Müxalifət DİN-ə hücum etdi
Suxumda müxalifət tərəfdarları Dadixili İşlər Nazirliyinin binasını mühasirəyə alaraq, prezident Xadjimbanı məcbur etdilər ki, daxili işlər naziri Leonid Dzyapşbanı vəzifəsindən uzaqlaşdırsın. Prezidentə etimadla bağlı referendumun vaxtının iyuldan payıza keçirilməsi ilə bağlı ikinci tələbin yerinə yetirilməsinə isə nail olmadılar.
“Bax, siz burada mikrofonla durub, nəsə gözləyirsiz, həqiqəti isə onsuz da təhrif edəcəksiz! – DİN binasının qarşısında 30 yaşlarında olan kişi mənə müraciətlə deyir. Bununla da sözü bitmir.
– Bilirsiz, sabah mən yaxşı işimi itirəcəm. 10 ilimi bu işə vermişəm, sabah isə itirəcəm.
– İşdən çıxırsız?
– Heç hazırlaşmırdım da.
– Sizi çıxarırlar?
– Sabah rəhbərliklə ağır söhbətimiz olacaq.
Təsadüfi həmsöhbətim məni provokasiya etmirdi, heç dava da axtarmırdı. Belə bir təəssürat yaranırdı ki, o sadəcə danışmaq istəyir. Bəlkə də uzun müddətdən sonra bu gün ilk dəfə idi ki, ürəyini boşaltmaq istəyirdi.
– Harada işləyisiz ki?
– “Çernomorenerqoda, artıq on ildir.
– Bəs niyə sabah işinizi itirəcəyinizi düşünürsüz?
– Belə hiss edirəm. Bilirsiz, axı mən heç vaxt siyasətlə maraqlanmamışam. Bütün bunlardan uzaq adamam. Ötən seçkilərdə isə namizədlərdən birini dəstəklədim və başlandı. Əmim Zantariyanı.
Söhbət 2014-cü il seçkilərində prezidentliyə namizədlərdən biri olan Aslan Bjaniyadan gedirdi. O, əslən Zantariya klanının ata-baba yurdu olan Tamış kəndindəndir. Hazırda müxalifət liderlərindən biridir. Həmkəndlilərin və qohum-qonşunun “özününkülərə” dəstək olunması isə burada adətdir.
Hər şey necə başlayırdı
Hər şey “Amtsxara müxalifət partiyasının filarmoniyanın yanındakı parkda keçirilən qurultayından başlandı.
Qurultayın müxalifət qüvvələri blokunun liderlərinin çıxışlarından ibarət rəsmi hissəsi bəyannamənin qəbulu ilə sona çatdı. Burada iki tələb irəli sürülürdü:
· Birinci tələb – prezidentə etimadla bağlı referendumu payıza keçirmək.
· İkinci tələb – Abxaziya Respublikasının daxili işlər naziri Leonid Dzyapşbanı dərhal tutduğu vəzifədən kənarlaşdırmaq.
Ultimatumun yerdə qalan bəndləri bu əsas iki bəndə əlavə idi.
Qurultay iştirakçıları həm də Abxaziya vətəndaşlarına etibarlılıq müddəti bitən vəsiqə və pasportlarla səs verməyə icazə verilməsini, bundan başqa Rusiya ərazisində səs vermək üçün məntəqələrin açılmasını tələb edirdilər.
Bundan əlavə, müxalifət ona dövlət kanalında daimi əsasda efir vaxtının verilməsini və “tərkibinə müxalifət nümayəndələrinin də daxil olduğu İctimai Müşahidə Şurasının fəaliyyətinin dərhal bərpa olunmasını tələb edirdi.
İştirakçılar qətnaməni qəbul edəndən sonra dövlət başçısının qəbuluna gedəcək nümayəndləri seçdilər. Bunlar Gömrük Komitəsinin keçmiş sədri Səid Tarkil, Xalq Məclisinin deputatı Axra Kvekveskiri və Abxaziya Qəhrəmanı Lesik Tsurba oldular.
Prezident müxalifət nümayəndələrini qəbul etdiyi müddətdə filarmoniyanın yanında toplaşanlar nümayəndələrini DİN binasının qarşısında gözləmək qərarına gəldilər. Bu iki obyekt arasında yüz metrdən az məsafə var. Nazirlik binasının yanında insanların toplaşması da bu cür başlandı.
Prezidentlə müxalifətin görüşündən sonra
Prezident Xadjimba danışıqlar zamanı problemin reallığını nəzərə alaraq, yalnız etibarlılıq müddəti bitən pasportlarla bağlı tələblə razılaşdı. Respublikada xeyli adam pasportunu çatdırıb dəyişdirə bilməyib, bununla belə onlara referendumda iştirak etmək imkanı vermək üçün Nazirlər Kabineti Abxaziya Respublikası vətəndaşlarının bütün etibardan düşmüş pasportlarının etibarlılıq müddətinin 10 iyul 2016-cı ilə qədər uzadılması haqda qərar verdi.
Prezident Administrasiyası binasından çıxarkən müxalifətin nümayəndə heyətinin üzvü Axra Kvekveskiri dedi: “Demək olmaz ki, bizi ümumiyyətlə eşitmədilər. Pasportlarla bağlı kompromis əldə olunub. Yerdə qalan qərarların verilməsini gözləyəcəyik.
Müxalif blokun nümayəndələrinin arxasınca prezident Xadjimba çıxdı. Bu vaxt onun tərəfdarları da artıq prezident administrasiyasının qapısının ağzına toplaşmışdı və onlar müxalifətlə söhbətin nəticələri barədə məhz prezidentin dilindən eşitmək istəyirdilər.
“Sizi bütün bunlara davam gətirməyə çağırıram. Biz təxribatlara uymamalıyıq. Bizim bütün məsələləri necə lazımdır həll eləməyə gücümüz və vasitələrimiz var. Heç bir şəkildə qarşıdurmaya yol vermək olmaz! Referendumu təxirə salmayacam. O, iyulun 10-na təyin edilib və məhz həmin gün də keçiriləcək. Pasport məsələsinə gəlincə, … mən razılıq verdim. Belə pasportların sayı cəmi dörd minə yaxındır, onlar referendumun taleyini həll edəcəklərsə, mən buna razıyam, – Xadjimba dedi.
DİN-in ətrafında nə baş verirdi?
Bu zaman Daxili İşlər Nazirliyi binasının qarşısında yeni fikirlər yaranırdı. Cəmi iyirmi dəqiqə ərzində bura toplaşanlar nazirliyin ərazisinə soxula bildilər. Jeep və trosun köməyiylə darvazanı sökdülər və izdiham binaya tərəf götürüldü.
Milis əməkdaşları onların qarşısını almağa çalışırdılar, amma camaat daş və əlinə keçən digər vasitələrdən istifadə etməyə başlayanda, asayiş keşikçiləri geri çəkilməli oldu.
Bir müddət sonra DİN binasının ətrafında hamını görmək mümkünüydü – həm müxalifət, həm prezident tərəfdarları, həm də neytral mövqe tutanlar, təbii ki əgər Abxaziyada belələri ümumiyyətlə varsa. Administrasiya rəhbəri, nazirlər, deputatlar. Mən burada bütün siyasi partiyaların nümayəndələrini gördüm.
Qorxulu deyildi, qəribəydi. Tələbəlik illərində Moskvada onlarla mitinq və yürüşdə, o cümlədən də 2012-ci ildə Bolotnaya meydanında keçirilən aksiyalarda iştirak etmişəm. Tək ötən ilin fevral ayında beş dəfə polis tərəfindən saxlanılmışam. Amma kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından asılı olmayaraq, Abxaziyada belə bir qarşıdurmanın şahidi olmaq istəmirdim.
DİN binasının yanındakı vəziyyət gərginləşirdi, buna da əslində 20-30 nəfər rəhbərlik edirdi – flaqştokları yırğalayan və binanın başına çıxmaq istəyənlərin sayı o qədər də çox deyildi.
Biz, jurnalistlər bilavasitə nazirliyə bitişik, işləməyən uşaq bağçası binasının eyvanında durmuşduq. Buradan hər şeyi yaxşı görə bilməsək də, müxalifət qüvvələri blokunun liderlərinin digər siyasətçilərlə birlikdə izdihamın qarşısını almağa çalışdıqlarını görürdük.
Ara-bir insanlar daxili işlər nazirinə müraciətlə “Çıx! – deyə qışqırırdılar. Çıxanlar isə başqaları olurdu – gah baş prokuror, gah da müdafiə naziri.
Bir dəfə binanın qapısının üstünə içində partlayıcı yanar maddə olan butulka düşdü. Milislər alovu söndürdülər, qəzəblənmiş kütlə isə bir az da fəallaşaraq, nazirliyin binasına doğru daha bir həmlə etdi. Milis əməkdaşlarından birini halı pisləşdiyi üçün binadan çıxardılar, onu təcili tibbi yardım maşını apardı.
Daxili işlər naziri vəzifəsindən kənarlaşdırıldı
Belə hiss olunurdu ki, DİN binasının qarşısına gələnlərin çox az hissəsi nə baş verdiyini anlayırdı. Axşam saat on radələrində nazirin vəzifəsindən kənarlaşdırılması ilə bağlı çoxdan gözlənilən xəbər yayıldı. İzdiham isə bunu öz bildiyi kimi anladı: alqışlar altında onlar DİN-in qapısını sındırmaq cəhdlərini davam etdirdilər.
Axşam saat on bir radələrində nazirlik binasının qarşısına vitse-prezident Vitali Qabniya gələrək, Leonid Dzyapşbanın daxili işlər naziri vəzifəsinin icrasından müvəqqəti kənarlaşdırılması haqda prezident fərmanını oxudu. İzdiham yavaş-yavaş dağılışmağa başladı. Müxalifətçilər “Amtsxara qərargahına, mövcud hakimiyyətin tərəfdarları isə prezident administrasiyasına tərəf getdilər.
Administrasiya binasının qapısının ağzına çıxan prezident Raul Xadjimba mövcud hakimiyyətin siyasətini dəstəkləyən insanlara müraciət etdi:
“Özünüz hər şeyi gördüz. Heç kimin şübhəsi yoxdur ki, bununla da hər şey bitəcək. Amma biz ehtiyatlı olmalı, birləşməliyik. Lazım bilirsizsə, camaatı toplayıb, bütün məsələləri müzakirə edək.
İnsanlar bir-birinin sözünü kəsərək, prezidenti, cavabını yəqin ki, heç kimin – nə prezidentin, nə də müxalifətin bilmədiyi sual atəşinə tutdular.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
İlk dəfə dərc olunub: 8.07.2016