Müharibə kimə lazımdır
Ermənistanda artıq bu ifadəyə alışıblar: “Dağlıq Qarabağ və Azərbaycan hərbi qüvvələrinin təmas xəttində misilsiz gərginlik. Ermənistanda aprelin 2-si səhər yenidən bu sözlərlə başladı. Amma sərhəddəki vəziyyəti nə bundan bir gün, nə də bir ay əvvəl sakit adlandırmaq olmazdı. Real gərginlik hələ 2015-ci ilin sentyabr ayında öz zirvə nöqtəsinə çatdı.
Onda da indiki kimi Ermənistan Müdafiə Nazirliyi beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunu yaranmış vəziyyətə diqqət yetirməyə çağıran bəyanatla çıxış etdi, çünki növbəti addım tam miqyaslı hərbi əməliyyatlara keçid olacaq. Amma böyük mənada heç nə dəyişmədi – gərginlik azalsa da, dayanmadı və indi də özünün növbəti zirvə nöqtəsinə çatıb.
Foto PanPhoto
Bu gün də dinc əhali arasında qurbanların olması haqda xəbərlər yayıldı. Çartar yaşayış məntəqəsi istiqamətində “Qrad qurğularından açılan atəş nəticəsində 2004-cü il təvəllüdlü Vaginak Qriqoryan həlak olub, daha iki uşaq yaralanıb. 12 yaşlı məktəblinin ölümü şoka səbəb oldu – belə şeylərə alışmaq olmur.
Foto PanPhoto
Bütün Ermənistanı məhz aşağıdakı sual narahat edir: yəni doğrudanmı müharibə başlayır.
Politoloqların reaksiyası
Politoloq Aleksandr İskandaryan, Qafqaz İnstitutunun direktoru bildirir ki, genişmiqyaslı müharibə bütün cəbhə xətti boyu dərinə hücumla və Stepanakertin atəşə tutulması ilə müşayiət olunmalı idi. Baş verənlər sadəcə qarşıdurmanın səviyyəsini artırmaq üçün həyata keçirilən bir aksiyadır:
«Ermənistan prezidenti Serj Sarqsyan Vaşinqtondakı çıxışı zamanı Azərbaycan və Türkiyənin mövqeyini destruktiv adlandırdı və bunun arxasınca Azərbaycan silahlı qüvvələri erməni mövqelərinə hücuma keçdilər. Əliyevin özünün ABŞ-a səfərini uğurlu adlandırmaq çətindir və əmr çox güman ki, onun tərəfindən Vaşinqtondan, orada yaranan hansısa problemləri səbəbindən verilib. Özü də bu, emosional bir əmr olub.
İskandaryan hesab edir ki, Azərbaycana dünyada neftin qiymətinin aşağı düşməsi, bundan əlavə ölkədəki daxili siyasi və sosial problemlər səbəbindən vəziyyəti gərginləşdirmək lazımdır, əhalinin diqqətini cəbhə xəttində vəziyyəti gərginləşdirməklə yayındırmaq istəyirlər:
“Son illər ərzində Azərbaycan vəziyyəti gərginləşdirməklə məşğul idi. Əvvəlcə snayperlərdən istifadə olunub, sonra təxribatçı hücumları, artilleriya atəşi başlandı. Bu gün artıq zərbələr aviasiyanın dəstəyi ilə endirilir. Bununla da Azərbaycan hakimiyyəti ancaq öz cəmiyyətinə deyil, həm də beynəlxalq ictimaiyyətə müraciət edərək, status-kvonun mümkünsüzlüyü barədə məlumat verir.
İskandaryan bu fikrində tək deyil, gərginliyin artmasının bu səbəblərini bu gün digər erməni politoloqları da səsləndirdi. Onların hamısı bir səslə bildirirlər ki, bu müharibə deyil.
Politoloq, Erməni Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Ruben Meqrabyan hesab edir:
“Beynəlxalq ictimaiyyət mütləq rəsmi Bakının addımlarını pisləyəcək. Azərbaycanın əlində Rusiya silahı olmasaydı o, risk etməzdi. Məhz Rusiyadan silah satışı üzrə çoxmilyardlıq müqavilələrin sayəsində Azərbaycan özünü əminli hiss edir və erməni mövqelərinə tərəf vurulan hər bir atəş Ermənistanın strateji müttəfiqinin boynundadır. Regiondakı idarə olunan qeyri-stabil vəziyyət Rusiyanın xeyrinədir.
Sosial şəbəkələrdə
Ermənistandakı “Facebook istifadəçiləri təmkinli və qısa reaksiyalar verərək, əsasən daha mötəbər informasiya mənbələrinin məqalələrini paylaşırlar. Bundan əlavə, adətən belə hallarda olduğu kimi, sərhəddə qulluq çəkən əsgərlərə və onların analarına dəstək sözləri səsləndirilirdi.
Stepanakertdən olan istifadəçilər isə daha aktiv idilər:
“Bəzi adamlarla danışmışam. Azərbaycan şimalda və cənubda hərəkətə keçərək, postlarımızdan bir neçəsini ələ keçirməyə çalışıb. İlkin mərhələdə onlar buna nail ola bildilər, amma postlarımız artıq geri alınıb. O cümlədən texnikadan istifadə olunub. Azərbaycan tərəfindən hər iki istiqamətdə xüsusi təyinatlılar işləyib və artıq böyük itkilər verib – 50 nəfərdən çox. Şimalda onlar pusquya düşdülər, onların köməyinə gəlməyə cəhd edən vertolyot da vuruldu.
Bizimkilər cəbhə boyu düzülərək, artıq ciddi işə keçməyə hazırlaşırlar. Düşmən gözlənilməzlik amilini dəqiq əldən verib. Yaşayış məntəqələri də atəşə tutulub. Tam əks nəticəyə nail oldular. Artsaxda açıq-aşkar yayılan panika deyil, qəzəbdir.
“İlk növbədə hamı sakitləşməlidir. Bu, geniş miqyaslı müharibə olsaydı, mənim bu şərhi yazmağa heç bir imkanım olmazdı. Bizim indi müşahidə etdiyimiz Vaşinqtonda keçən görüşlərin nəticəsidir. Bayden Serj Sarqsyan, Əliyev və Poroşenko ilə görüşdü. Obada da Ərdoğanla. Rusiyanı nüvə təhlükəsizliyi üzrə konfransa dəvət etməyi unutdular.
Görüşün nəticəsində Türkiyə və Azərbaycan “əsas ölkələr kimi təqdim edildi. Bəs təzə nə baş verib? Yenilik ancaq Rusiya siyasəti və diplomatiyası üçündür.
Ermənistanı rinqə itələyərək, əmr verdilər. İndi də referi bir-biriylə döyüşən orduların döyüş imkanlarını nəzərdən keçirərək, nəticə çıxaracaq. Bu, 2008-ci ildə baş verənlərə analoji bir vəziyyətdir. Onda döyüşçülərimiz işlərinin öhdəsindən gəlib, vəziyyəti tarazlaşdırdılar. İndi də buna nail olacaqlarına əminəm.
Bu zaman Ermənistanın Birinci kanalı sərhədə getməyə hazırlaşan yerevanlı könüllüləri göstərdi – orduda xidmət edən gənclərin köməyinə yenə də artıq xidmətini çəkən yaşlı nəsil gedir.
Müşahidəçilərin reaksiyası
ATƏT-in Minsk qrupunun həmsədrləri həmişəki kimi, “dərin narahatlıqlarını ifadə edib, bazar ertəsi Vyanada baş tutacaq görüşlə bağlı razılaşdırmanı xatırlatdılar. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin sözlərinə görə, vəziyyətin müzakirəsi çərşənbə axşamı başlayacaq. Əsası odur ki, bunun üçün artıq çox gec olmasın.
Foto: Qevork Kazaryanın arxivindən, 2012-ci ildə MDB-nin Ermənistanda təlimləri zamanı çəkilib
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 03.04.2016