Müharibədən sonra düşərgə
15 yaşlı Erikin gözlərində son zamanlarda yaşadıqlarını ifadə edən kədər aydın görünür – doğma kəndində baş verən hərbi əməliyyatlar barədə xatirələr hələ unudulmayıb. Uşaqlığını keçirdiyi və hələ də gələcəyini orada gördüyü Talış kəndinə qayıtmaq istəyini də gizlədə bilmir.
“Bizə həmişə güllə atıblar və artıq qorxmurduq. Amma həmin gün dəhşət idi. Biz güllə səslərinə oyandıq, zirzəmiyə düşdük və gecə saat üçə qədər orada qaldıq. Sonra da çıxıb, kənd administrasiyasının binasına qədər gəlib çatdıq. Buradan kənd sakinlərini maşınlarla təxliyə edirdilər. Zirzəmidə sonumuzun gəldiyini düşünürdüm… Amma təhlükəsizliyimizi təmin etsələr, biz hamıdan birinci kəndə qayıdacağıq, – Erik Sarqsyan deyir.
O, Dağlıq Qarabağın cənub-şərq hissəsində yerləşən Talış kəndindəndir. Ailəsi Ermənistanın Çarençavan şəhərində yaşayır.
Talış sakinlərini (500 nəfər) Azərbaycan Silahlı Qüvvələri bu il aprelin 2-də geniş miqyaslı hərbi əməliyyatlara başlayandan sonra təxliyə ediblər. Onları Qarabağ və Ermənistanın müxtəlif şəhərlərində yerləşdiriblər.
14 yaşlı David Petrosyan da Talışdandır. Onun ailəsi də bir çox başqa ailələr kimi Çarençanavana köçürülüb. Dəhşətli 2 aprel gecəsindən xatırladıqları ancaq bunlardır: “müharibənin səsini batırmaq üçün qulaqlarını bərk-bərk tıxamışdı.
“Orada çoxlu dostlarım vardı, indi də hərəmiz bir tərəfə düşmüşük: Çarençanavan, Razdan, Abovyan… Bir-birimiz üçün darıxırıq, amma nə etmək olar?! Həmin gecə hər şeyin yaxşı olacağına, hamımızın sağ qalacağına əmin idim – indi də biz burada özümüzə təzə dostlar tapırıq. Burada hamı müharibəni görüb və bu bizi bir-birimizə yaxınlaşdırır, – David öz qardaşı Vahenin çiyinlərini möhkəm qucaqlayaraq deyir.
Talışdan olan səkkiz yeniyetmə bundan bir qədər əvvəl Ermənistana İraq və Suriyadan gələn 32 digər yeniyetmə ilə birlikdə yayın son günlərini Vnadzorda, Yerevandan 150 kilometr aralıda yerləşən Xristian Gəncləri Təşkilatının (YMCA) Aramyan düşərgəsində keçiriblər.
“Save the children təşkilatının suriyalı ermənilərə dəstək proqramının rəhbəri Siranuş Vardanyanın sözlərinə görə, Vanadzor YMCA-nın Aramyan düşərgəsində həyata keçirilən layihənin bir məqsədi var: müxtəlif dövrlərdə müharibənin dəhşətlərini yaşayan uşaqları stress vəziyyətindən çıxarmaq. Onun fikrincə, YMCA düşərgəsində bunun üçün ən yaxşı şərait yaradılıb. Proqramın həyata keçirilməsi BMT-nin qaçqınlarla iş üzrə ali komissarının ayırdığı maliyyənin sayəsində mümkün olub.
“Təəssüf ki, bizdə müharibəni yaşayan uşaqlar, gənclər var, onların gözləri qarşısında mina, qumbara partladılıb, onlar bütün bunları görüblər, burada isə onlar həmin o stressdən qurtulmağa çalışırlar. Bizim düşərgə rəhbərlərimiz İraq və Suriyadan olan ermənilər, bir müddət əvvəl özləri də Ermənistana mühacirət edən könüllülərdir. Bu könüllülər bu gün onlardan bir az kiçik olan bu uşaqların keçdiyi yolu keçiblər, – Siranuş Vardanyan deyir.
Hər rəhbər dörd nəfərə himayədarlıq edir. Düşərgə sakinlərinin yaşı 12-17 arasıdır. Düşərgədə onlar 12 gün keçirir. YMCA Aramyan düşərgəsində internet yoxdur, uşaqlar mobil telefonlardan istifadə etmirlər. Bu səhv və ya təsadüf deyil, psixoloji reabilitasiya prosesinə özəl yanaşmadır.
BMT qaçqınlarla iş üzrə Ali Komissarının ictimaiyyətlə əlaqələr üzrə əlaqələndiricisi Anahit Hayrapetyan qeyd edir:
“Burada hərənin öz rolu və məsuliyyəti var. Burada həm qərbi erməni [bu dildə xarici ermənilər danışır], həm də şərqi erməni [bu dildə Ermənistanda danışırlar] danışığı eşidilir. Qrupda Ermənistana bu yaxınlarda gələn, artıq çoxdandır ki, burada olan uşaqlar var, uzun müddət yaşayanlar da var. Hamısının da qəlbi yaralıdır: kiminsə yaraları daha dərindir, kiminsə az-çox sağalmaqdadır, kimsə də artıq bu yolu keçib, hamısı da bir-birini başa düşür, – Hayrapetyan deyir.
14 yaşlı Nanor Abelyan Ermənistana Hələbdən iki il əvvəl gəlib. Evə qayıtmaq istəmədiyini etiraf edir, düşərgədə isə sanki hamı bir-birini çoxdan tanıyır:
“Aramızda fərq hiss etmirəm. Sadəcə Talışdan olan ermənilər bir az fərqli danışır. Hamımız erməniyik, hamımızı müharibə həyatı birləşdirir – İraq erməniləri bir qədər əvvəl, sonra biz, sonra da talışlılar müharibəni gördü. Amma burada biz bu haqda heç danışmırıq. Mənim üçün bu bir yuxu kimidir, bura da vətənimizdir.
Gündüzlər rəhbərlər qruplarla işləyir: kimsə rəqs edir, kimsə mahnı oxuyur, digər qruplarda dostluq, sülh və dürüstlük barədə söhbət edir, liderlik keyfiyyətlərinə yiyələnirlər.
Ermənistana İraqdan 10 il əvvəl köçən 20 yaşlı Şant Sarqis Avadis BMT-nin qaçqınlarla iş üzrə ofisinin könüllülərindən biridir. O, hər bir talışlı yeniyetmədə 10 il əvvəlki özünü görür:
“Özümüz də bunlardan keçmişik və həmin xatirələri beyinlərindən silməyə çalışırıq. Onların baxışlarında özümü görürəm. Amma mənim gördüklərim ağlasığmaz şeylərdir: partladılan maşınlar, göydə uçan insan başları, ayaqları… Anamı orada öldürdülər, biz atam və bacımla birlikdə Ermənistana gəldik. Bu, biz rəhbərlər üçün böyük məsuliyyətdir. Düşərgə bizə yeni dostlar, öz həyat hekayələri, öz xarakterləri olan yeni insanlar qazandırır.
Düşərgə Loriysk regionuna məxsus qalın meşəlikdə gizlənib. Günlər şəfəqin qarşılanmasından başlayır və ocaq ətrafında söhbətlərlə başa çatır.
20 yaşlı rəhbər Nubar Nalbandyan da Hələbdəndir: “Gecələr biz etibar və məsuliyyət haqqında psixoloji söhbətlər edirik, onların fikirlərini dinləyirik. Biz müharibə haqqında danışmırıq, amma onlara müharibədən sonrakı dövrü keçməyə kömək etmək üzərində işləyirik.
BMT uşaq fondunun psixoloq məsləhətçisi Mariam Sarqsyan da bu yeniyetmələrlə işləyir. O qeyd edir ki, talışlı uşaqlar hələ də müharibə travmasından qurtulmayıblar. Bir neçə ildir ki, Yerevanda yaşayan suriyalı uşaqlarda artıq müəyyən qədər təhlükəsizlik hissi formalaşıb, əvəzində isə onlar postmiqrasiya adaptasiyası problemi adlanan başqa çətinliklərlə üzləşməyə başlayıblar.
“İraqlı uşaqlar artıq böyüyüb və burada rəhbər rolunda çıxış edirlər. Çox yaxşıdır ki, həyatlarının bu mərhələsində onlar məhz bu, müəyyən məsuliyyəti nəzərdə tutan rolu öz üzərilərinə götürüblər. Sən başqalarına kömək etməklə bağlı məsuliyyət daşıyanda, daxili güc mexanizmi işə düşür, bu da onlar üçün imkanlarının hədlərini ölçmək, potensialını reallaşdırmaq üçün gözəl imkandır. Burada kiçik yaşlı uşaqlar üçün ideal “mən modeli ola biləcək rəhbərlər var, – psixoloq deyir.
Burada həm də hamının xoşuna gələ biləcək yeməklər də düşünülüb. Düşərgə direktoru Karine Boyancyan deyir ki, menyunu hamının zövqünə uyğun təşkil ediblər:
“Bir az talışlılara görə narahatıydım, qorxurdum ki, yeməklər xoşlarına gəlməyəcək, amma deyə bilərəm ki, Suriya mətbəxini hamı bəyəndi.
Proqram məsulları əmindirlər ki, mövcud mədəni fərqlər hamının xeyrinə olacaq.
Psixoloq Mariam Sarqsyan qeyd edir ki, onların hamısı eyni yolu keçdiklərini, eyni şoku yaşadıqlarını, bəzilərinin isə çətinlikləri artıq arxada qoyduqlarını hiss edirlər:
“Onlar artıq həyatları ilə bağlı müəyyən nəticələrə gələ, ilhamlana, şəxsi gələcəkləri barədə təsəvvürlərini formalaşdıra bilirlər. Gələcəklə bağlı təsəvvürlər nə qədər mürəkkəb olursa, alternativlər də bir o qədər çox olur, onlar özlərini bir o qədər rahat hiss edir və daha tez uyğunlaşa bilirlər. Bu mənada təcrübə mübadiləsi onlara müsbət təsir göstərəcək.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 02.09.2016