Müxalifətçi bütün ermənilərin Katolikosu ilə görüşəndən sonra aclığı dayandırıb
EİF “Daşnaksütun” partiyasının nümayəndəsi Geğam Manukyan doqquzuncu gündə aclığı dayandırıb. O, noyabrın 23-də Ermənistanın baş nazirinin istefası tələbi ilə aclıq aksiyasına başlamışdı. Müxalifətçi bildirib ki, bu mübarizə üsulunun seçilməsi “Daşnaksütun” partiyasının yox, onun şəxsi qərarıdır.
Ermənistanda minlərlə insan və müxalif partiyalar noyabrın 10-dan – Qarabağda atəşin dayandırılması haqda üçtərəfli sənəd imzalanandan dərhal sonra Nikol Paşinyanın istefasını tələb edirlər. Onlar hesab edirlər ki, baş nazir Qarabağ ərazilərinin Azərbaycana könüllü təhvil verilməsi haqda “xəyanətkar razılaşma” imzalayıb.
Dekabrın 1-də “Daşnaksütun” partiyasının nümayəndəsi bildirib ki, bütün ermənilərin Katolikosu II Qaragin onu ziyarət edib və aclığı dayandırmağa çağırıb, “çünki siyasi mübarizənin başqa metodları da var”.
“Katolikosun çağırışını rədd etmək çətindir. Bugündən biz tərəfdaşlarımızla birlikdə [Manukyanın aksiyasına dostları da qoşulub] aclığı dayandırırıq və mübarizəyə davam edirik. Yeni gün, yeni mübarizə”, – Geğam Manukyan Facebook səhifəsində yazıb.
Müxalifətçi gələcək addımları haqda daha sonra məlumat verəcəyini vəd edib.