Müharibədən keçən artistin hekayəsi
Yerevanlı kloun Vavi və ikinci Qarabağ müharibəsi
Yerevan sakini artist Vavi deyir ki, ikinci Qarabağ müharibəsi zamanı (27 sentyabr – 10 noyabr, 2020) o, könüllü cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edib, o, çağırışçıları dəstəkləmək arzusunda idi. Baxmayaraq ki, müharibə başlayandan cəmi bir neçə gün əvvəl evlənib.
Üzü qalın ağ və qara qrimlə örtülmüş hündür fraklı kişi yoldan keçənlərə yaxınlaşır və onlarla sözsüz, fit köməyilə ünsiyyət qurur. Bu, kloun Vavidir.
Onun 29 yaşı var, özü bu obrazı düşünüb, söhbət zamanı da vurğulayır ki, bu, sadəcə obrazdır, onun özü deyil. Satirik, amma eyni zamanda kədərli, bəzən isə hətta melanxolik klounu Yerevan küçələrində tez-tez görmək olar. Onun gözlənilməz fit səsiinsanları, ilk növbədə isə əlbəttə ki, uşaqları ayaq saxlamağa məcbur edir, onları oyuna, tamaşada iştiraka cəlb edir.
O, əsl adını açıqlamaq istəmir və özü haqqında ancaq bir şeyi danıdı – Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Berkaber kəndində böyüyüb. Artıq erkən yaşlarından aktyor olmaq qərarına gəlib. Böyüyəndən sonra Yerevan Dövlət Teatr və Kino İnstitutunu bitirib.
O, rusiyalı kloun Vyaçeslav Poluninin sənətini özü üçün ilham mənbəyi hesab edir. Özü üçün yeni fəaliyyət sahələri açmağı da sevir. Məsələn, taksi sürür.
“İnsanlar sükan arxasında kloun görəndə dəyişir və öz məişətlərindən çıxırlar. Bəzən hətta sevincdən tullanıb-düşürlər, əl çalırlar və mənimlə şəkil çəkdirmək istəyirlər. Düzdür, narazı qalanlar, hətta maşına minməkdən imtina edənlər də olur. Amma bu, çox nadir hallarda olur”, – artist danışır.
2020-ci il sentyabrın 27-də müharibə başlayanda könüllü olaraq o da cəbhəyə gedib, o, Vavini özü ilə aparmayıb. “Amma mən yenə də yanımda olanlara dəstək olmağa çalışırdım. Biz müharibə haqda erməni mahnıları oxuyurduq”, – artist danışır.
O deyir ki, silahdaşlarını qorumağa çalışıb, çünki onlar yaşca daha kiçik idilər. Amma sonra elə olub ki, onlar onun həyatını xilas ediblər:
“Bir dəfə çox yorğun idim, ayaq üstündə dura bilmirdim və təpəciyin üstündə uzandım. Bizdən yüz-iki yüz metr aralıda möhkəm partlayış oldu. Mən qışqırdım ki, hamı qaçsın, hardasa gizlənsin. Onlar qaçdılar, mən isə yorğunluqdan ancaq sürünə bilirdim. Və mən onların ardınca süründüm.
Bizim uşaqlardan ikisi bunu gördülər, yanıma qaçıb məni qaldırdılar. Mən onlara qışqırırdım ki, məni atsınlar, amma onlar yenə də məni irəliyə dardırdılar. Biz həmin təpədən hələ çox da uzaqlaşa bilməmişdik ki, ora mərmi düşdü”.
Müharibədən sonra kloun Vavi Yerevan küçələrinə qayıdıb. “Vavini yaradaraq mən Uilyam Saroyanın sözlərini rəhbər tutmuşdum: çalışın bu dünyanı daha yaxşı edib, hər kəs öz yerində, öz imkanlarına uyğun”, – artist deyir.
Müharibədən sonra onun həyatında nələrin dəyişdiyi, Vavinin özünün dəyişib-dəyişmədiyi haqda sualın cavabında aktyor deyir:
“Əlbəttə. Onun içində olanlar daha stabil, kökləri isə daha dərin oldu. Mən ikinci həyat şansı qazandım, indi çoxlu yaxşı işlər görməliyəm ki, müharibədə həlak olmamağımı doğruldum. Öz həyatımı doğruldacaq qədər yaxşı işlər görməliyəm”.