərəfinə müraciət edib.
Azərbaycandan olan müxalifətçi jurnalist Əfqan Muxtarlı Tbilisinin mərkəzində mayın 29-da, axşam itib. Üstündə pasportu yoxuydu. Sonra məlum olub ki, Muxtarlı Bakıdakı istintaq təcridxanasına gətirilib.
Azərbaycanda reaksiya
Bu gün Əfqan Muxtarlının yanına vəkilini buraxıblar. Azərbaycanlı jurnalistlərin məlumatına görə, onu dindirirlər.
Bu gün səhərdən Bakıda məhkəmə binası qarşısında Muxtarlının ailə üzvləri, jurnalistlər və fəallar toplaşıb. Onu məhkəməyə aparıb, ittiham irəli sürməlidirlər, bu gün də məhkəmə qəti imkan tədbiri məsələsini nəzərdən keçirəcək. Təxmin edilir ki, Muxtarlının barəsində üç ay müddətinə həbs qəti imkan tədbiri seçəcəklər.
Azərbaycan tərəfinin rəsmi versiyasına görə, Muxtarlının özü sərhədin Laqodexi-Balakən zonasında keçib, üstündə 10 min avro varıydı.
Vəkilin sözlərinə görə, Muxtarlının bədənində zorakılıq izləri görünür, onu döyüblər.
İqtidaryönlü Azərbaycan mediası xəbər verir ki, Azərbaycan hakimiyyəti “nəhayət anti-Azərbaycan hərəkatının əsas lideri və ölkənin düşmənini həbs edib”. Müxalifət saytları isə bildirir ki, bu, jurnalistlərə təzyiqdir. Bununla da hakimiyyət onlara xəbərdarlıq edir ki, onlar daha Gürcüstanda təhlükəsizlik şəraitində olmayacaqlar.
Gürcüstanda reaksiya
Tbilisidə hökumət dəftərxanasının binası qarşısında Əfqan Muxtarlını dəstəkləmək məqsədiylə bu gün jurnalistlər, QHT nümayəndələri və fəallar toplaşıb. Onlar hakimiyyətdən jurnalistin yoxa çıxması ilə bağlı suallara cavab verməyi tələb ediblər. Aksiyanın təşəbbüskarı kimi Gürcüstanın jurnalist etikası üzrə xartiya şurası çıxış edib.
“Biz saxlanılan azərbaycanlı həmkarımızla həmrəylimizi ifadə edirik. Təəssüf ki, Gürcüstanda insan hüquqları qorunmurmuş. Baş verənləri təsəvvür etmək belə mümkün deyildi. Biz bütün suallara cavab verəcək tədqiqatın aparılmasını tələb edirik”, – jurnalist xartiyasının direktoru Nata Cvelişvili bildirib.
Bu gün 10 qeyri-hökumət təşkilatı yaydığı xüsusi müraciətində bir məsələyə xüsusi diqqət yetirib ki, son zamanlar Gürcüstan ölkədə yaşayan və Azərbaycanı Əliyev hakimiyyəti ilə problemləri ucbatından tərk edən azərbaycanlı fəallar və jurnalistlərə ciddi problemlər yaradır.
“Son zamanlar dövlətin oturum icazəsi və ya siyasi sığınacaq verməkdən imtina etməsi halları artıb. Bu, Gürcüstan hökumətinin Azərbaycan hakimiyyətinə qarşı siyasi loyallığı ilə bağlı şübhələr yaradır ki, bu da demokratiyanın fundamental prinsiplərinə və insan haqlarının müdafiəsi ideyasına ziddir”, – bəyanatda deyilir.
Muxtarlı məsələsi ilə bağlı cavabları hakimiyyətdən müxalifət də tələb edir. “İstənilən bu cür fakt Gürcüstanın beynəlxalq imicinə zərbə endirir. Gürcüstan hökuməti Gürcüstanın suveren maraqlarını qorumalıdır. Bu hakimiyyət bunu edə bilmir. Beynəlxalq ictimaiyyət Gürcüstan hakimiyyətinin hərəkətlərindən ciddi narahatlıq keçirir”, – Vahid Milli Hərəkat partiyasının üzvü Salome Samadaşvili bildirib.
Əfqan Muxtarlı kimdir və Gürcüstana necə gəlib çıxıb
Əfqan Muxtarlı Gürcüstana üç il əvvəl ailəsi ilə birlikdə gəlib. Gürcüstana gələnə qədər hərbçi məmurlar tərəfindən əsgərlər üçün nəzərdə tutulan vəsaitin mənimsənilməsi barədə araşdırma məqalə üzərində işləyib. Muxtarlı həm də saxlanılan azərbaycanlı jurnalistlərə dəstək aksiyalarında fəal iştirak edib, öz mövqeyini də “Facebook”da bildirib. O, bir qədər əvvəl həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılın dostudur, onu fəal şəkildə dəstəkləyib ki, buna görə də Azərbaycan hökuməti onu təqib və təhdid edirdi.
Tbilisiyə gələndən sonra Muxtarlı Gürcüstandan oturum icazəsi istəyib və bir qədər sonra alıb. Amma 2016-cı ildə Azərbaycan tərəfinin tələbilə ona Gürcüstanda oturum icazəsini dayandırıblar. Azərbaycan prokurorluğu Gürcüstan hökumətinə bildirib ki, ölkədə bir neçə Azərbaycan vətəndaşı var ki, onların Gürcüstanda olması iki dövlət arasında münasibətlərə xələl gətirir.
Oğurluq
Son dəfə Muxtarlını onun dostu Tbilisidə keçmiş Kolxoz meydanı ərazisində görüb. Sonradan o vəkilinə bildirib ki, evinin yanında oğurlanıb. Onu zorla maşına mindirib, əllərini bağlayıb, döyməyə başlayıblar. Üzündə və bədənində zorakılıq izləri görünür. Qabırğasının sınması ilə bağlı şübhələr var. Tbilisidən kənara çıxanda onun başına paket keçiriblər. Azərbaycan sərhədinə qədər onu oğurlayan adamlar maşını iki dəfə dəyişiblər.
“Nəzarət-buraxılış məntəqəsinə çatanda məni maşından düşürüb, cibimə pul qoydular”, – Muxtarlı telefonla vəkilinə məlumat verib.
Ona iki maddə üzrə ittiham irəli sürülüb – sərhədi qanunsuz yolla keçmək və nağd pul qaçaqmalçılığı.
Oğurlanana qədər Muxtarlı deyirdi ki, Tbilisidə onu daimi izləyiblər, son 6 ay ərzində isə Gürcüstan hakimiyyəti ölkədə yaşayan siyasi mühacirlərə problemlər yaradıb.