Tətil, bağlanmış yollar və Ermənistanda istefalar: müxalifət baş naziri necə devirməyə çalışır?
Ermənistanda Qarabağ müharibəsində həlak olanların xatirəsinə elan olunmuş üç günlük matəmdən sonra etiraz aksiyaları başlayıb. Müxalifət yenə də baş nazirin istefasını tələb edir.
Üstəlik onlar 2018-ci il “məxməri inqilab” zamanı hərəkatın lideri Nikol Paşinyanın istifadə etdiyi vasitələrə əl atırlar. Onun istefasını tələb edən müxalifətçilər də yolları bağlamağa, ümummilli tətil təşkil etməyə çalışır.
Dekabrın 22-ni müxalifət “mübarizənin həlledici günü” adlandırıb – Yerevanın əsas meydanında minlərlə insanın iştirakı ilə mitinq baş tutub. Birləşmiş müxalifət partiyalarının liderləri, o cümlədən də baş nazir vəzifəsinə onların vahid namizədi Vazgen Manukyan çıxış ediblər. O, ordunu və polisi müxalifət hərəkatına qoşulmağa və birlikdə Nikol Paşinyanın istefasına nail olmağa çağırıb.
Müxalifətin aksiyasından bütün təfərrüatlar – Ermənistanda hansı yollar bağlıdır, hərbçilərdən kim istefa verib, bütün bunlar haqda baş nazir Nikol Paşinyan nə düşünür?
- Ermənistanın cənub bölgəsinin sakinləri baş naziri regiona buraxmayıblar: Sünik niyə qiyam qaldırıb?
- Dağlıq Qarabağ: “yeni” və “köhnə” qaçqınları nə gözləyir?
Mitinq necə keçib?
Müxalifət yenə də baş nazirə iradlarını səsləndirib və Nikol Paşinyanın istefasını tələb ediblər, çünki o, “milli maraqlara xəyanət edib və Qarabağ haqda biabırçı bəyyanatı imzalayıb”.
“İki il yarım ərzində o, elə həddə çatıb ki, insanlar Nikol adını çəkməkdən çirkinir”, – EİF “Daşnaksütun” partiyasının nümayəndəsi Geqam Manukyan deyib.
O, hətta nümayişçiləri tez-tez səsələndirilən “Ermənistan Nikolsuz” şüarını növbəti aksiyalarda “Ermənistan onsuz” kimi səsləndirməyi təklif edib.
“Daşnaksütun” partiyasının digər nümayəndəsi İşxan Saqatelyan baş nazir Nikol Paşinyanın istefasına nail olmağa imkan verən dörd konstitusiya, hüquqi mexanizm haqda danışıb:
“Birinci variant – baş nazir özü istefası haqda bildirir, ikinci yol – parlament növbədənkənar iclas çağırır və Paşinyanın istefası məsələsini müzakirə edir, üçüncü yol – Baş Prokurorluq dövlətə xəyanət əməli üzrə cinayət işi qaldırır, dördüncü – hökumət nazirlərin 2/3 hissəsinin tələbi ilə növbədənkənar iclas çağırır və baş nazirin istefası məsələsini müzakirə edir”.
Saqatelyanın sözlərinə görə, müxalifət bu dörd istiqamətdə işləyəcək.
Baş nazir vəzifəsinə müxalifətin namizədi Vazgen Manukyan bildirib ki, o, “indiyə qədər xalqa və dövlətə görə utanır”:
“Utanıram ki, biz hələ də bu adamı [Paşinyan haqda danışır] kənara atmamışıq. Mən bu dövlətin təməlini qoyanlardan biri olmuşam [müstəqil Ermənistan Respubikasının ilk baş naziri olub] və bu biabırçı məğlubiyyətə görə şəxsi məsuliyyət hiss etmişəm. Amma bugün sizin gözlərinizə baxıram və fəxr edirəm. Mən burada məğrurca gələcəyə baxan xalqı görürəm. Biz xəyalını qurduğumuz dövləti quracağıq”.
“Çiçəklənən Ermənistan” partiyasını təmsil edən Naira Zohrabyan bildirib ki, indən belə müxalifət gündəlik itaətsizlik aksiyaları keçirəcək, “Nikol Paşinyan istefaya gedənə qədər”.
Bütün çıxışlardan sonra müxalifətçilər etirazçıları bütün girişləri bağlayaraq hökumət binasını mühasirəyə almağa çağırıblar.
Hansı yollar bağlıdır?
Yerevanda mitinq getdiyi müddətdə Paşinyanın əleyhdarları Yerevan-Vanadzor yolunu bağlayıblar.
Etiraz hərəkatının fəallarından biri Geqam Manukyan nümayişçilərə bildirib ki, İcevan-Yerevan və Vanadzor-Dilican yolları da bağlıdır.
“İnsanlar Paşinyanın istefasını tələb edirlər”, – müxalifətçi bildirib.
Kim istefa verib?
Hazırkı hakimiyyətə etiraz əlaməti olaraq Post-Patrul Xidmətinin xüsusi batalyonunun komandir müavini Xaçatur Tovmasyan istefa verib. Bu silahlı hissəni xalq arasında “qırmızı beretlilər” adlandırırlar.
Müxalifətçi liderlər bu haqda mitinqdə bildiriblər və zabitin müraciətini oxuyublar. Müraciətində Xaçatur Tovmasyan deyir ki, onun üçün insani və mənəvi dəyərlər daha üstündür və o, “yalançı və özünə hörmət etməyən hökumətə, məsuliyyətsiz insanlara xidmət etməyi mümkün hesab etmir”.
Nikol Paşinyan nə düşünür?
Baş nazir müxalif hərəkatı keçmiş hakimiyyətin “elita qiyamı” adlandırıb.
“2018-ci il inqilabı nəticəsində hakimiyyətindən məhrum olan “elita” revanşa nail olmağa çalışır”, – Nikol Paşinyan Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, real qarşıdurma hökumət və müxalifət arasında yox, üstünlüklərdən mərhum olan “elita” ilə xalq arasında baş verir:
“Amma istənilən halda, həlledici söz xalqındır, çünki əgər xalq öz sözünü desə, “elita” heç nə edə bilməyəcək. Əlbəttə, mən insanların öz sözünü demək imkanını əlsən verməmələri üçün mükmün hər şeyi edəcəm. Amma hazırda bizim üçün prioritet Ermənistan və Artsaxda xarici təhlükəsizliyi təmin etməkdir. Bu proseslərdə xarici təhlükəszilik heç bir halda sual altında qalmamalıdır”.