"Müstəqilliyin əldə edilməsindən sonra ilk iqtisadi saziş": Azərbaycan benzini artıq Ermənistandadır
Azərbaycan benzininin Ermənistana ilk tədarükü
Ermənistanın iqtisadiyyat naziri SOCAR şirkətinə məxsus A95 markalı Azərbaycan benzininin ölkəyə çatdığını bildirib. Gürcüstan üzərindən dəmir yolu ilə 1218 ton benzin daşıyan 22 vaqon Ermənistana daxil olub.
“Görünür, bu, Ermənistan və Azərbaycan arasında təkcə sülhün bərqərar olmasından sonra deyil, həm də müstəqillik əldə edildikdən sonra [SSRİ-nin dağılması nəzərdə tutulur] baş tutan ilk ticarət-iqtisadi sazişdir”, – deyə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Facebook səhifəsində yazıb.
Məlumata görə, Gürcüstan Azərbaycandan Ermənistana göndərilən ilk yük partiyasının tranziti üçün ödənişdən imtina edib. Ermənistanın iqtisadiyyat naziri bu addımı “sülh prosesinə dəstək məqsədilə simvolik jest” kimi qiymətləndirib.
Sosial şəbəkələrdə və erməni mediasında Gürcüstan tərəfinin növbəti tədarüklər üçün yüksək rüsumlar tələb etdiyi barədə məlumatlar müzakirə olunur. Ermənistanın baş naziri Nikol Paşinyan da bu məsələyə münasibət bildirib.
“O ki qaldı hadisələrin gələcək inkişafına, mən bilirəm ki, Gürcüstan dəmir yolu ilə keçid rüsumları ilə bağlı müəyyən suallar var. Ümid edirəm ki, bu suallar ya həllini tapacaq, ya da əgər həll olunmasa, məntiqlidir ki, biznes idxal və ixracı təmin etmək üçün alternativ yollar axtaracaq”, – deyə o bildirib.
Regionda yaranan yeni reallıqları alqışlayan baş nazir vurğulayıb ki, saziş özəl şirkətlər tərəfindən həyata keçirilib, lakin “bunun üçün siyasi şəraiti Ermənistanla Azərbaycan arasında bərqərar olunmuş sülh yaradıb”.
Ekspertlər neft məhsullarının idxalının şaxələndirilməsinə yönəlmiş bu cəhdi müsbət qiymətləndirirlər. Eyni zamanda bildirirlər ki, qiymətlərin azalmasından danışmaq hələ tezdir.
Rəsmi məlumatlara görə, Ermənistan ötən il 490 min ton benzin idxal edib ki, bunun da 300 min tonu Rusiyadan gətirilib.
Bildirilir ki, Azərbaycan yanacağı Ermənistana iki özəl erməni şirkəti tərəfindən idxal olunub.
Dərc olunan ana qədər məlum olanlar, iqtisadçının şərhi və sosial şəbəkə istifadəçilərinin fikirləri.

- “Dəmir pərdəni dağıtmaq cəhdi”: erməni ekspertlər Bakıya səfər haqqında
- “Şərtlər bazar prinsiplərinə uyğun olacaq”: Ermənistan baş nazirinin müavini Azərbaycan neft məhsullarının idxalı barədə danışıb
- Azərbaycan Ermənistana neft satacaq: rəsmi susqunluq və siyasi-iqtisadi təsirlər
“Bu, yüksək keyfiyyətli benzindir”
Azərbaycan benzininin ixracı noyabrın 28-də Qəbələdə Ermənistan və Azərbaycan baş nazir müavinləri arasında əldə olunmuş razılaşma əsasında həyata keçirilir.
“Azərbaycanın neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakteri daşıyır və benzin beynəlxalq bazar qiymətlərinə uyğun qiymətlərlə satılır”, – deyə APA agentliyi bildirib.
İqtisadiyyat naziri Gevorq Papoyan yerli mediaya açıqlamasında Ermənistana idxal olunan benzinin yüksək keyfiyyətli olduğunu deyib. Azərbaycan benzininin rəqabət qabiliyyətliliyinə dair suala cavab verərkən isə bildirib:
“Əgər biznes onu idxal etməyə davam edərsə və qiymətlər aşağı düşərsə, deməli, rəqabət qabiliyyətlidir. Əgər qiymətlər aşağı düşməzsə, düşünürəm ki, biznes də onu gətirməyəcək”.
Nazir benzin tədarükü faktını müsbət qiymətləndirib və məsələyə Ermənistanla Azərbaycan arasında sülh prosesi kontekstində baxmağı təklif edib:
“Gəlin bunu qeyd edək: müharibə əvəzinə ticarət edirik. Müharibə itkilərdir, ticarət isə rifahdır”.
Yük yoxlamadan keçməlidir
Yükün daxil olduğu Vanadzor dəmir yolu stansiyasının rəisi bildirib ki, çatdıqdan sonra yük yoxlamadan keçməlidir. Bunun səbəbi Ermənistanın Rusiyanın liderliyi ilə fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqının üzvü olmasıdır. Aİİ-nin nizamnaməsinə əsasən, bu iqtisadi bloka daxil olmayan ölkələrdən gətirilən bütün mallar yoxlamaya cəlb olunur.
“Yoxlama belə aparılır: qatarın yüksək gərginlikli xətlərində cərəyan söndürülür, sisternlərin qapaqları açılır, gömrük əməkdaşları ölçmələr aparır və keyfiyyətlə miqdarın yoxlanılması üçün nümunələr götürürlər. Sənədlər stansiyada və gömrük xidmətində yoxlanıldıqdan sonra yük təyinat məntəqəsinə göndərilmək üçün hazırlanır”, – deyə Seryoja Mkrtçyan izah edib.
Onun sözlərinə görə, bu prosesin bir neçə saat çəkəcəyi gözlənilir. Daha sonra qatarın 11 vaqonu “Ayrum” stansiyasından “Yerevan” stansiyası istiqamətində hərəkət edəcək. Digər 11 vaqon isə “Karmir blur” stansiyasına göndəriləcək.
İqtisadçının şərhi
İqtisadçı David İsaxanyan izah edir:
“Ermənistanda benzinin illik tələbatı təxminən 480 min ton təşkil edir. Bu baxımdan 1200 ton cəmi 0,25 faizdir. Bu səbəbdən belə kiçik həcmli tədarüklərin bazar qiymətlərinə ciddi təsir göstərməsi gözlənilmir.
Real dəyişikliklər yalnız tədarük həcmləri sabit və əhəmiyyətli olduqda müşahidə oluna bilər. Yəni bu həcmlər bazarda nəzərəçarpacaq paya malik olub rəqabət təzyiqi yaratdığı halda.
Mövcud mərhələdə qısamüddətli qiymət azalması gözləmək və emosional reaksiyalara qapılmaq məqsədəuyğun deyil.
Tədarükçülərin şaxələndirilməsi istiqamətində cəhd başlayır, lakin bunun real təsiri hələlik məhduddur. Bununla belə, iki ölkə arasında əməkdaşlıq baxımından bu, müsbət və perspektivli addımdır”.
Sosial şəbəkələrdən şərhlər
Mövzu Ermənistan sosial şəbəkələrində də fəal müzakirə olunur. İstifadəçilərin bir qismi Azərbaycan benzininin idxalını müsbət hadisə kimi qiymətləndirib, digərləri isə Azərbaycanla bu sazişi “xəyanət” adlandırıb.
Onlardan biri iqtisadiyyat nazirinin paylaşımının altında yazıb: “Benzinin qiyməti erməni qanının qiymətini ödəməyəcək”. Gevorq Papoyan buna cavab olaraq bildirib: “Mən artıq erməni qanının tökülməsinə imkan verməyəcəyəm, benzin isə nə qədər istəsəniz”.
Sosial şəbəkə istifadəçiləri arasında səslənən digər fikirlər də var:
“Azərbaycan qatarının bahalı gürcü “xidməti” olmadan, birbaşa Ermənistana daxil olması daha yaxşı olardı”.
“Bu, müsbət inkişafdır. Bəs Ermənistandan Azərbaycana da malların göndərilməsi gözlənilirmi?”
“Belə çıxır ki, biz Bakının hərbi büdcəsinə investisiya qoyuruq”.
“Utancvericidir. İki qəpik xatirinə əsrlər boyu erməni qanına susamış azərbaycanlıların göndərdiyinə sevinirsiniz”.
“Məntiqə görə qiymət daha aşağı olmalıdır. Qiymətlərin tənzimlənməsi ilə bağlı qanun qəbul etmək düzgün olardı. O zaman heç kim fövqəlgəlir gözləyə bilməz”.
Azərbaycan benzininin Ermənistana ilk tədarükü