Müstəqil jurnalist Bakıda polis şöbəsində döyülüb
Bakıda etiraz asksiyasını işıqlandırdıqları zaman müstəqil media orqanlarını təmsil edən üç jurnalist saxlanılıb. Onlardan biri, Fatimə Mövlamlı polis şöbəsində döyüldüyünü bildirib. Bu, Azərbaycanda yerli və beynəlxalq ekspertlərin tənqid etdiyi “Media haqqında” qanun qüvvəyə minəndən sonra ilk belə haldır.
- ABŞ Dövlət Departamenti Azərbaycanda “Media haqqında” qanunun qəbulundan narahatlığını bildirib
- Azərbaycanda müstəqil jurnalistlər “Media haqqında” qanuna qarşı
- Azərbaycanda “Media haqqında qanun”: Qarabağ haqda danışmaq daha da çətinləşəcəkmi?
2022-ci il fevralın 15-də Azərbaycan ordusunda qeyri-döyüş şəraitində həlak olan hərbçilərin analarından ibarət bir qrup Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirib. Qadınlar övladlarına şəhid statusu verilməsini tələb ediblər.
Azərbaycanda “şəhid statusu” müharibədə və hərbi tapşırıqların yerinə yetirilməsi zamanı həlak olanlara təqdim edilir. Bu status onların ailələrinə 11 min manat həcmində birdəfəlik ödəniş, yaşayış şəraitlərinin yaxşılaşdırılması və aylıq müavinət haqqı verir.
Eriraz aksiyasının çəkilişi zamanı müstəqil media orqanlarını təmsil edən üç jurnalist – Fatimə Mövlamlı, Sevinc Sadıqova və Teymur Kərimov saxlanılıblar.
Tezlikdə Teymur Kərimov Facebook səhifəsində bildirib ki, onu Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları saxlayıb. Bu zaman onun qolu zədələnib. Kərimov saxlanılandan qısa müddət sonra buraxılıb.
Jurnalistlər Fatimə Mövlamlı və Sevinc Sadıqovanı polis şöbəsinə aparıblar. Onlar bir neçə saat şöbədə saxlanıldıqdan sonra azad ediliblər.
Fatimə Mövlamlı JAMnews-a müsahibəsində polis şöbəsində başına gələnlər haqda danışıb.
“Çəkiliş zamanı polislər bizə hücum etdilər və Sevinc Sadıqovanın telefonunu əlindən aldılar. Mən onlara telefonumu götürməyə imkan vermədim. Bizi maşına otuzdurub polis şöbəsinə gətirdilər.
Şöbənin binasına daxil olan kimi məni yerə yıxıb, təhqir edə-edə təpikləməyə başladılar. Sevincə toxunmadılar.
Çox dəhşətli anlardı. Çox pis söyüş söyürdülər. Deyirdilər ki, əlimdən beziblər, “boğaza yığmısan bizi”. Məni qaldırıb növbətçi hissəyə apardılar. Orada məni artıq şöbənin rəhbər heyyəti gözləyirdi. Onların da yanında məni yenə də təhqir etməyə başladılar. Mən də onlara qarşılıq verirdim. Cavablarımdan hiddətlənib yenə məni yerə yıxdılar və təpikləməyə başladılar.
Daha sonra bizi Baş Polis İdarəsinə apardılar. Bizə dedilər ki, ərizə yazaq. Amma mən dedim ki, burada heç bir ərizə yazmayacam, Baş Prokurorluğa şikayət edəcəm. Əgər mənə kömək etmək istəyirsizsə, polis şöbəsinin müşahidə kameralarının görüntülərinin təqdim olunmasına göstəriş verərsiz. Mənə cavab verdilər ki, orada videokameralar işlək olmaya da bilər.
Sabah səhər aldığım xəsarətlərlə bağlı tibbi rəy almağa gedəcəyəm. Sonra isə prokurorluqda polis əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı şikayət ərizəsi yazacam”, – müxalif “Azadlıq” qəzetinin əməkdaşı Fatimə Mövlamlı qeyd edib.
Bu, Azərbaycanda “Media haqqında” qanun qüvvəyə minəndən sonra ilk belə hadisədir.
Azərbaycan parlamentinin 2021-ci il dekabrın 30-da qəbul etdiyi və 2022-ci il fevralın 8-də prezident tərəfindən imzalanan bu sənəd həm Azərbaycan daxilində, həm də ölkə hüdudlarından kənarda ekspertlər cameəsində mənfi reaksiya doğurub. “Media haqqında” qanun müstəqil media nümayəndələrini jurnalist statusundan praktiki olaraq məhrum edir.