Mülkiyyətin dövlət xeyrinə müsadirəsi prosesi sadələşdirilicək
Əgər hətta ictimai istifadə üçün vacib olan ərazinizdə sizin şəxsi mülkiyyətiniz yerləşsə belə dövlət bu ərazini sadələşmiş qaydalarla əlinizdən ala bilər. Gürcüstan hökumətinin təşəbbüsü ilə ərsəyə gələn müvafiq qanun layihəsi parlamentin müzakirəsinə verilib.
Dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün şəxsi mülkiyyətin müsadirəsi qanunvericiliyə əsasən indi də mümkündür. Yeni dəyişikliklər isə bu prosesi asanlaşdıracaq.
Məhkəmə qərarına əsasən şəxsi mülkiyyətin müsadirəsini (müsadirə birdəfəlik kompensasiya ödəməklə şəxsi mülkiyyətin ekspropriasiyasıdır) nəzərdə tutan köçürülmə qaydaları qüvvəyə minir. “Kompensasiya qabaqcadan, tam və ədalətlə ödənməlidir”, – hökumət sənədində göstərilib.
Amma buna baxmayaraq, qanun layihəsinə əsasən dövlət imtiyazlı vəziyyətdə olacaq. İlkin instansiya məhkəmə qərarı əsasında ərazinin müsadirəsi üçün polis qüvvəsindən istifadə edə, bir ay içində mülkiyyətçini evindən köçürə və ya tutduğu torpaq sahəsindən çıxara bilər. Ərazi boş olduqda isə onun mənimsənilməsi daha tez – iki həftə içində mümkün ola bilər.
Daha sonra mülkiyyətindən məhrum olmuş şəxs bu qərardan yüksək məhkəmə instansiyalarına şikayət verə bilər, amma iddiası yalnız aldığı kompensasiyanın növü və məbləği ilə bağlı ola bilər. Mülkiyyətini isə artıq geri qaytara bilməyəcək.
Qanun layihəsi ilə birlikdə parlamentə daxil olan hökumətin açıqlamasında vurğulanır ki, hazırkı qanunda mövcud olan qeyri-dəqiqlik mülkiyyətin müsadirəsində problemlər yaradır və bu da öz növbəsində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə mane olur, iş planını pozur, bütün bunlar da yeni nizamlamaya ehtiyac yaradır.
Qeyri-hökumət təşkilatlarının və hüquqşünasların bir hissəsi hesab edir ki, bu qanun layihəsi vətəndaşların konstitusion haqlarını pozur.
Parlamentdə qanun layihəsi üzərində iş hələ başlamayıb və hələ məlum deyil ki, deputatların layihəylə bağlı qeydləri varmı. Hərçənd, nəzərə alsaq ki, qanun hökumət tərəfindən irəli sürülüb, iqtidar komandası isə parlamentdə çoxluğa sahibdir, layihənin qəbulu ilə bağlı problem olmayacaq.
Əgər parlament bu qanunu qəbul etsə, ehtimal etmək olar ki, ən səs-küylü layihələrdən biri – Xudoni SES-in inşası ilə bağlı gözlə görüləsi hərəkətlənmə başlayacaq. Ekspertlər hesab edirlər ki, qanun layihəsinə edilən ən sərt və mübahisəli dəyişikliklər Xudoninin inşası ilə bağlıdır.
“Transelektrika” şirkəti artıq 5 ildən çoxdur ki, İnquri çayı üzərində 1 milyon dollarlıq SES-in inşası ilə bağlı uğursuzca cəhdlər edir. İş hələ 2014-cü ildə başlamalıydı, amma yerli əhali ilə və maliyyə ilə bağlı problemlər üzündən layihənin reallaşdırılması heç cür mümkün olmayıb. SES-in inşası üçün Xudoni kəndi tamam suyun altında qalmalıdır. Yeni qanun dövlətə məcburi köçürülməni həyata keçirməyə imkan verəcək.