Bir nəfər üçün ekspozisiya: Azərbaycanda muzeylərin açılması kimə lazım idi
Operativ qərargahın 31 avqust 2020-ci il tarixli qərarı ilə Azərbaycanda koronavirus pandemiyasına görə sərt karantin rejimindən sonra fəaliyyəti bərpa olunan ilk məkanlar muzeylər və sərgi salonları oldu. Bu məkanlara maraq isə yoxdur. Elə günlər var ki, məşhur muzeylərdən birinə cəmi bir ziyarətçi gəlir.
Qərar kimə lazım idi?
“Muzey mənim nəyimə gərəkdir axı? Acqarına muzey gəzərlər? Orada xərcləyəcəyim pulla evimə bir çörək alaram”, – Bakı sakini Rayə İbrahimxəlilova JAMnews-a bildirib.
• Bakı deyil, amma pis alınmayıb?
• 90 saniyə: Ermənistanda uşaq evlərindən sonrakı həyat
• Hamıdan qaçan qəribə musiqiçi: salyanlı gitara ifaçısı Səxavətin ilk və son müsahibəsi
Pandemiyadan əvvəl də sosial yardım üçün müvafiq dövlət qurumlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, onun məktubları cavabsız qalıb. İllərdir qəzalı vəziyyətdə olan evdə yaşayan Binəqədi rayon sakini muzeylərin fəaliyyətinin bərpası ilə bağlı qərarın onun üçün əhəmiyyətli olmadığını deyib.
Bu qərara mənfi münasibət bəsləyən yalnız sadə vətəndaşlar və sosial media istifadəçiləri deyil. İncəsənət damlarının özləri də muzeylərlə sərgi salonlarının bütün məkanlardan daha tez açılmasını birmənalı qarşılamayıblar.
Məşhur müğənni Ədalət Şükürov özünün “Instagram” səhifəsində videomüraciət yayaraq, operativ qərargaha səslənib: “İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb. Yəni başqa problemimiz yox idi? Yeganə problem sərgi, muzey idi, onu da açdınız?!”
Muzeylərin özündə vəziyyət necədir?
Bakının mərkəzində yerləşən Milli Azərbaycan Tarixi Muzeyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov Nazirlər Kabineti yanında operativ qərargahın qərarından çox razı qaldığını və bunun müsbət hal olduğunu dedi:
“31 avqust qərarından sonra biz də öz fəaliyyətimizi bərpa etdik. Bu qərarı düzgün qiymətləndiririk, çünki elə bir çətin məqam idi ki, əhaliyə fikrini dağıtmaq lazım idi. İnsanlar onsuz da müəyyən vaxt aralığında gəzməyə çıxırlar. Niyə həmin vaxt ərzində muzeylərə üz tutub, incəsənətlə maraqlanmasınlar?”
Muzeyin girişində bizi salamlayan yazıdan aydın oldu ki, burada karantin rejiminin qaydalarına ciddi əməl olunur. Emin Dadaşov karantindən sonrakı dövr üçün ziyarətçi sayından razıdır.
Biletlər ucuzlaşıb, gələn isə yoxdur
“Hazırda muzeyimiz 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Eksponatların yerləşdirilməsi prosesi davam edir, lakin ziyarətçilər Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi və “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisini gəzə bilərlər. Təbii ki, tələblərə uyğun olaraq, ara məsafəsini gözləmək, maskadan istifadə etmək və 10 nəfərdən artıq olmamaq şərtilə muzeyi ziyarət etmək olar. Karantindən əvvəl muzeyə girişin qiyməti böyüklər üçün 5 manat, məktəblilər üçün 3 manat təşkil edirdi, amma pandemiyanı nəzərə alaraq, qiymətləri 2 manata endirmişik”, – Emin Dadaşov bildirib.
Muzeyin kassiri Gülşən xanım ziyarətçi sayının günlərə görə dəyişdiyini deyir: “Elə gün olur 20 nəfər qarşılayırıq, elə gün olur bir nəfər”.
Hüseyn Cavidin ev-muzeyinin elmi ekpozisiya müdiri Lalə Əliyeva isə qərarın ictimaiyyət tərəfindən birmənalı qarşılanmadığını etiraf edib. Karantin rejimindən əvvəl ziyarətçi axınından razılıq edən Lalə xanım hazırda bu sayın qənaətbəxş olmadığını bildirib.