“Mütaliə etməyən” Bakıdan kitab hekayələri
“Əvvəllər, sovet vaxtı hər şey daha yaxşıydı, cavanlar da smartfon əlində gəzmir, kitab oxuyurdu. Azərbaycanda orta və yaşlı nəslin nümayəndələrinin iradları təxminən belə səslənir.
Gənclər isə öz növbəsində sual edirlər – hətta ən mükəmməl kitab müasir insanın həyatında və düşüncə tərzində ciddi dəyişiklik edə bilərmi?
Müasir Azərbaycanda “mütaliə əmsalının nə dərəcədə yüksək (və ya aşağı) olması statistika tədqiqatının mövzusudur.
Ədəbiyyatın nə dərəcədə beyinlərə təsir etməsi isə psixoloji və sosial tədqiqatın.
Bizim isə sadəcə insanlar və kitablar haqqında bir neçə hekayəmiz var.
Aidə Həsənova və “Uzun corab Peppi
“Bu kürən həyasız qız həyatımı məhv elədi, – deyən Aidə Həsənova İsveç yazıçısı Astrid Lindqrenin məşhur nağıl qəhrəmanı Uzun Corab Peppini nəzərdə tutur.
Annotasiya:
Peppi – “Toyuq villasında tək yaşayan kürən saçlı, çilli qızdır. Onun qeyri-adi fiziki gücü, bir çamadan qızılı var. Bundan başqa da cəsarətli, xeyirxah və coşqun fantaziyalı bir qızdır. Buna görə də yanındakılara darıxmağa imkan vermir.
Kitabı oxuyan balaca Aidə faktiki olaraq Peppini özünə kumir seçir, baxmayaraq ki, həmin yaşda heç kumir sözünün mənasını da bilmirdi.
“Bu qızdan çox xoşum gəlirdi, bu qədər səmimi və cəsarətli, öz qaydaları ilə yaşayan bir qız. Mən onun bütün dediklərinə sidq ürəkdən inanırdım. İnanırdım ki, “ürək isti olanda və bərk döyünəndə üşümək mümkün deyil, inanırdım ki, xeyirxahlıq özünü yaxşı aparmaqdan xeyli daha vacibdir və s. Hətta müəyyən mənada onun davranış və təfəkkür modelini təqlid edirdim.
Sonradan, yəni artıq böyüyəndən sonra dəfələrlə bunun peşmanlığını da çəkdim. Çünki real həyatda hər şey çox fərqlidir. Amma dərd orasındadır ki, hətta Peppinin “məsləhətlərinin sadəlövh çərənləmədən başqa bir şey olmadığını və real həyatda işləmədiyini bilə-bilə yenə də onlara inanıram.
Arzu Süleymanova və “Məhkum şəhər
Tələbələrinin əyləncə gecəsində müəllimənin iştirak etməsi artıq maraqlıdır. Yaşca xeyli daha gənc oğlanın ona maraq göstərməsi isə lap Hollivud melodramının başlanğıcına oxşayır. Amma Arzu heç də belə bir melodramın qəhrəmanı olmağa hazırlaşmırdı. Heç oğlan da onun zövqüncə deyildi – görünüşcə brutal və o qədər də savadlı olmayan gənc təsiri bağışlayırdı.
“Bir təhər ondan canımı qurtarmaq üçün intellektual səviyyələrimizdəki fərqi nümayiş etdirmək istədim və istehza ilə xəbər aldım: “Görəsən, indiki gənclər nə oxuyur? – dedim və düşündüm ki, indi “Mən ümumiyyətlə daha çox kinoya baxmağı sevirəm, – cavabını eşidəcəm. Əvəzində isə oğlan cavab verdi ki, hazırda Struqatski qardaşlarının “Məhkum şəhər kitabını oxuyur. Heyrət içində idim! Axı bu kitab hələ 1993-cü ildə mənim düşüncələrimi alt-üst etmişdi! Və bütün bu müddət ərzində elə bilirdim ki, məndən başqa bu kitabdan heç kimin xəbəri yoxdur.
Annotasiya:
“Məhkum şəhər Rusiyalı fantastlar Arkadi və Boris Struqatskilərin romanıdır, bu əsərdə zaman və məkan xaricində mövcud olan naməlum Şəhərdən bəhs edilir. Burada müxtəlif dövrlərdən və ölkələrdən gələn, sehrli eksperimentə cəlb olunan insanlar məskunlaşıb.
“Nə isə, bir həftə sonra biz oğlanla görüşməyə başladıq. Sonra da tez-tez bizim üçün bədii və musiqi zövqlərimizin üst-üstə düşməsinin necə vacib olduğunu müzakirə edirdik. Düşünürəm ki, məhz sevdiyimiz kitabların pərəstişkarları arasında biz “öz adamımızı tapa bilərik.
Anar Mirzəyev və “Kapital
Xalqımızın belə bir deyimi var: “kitab oğurluğu oğurluq deyil.
Görünür, bu deyimi Anar Mirzəyev kimi kitaba həris adamlar fikirləşib.
“Mən həmişə dostlarımdan və qohumlarımdan kitab “oğurlamışam. Yəni ki, əvvəlcədən qaytarmayacağımı bilə-bilə kitabı oxumaq üçün götürmüşəm. Onlar da görünür, biliyə sevgimə hörmət edərək, incimirdilər.
Amma bir dəfə Anar demək olar ki, tanımadığı bir adamı – Moskvada evini bir aylıq kirayə etdiyi evin sahibəsini qarət edir.
“Bu, mənzil deyildi, kitabsevər üçün əsl cənnətiydi. Bütün divarlar boyu, döşəmədən tavana qədər kitab rəfləri düzülmüşdü. Özümü saxlaya bilmədim, Lermontovun iki cildini, Aleksandr Dümanın “Sezarını və Marksın “Kapitalını oğurladım. Düzdür, indi də anlaya bilmirəm ki, “Kapital mənim nəyimə lazımıydı axı. Deyəsən, üz qabığından xoşum gəlmişdi.
Bilirsiz, “Kapital nədir? Onda bir dəfə də dinləməli olacaqsız.
Annotasiya:
“Kapital alman filosofu və iqtisadçısı Karl Marksın siyasi iqtisadiyyata həsr olunmuş və kapitalizmin tənqidi təhlilini əks etdirən baş əsəridir.
Leyla Əli və “Nitsşe ağlayanda
Bir neçə il əvvəl rəssam illüstrator Leyla Əlinin həyatında “qara zolaq adlanan uzun bir dövr başladı.
“İş elə gətirdi ki, uzun aylar boyu məhdud bir məkanda, demək olar ki, internetsiz, dostlarımdan və yaxınlarımdan uzaqda, yad adamların arasında qalmışdım. Bu günüm dözülməz, gələcəyim isə dumanlı və qorxunc görünürdü. Dəli olmaq üçün ideal şərait idi.
Bununla belə, Leyla ağlını itirmədi. Çoxu da rəfiqəsinin göndərdiyi amerikalı psixoterapevt İvlin Yalomanın “Nitsşe ağlayanda kitabının sayəsində.
Annotasiya:
“Nitsşe ağlayanda romanında hadisələr XIX əsrdə Vyanada intellektual çaxnaşma fonunda, psixoanalizin yaranışı ərəfəsində cərəyan edir. Məşhur həkim Yozef Breyerə “dahi və qorxunc Fridrix Nitsşenin özü müraciət edir. Romanın personajları əsasən realdır, faktlar və uydurma hadisələr sıx şəkildə bir-birinə qarışıb.
“Yalom psixoloji anları çox maraqlı təsvir edir, oxucunu cəlb edir və bu əsərə baş vurmağa məcbur edir – çox maraqlıdır ki, sonda psixiatr nələri üzə çıxaracaq və onların beyninin içində nələr baş verir. Eyni zamanda öz beynindəki fikirləri tamamilə unudursan. Müvəqqəti də olsa öz problemlərindən fikrini yayındıra bilirsən. Həmin vaxtlar isə bu, mənim üçün çox vacib idi.
Davud Məlikov və “Sokratesin səyahəti
Üç il əvvəl İT mütəxəssisi Davud Məlikovun ürəyi yumşaq desək, rahat deyildi. Ətrafda baş verən hər şey gənc adamı qəzəbləndirirdi. Təbii ki, bu qəzəbi əksər vaxtlarda yatırmalı olurdu, amma bəzən də bu alınmırdı.
“Allaha şükür ki, Azərbaycanda silah gəzdirmək qadağandır. Cibimdə tapança olsaydı, işin nə ilə bitəcəyi məlum deyil. Hamı və hər şey məni cin atına mindirirdi. İşdəki müştərilər, məişət problemləri, nəqliyyatdakı basabas. Kiminləsə mübahisəm düşəndə, az qala hər şey qanlı davaya çevrilirdi.
Bu vəziyyət Davudun əlinə Amerika yazıçısı Den Millmenin “Sokratesin səyahəti romanı keçənə qədər davam edib.
Annotasiya:
“Sokratesin səyahəti bioqrafik (və ya guya bioqrafik) romandır, hadisələr XIX əsrdə Rusiyada cərəyan edir. Baş qəhrəman – Nevski Hərbi məktəbinin tələbəsi nifrət və qisas yolunu keçəndən sonra nəticədə Ustad və Sülh Döyüşçüsü olur.
“Kitabın məzmunu ağır, bəzi yerlərdə isə çox ağırdır, burada zorakılıq və ümidsizlik var. Bununla belə birnəfəsə oxunur. Hər səhifəni oxuduqca həyata münasibətim dəyişirdi. Yavaş-yavaş aqressiyadan tamamilə azad oldum və nəticədə… yox, əlbəttə ki, Ustad olmadım, amma daha bivec oldum. Təsəvvür edə bilməzsiz ki, bundan sonra həyatım nə qədər asanlaşdı.
Dərc olunub: 08.12.2016