Müharibədən sonra Talışa ezamiyyət
Talışdan binoklsuz görünən hündürlükdə nə Ermənistanın, nə də Azərbaycanın fərqlənmə nişanları – nə bayraq, nə gerb, nə də hərbi texnika var.
Talış məktəbində riyaziyyat və fizika müəllimi olan 43 yaşlı Sos Petrosyan deyir ki, evi təhlükəli “hündürlükdən cəmi bir kilometr aralıda yerləşir. Ehtiyatda olan zabit bu evi bir ay əvvəl Müdafiə Ordusunda 11 illik xidmətinə görə alıb.
Erməni qüvvələri artıq rəsmi olaraq etiraf ediblər ki, Talışdan görünən həmin o hündürlüyü aprelin 2-də, 1994-cü ildə atəşkəs rejimi bərqərar olandan bəri Qarabağ və Azərbaycanın silahlı qüvvələrinin bütün təmas xətti boyu ilk dəfə baş verən genişmiqyaslı hərbi əməliyyatlar zamanı itiriblər.
Buradan Azərbaycanın silahlı qüvvələri Dağlıq Qarabağ sərhədinin cənub-şərq hissəsində yerləşən, 500 sakini təxliyə olunan Talış kəndini hədəf altında saxlayır. Sos Petrosyan həyat yoldaşını və üç oğlunu Ermənistana köçürüb. Hələlik onlar yoldaşının valideynlərinin evində – Çarençavanda yaşayırlar.
“Qoy sevinməsinlər: bu, müvəqqətidir. Biz mövqelərimizi qaytaracağıq, – Petrosyan deyir. O evinə kiçik, 4 yaşlı oğlunun ayaqqabılarını götürmək üçün gəlib.
Deyirlər ki, 2016-cı il mayın 24-dən 25-nə keçən gecə son iki il ərzində təmas xəttində bir dənə də olsun atəş səsi eşidilməyən yeganə gecə olub.
Dağlıq Qarabağ Müdafiə Ordusunun xüsusi təyinat dəstəsinin qulluqçusu Arsen deyir ki, burada belə sakit gecələr ancaq bir neçə ildən bir olur. O, öz dəstəsinin üzvləri ilə birlikdə Talışda qalır. Onlar kəndin boş qalan evlərindən birində yerləşiblər.
Gündüzlər burada əsasən sakit keçir. Bu, onların istirahət vaxtıdır. Müvəqqəti yaşayış yerinin darvazasının ağzında hərbi şalvar və köynəkdə duran Arsen deyir: gecələr də artıq nisbi sakitlik olur, xüsusən də mayın 16-dan, Azərbaycan artilleriya və digər ağır texnikanın istifadəsini dayandırandan sonra.
Həmin gün Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə Avstriyanın paytaxtında Ermənistan və Azərbaycanın prezidentləri və xarici işlər nazirləri görüşdülər. Bu görüşdən dərhal sonra mayın 16-dan 17-nə keçən gecə hər iki tərəfdən əsgərlər öldü. Və bu son belə insident idi.
Talışda hazırda ancaq hərbiçilər qalır: kəndin girişində müəyyən işlər görürlər. Kəndin əsas yolu uşaq bağçasının yanından keçir, oradan xalq mahnılarının sədaları eşidilir – oxuyan da xüsusi təyinatlılardı. Binanın içində bağça uşaqlarının dəyişəcəyi olan uşaq tərlikləri ilə yanaşı əsgərlərin quru ərzaq payı olan qutular durur. Bəzilərinin ağzı açıqdır, bəzi qutuların içindən peçenye tökülüb qalıb.
Hərbi maşınlar əsas yolla mövqelərə qalxır və geri qayıdır.
“Əgər sülhə müharibə yolu ilə nail olmaq lazımdırsa, biz buna hazırıq, – 39 yaşlı Arsen deyir. O, Qarabağ hadisələrində təsadüfi adam deyil.
Arsen Qetaşen kəndindəndir. 1989-cu ildə ailəsi iki avtomobildə kəndi tərk edəndə 12 yaşı vardı.
“Mən indiyə qədər də Qazaxdan bir az aralıda dayanan AD nömrəli İkarus avtobusunu xatırlayıram. Orada ağ saçlı hündür boylu bir adam vardı. Yaxşı geyinmişdi. Əynində pencək yoxuydu, jiletdəydi. Nəsə demək istəyirdi, amma ona arxadan yaxınlaşıb, armatura ilə vurdular, yerə yıxdılar və hamını döyməyə başladılar. Həmin gün mən qərar verdim ki, hərbiçi olacam, – Arsen danışır.
İlk dəfə Arsen Talışda 7 yaşında olub: “Əmimin yoldaşı bu kənddən idi, bura yay tətilinə gəlmişdim. Uşaqlıq dostum Talışdandır. 31 ilin dostuyuq.
Mən həmişə vətənimizin Talışdan başladığını düşünürdüm: bura sanki evimizə açılan qapıdır. Düşmən isə quldur kimi bura gəlib, yatan adamlara hücum çəkdi… Nə yaxşı ki, onlara müqavimət göstərə bilən 19-20 yaşlı cəsur uşaqlarımız var, əks halda eynən Maraqadakı ssenari təkrar olunacaqdı: Talışın bütün sakinlərini öldürəcəkdilər. Bunun sübutu da var: bu kənddə onlar qoca, xəstə adamları öldürdülər.
Talış sakinləri kəndə qayıtmaq istəyirlər, amma Dağlıq Qarabağ hakimiyyəti bunun təhlükəli olduğunu düşünür. Hələlik Talış ancaq hərbi formalı insanlar üçün ev olacaq. Aprel atışmalarından sonra tamamilə və ya qismən dağıdılan evlərin sakinləri isə hələlik onları qaydaya sala bilməyəcəklər.
Bir çox evlərin damları dağıdılıb, divarlarda və hasarlarda irili-xırdalı dəliklər – güllələrin izləri görünür.
Talışın mərkəzində yerləşən evlərdən birinin bağında, görünən yerdə ağ-göy rəngli paltarda sarışın gəlincik qalıb.
“Bu ev bizim müəllimlərdən birinin, tarix müəllimi Armen Ayrapetyanın evidir. Gəlincik də yəqin onun böyük qızı Qretanındır. Ayrapetyan da həyat yoldaşı və iki qızı – Qreta və yenicə doğulmuş İveta ilə birlikdə Ermənistana gedib, – Sos Petrosyan danışır.
Apreldə, Talış sakinləri ailələrini Ermənistana köçürəndə, yüzlərlə könüllü Dağlıq Qarabağa yollandı və onların əksəriyyəti bu gün də mövqelərdə, əsgərlərin yanındadır.
Martakertin müdafiə məntəqələrindən birində də əsgərlərin və zabitlərin yanında könüllülər var. Burada iki küçüyü ilə birlikdə yaşayan qarovul iti hərbiçilər üçün ən maraqlı əyləncəyə, istirahət saatlarında hərbi vəziyyətdən fikrini yayındırmaq imkanına çevrilib.
22 yaşlı Suren Davtyan artıq 2 aydır ki, dördgünlük müharibənin ilk günlərindən ön cəbhədədir. Deyir, hətta Vyana görüşündən sonra bərqərar olan nisbi sakitlik sülhə zəmanət vermir, fövqəladə vəziyyət hələ də qalır.
Gözətçi əsgər Myasnik Karapetyan binokldan öz postundan cəmi 400 metr aralıda yerləşən Azərbaycan mövqeyini müşahidə edir. Hazırda orada fəallıq müşahidə olunmur. Dağlıq Qarabağda dinc, küləkli və günəşli bir gündür.
“Bu günlərdə sərhəddə nisbi sakitlik olsa da, atəşkəs rejiminin pozulmasının qarşısını alan mexanizmlər tətbiq olunmayınca danışıqlar prosesi irəliləyə bilməyəcək, – Dağlıq Qarabağın xarici işlər naziri Karen Mirzoyan deyir. “Bütün normal insanlar kimi, qarabağlılar da müharibədən qorxurlar, çünki insan sülh şəraitində yaşamaq üçün yaranıb. Amma biz döyüşməkdən qorxmuruq.
Nazir vurğulayır: Qarabağda münaqişənin nizamlanacağına “ümid edirlər, amma insanlar bu məsələnin çox tez bir zamanda həll olunacağına inanacaq qədər “sadəlövh deyillər: “Bu münaqişənin uzunmüddətli və ədalətli həlli üzərində işləmək lazımdır, çünki tələsik qərar ən doğru qərar ola bilməz.
Manşet şəkli: Qayane Mkrtçyan
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 07.06.2016