Moskvaya doğru boylanaraq: Ermənistan Aİ-dən böyük maliyyə yardımı alacaq
İkinci Qarabağ müharibəsindən və növbədənkənar parlament seçkilərindən sonra Avropa İttifaqı ölkənin inkişafına yönəlmiş bəzi layihələrin reallaşdırılması üçün Ermənistana 1,6 milyard avro maliyyə yardımı ayıracaq. Aİ iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün daha bir milyard da ayırmağa hazırdır. Ekspertlər əmindirlər ki, beləliklə Brüssel regiondakı rolunu və yerini vurğulayır və Moskvaya göstərir ki, Cənubi Qafqazda müharibədən sonrakı qüvvələr konfiqurasiyası ilə barışmayacaq.
Avropa İttifaqı Ermənistanda güclü iqtisadiyyatın qurulmasına, yeni iş yerlərinin açılmasına – əsasən informasiya texnologiyaları sahəsində – dəstək verəcək.
Üstəlik Aİ-nin maliyyə yardımının əhəmiyyətli hissəsi kommunikasiyaların inkişafına, müstəqil Ermənistanın ən böyük nəqliyyat layihəsi olan “Şimal-Cənub” nəqliyyat dəhlizinin inşaatına yönləndiriləcək. İlkin hesablamalara görə, 490 kilometr uzunluğu olan magistral yol iki milyard dollardan artıq dəyərləndirilib.
Şimal tərəfdən magistral Ermənistanla Gürcüstanı birləşdirəcək və bununla da Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin edəcək. Cənubdan bu yol ölkəni İranla birləşdirəcək. Bu layihə sayəsində Ermənistan tranzit ölkə ola bilər.
Aİ-nin layihəsində Sünik vilayətinin – ikinci Qarabağ müharibəsindən sonra hadisələrin episentrində qalan Ermənistanın cənub sərhədlərinin inkişafı xüsusi yer tutur.
Aİ-nin nəyə pul ayıracağı və nədə maraqlı olduğu, Avropanın fəallaşmasına Rusiyanın necə reaksiya verdiyi, hadisələrin necə inkişaf edə biləcəyi haqda daha ətraflı.
Avropa İttifaqı nə üçün pul verir?
Avropa İttifaqı tərəfindən dərc olunan sənəd ekspertlərin diqqətini təkcə ayrılmış vəsaitlərin miqyası ilə deyil, həm də pul ayrılacaq konkret layihələrin seçimi və məqsədlərin təsbiti ilə də çəkib.
Məsələn, sənədin ikinci maddəsində deyilir ki, Aİ Ermənistana “Şimal-Cənub” nəqliyyat dəhlizinin daha mürəkkəb hissələrinin inşaatı üçün 600 milyon avro ayırmağa hazırdır. Konkret olaraq vəsait Ermənistanın cənub vilayəti Sünikin dağlıq ərazilərində körpülərin və tunellərin tikintisinə yönləndiriləcək.
Aİ-nin bu qərarı Ermənistana bu nəhəng layihəni nəinki reanimasiya etməyə, həm də Ermənistan üçün mümkünsüz olan nəqliyyat dəhlizinin tikintisini tamam yekunlaşdırmaq üçün real şans verir.
“Şimal-Cənub” dəhlizinin inşası Ermənistanda 2012-ci ildə başlayıb. 2019-cu ildə yolun inşasının tam bitməsi və istismara verilməsi planlaşdırılmışdı. Amma indiyə qədər magistralın cəmi 20 faizinə yaxını inşa olunub. Üstəlik ekspertlərin dəyərləndirməsinə görə, bunlar yolunən asan hissələridir.
Bu arada isə hələ də Türkiyə və Azərbaycan tərəfindən blokadada saxlanılan Ermənistan üçün bu yol çox vacibdir. Magistral yüklərin İrandan Gürcüstanın Qara dəniz limanlarına daşınmasını xeyli asanlaşdırmaq və Ermənistana regionda tranzit ölkə olmaq imkanı vermək üçün nəzərdə tutulub.
İkinci Qarabağ müharibəsindən və Ermənistanın Azərbaycana ölkənin cənubundan dəhliz təqdim etməsi haqda söhbətlər başlayandan dərhal sonra bu yolun inşası ətrafında canlanma müşahidə olunur. Xüsusən Yerevanda İrandan səslənən bəyanatlara qulaq verirlər. Tehran qeyd edir ki, məhz “Şimal-Cənub” dəlizinin də bir hissəsi olduğu nəhəng nəqliyyat layihəsini həyata keçirmək niyyətidədir. Bu. Fars körfəzi – Qara dəniz dəhlizidir.
“İranla iqtisadi əlaqələrin liberallaşdırılması prosesi gedir. ABŞ-ın yeni administrasiyası da bu dövlətə qarşı daha xoş münasibətdədir. Bu layihənin reallaşdırılması uzun perspektivdə İranla daha etibarlı nəqliyyat əlaqəsinə sahib olmaq imkanı verəcək ki bu da İranla iqtisadi əlaqələrin yaxşılaşmasına şərait yaradacaq.
Gələcəkdə, əgər İrana qarşı sanksiyalar aradan qaldırılsa, cənub istiqamətində bizim Bəndər-Abbas limanına [İranın cənubunda, Fars körfəzi sahilində yerləşir] çıxışımız olacaq ki, bu da iqtisadiyyatımıza yeni imkanlar təqdim edəcək”, – iqtisadçı Aykaz Fanyan hesab edir.
Aİ Sünikin inkişafında niyə maraqlıdır?
“Şimal-Cənub” layihəsi üçün 600 milyon avro Avropa İttifaqının Sünik vilayətini əhatə edən yeganə təşəbbüsü deyil. Bu regionun inkişafı üçün Brüssel daha 80 milyon avro nəzərdə tutub. Bu vəsaitlər xırda və orta biznesin inkişafına sərf olunacaq.
Qeyd etmək lazımdır ki, Aİ-nin sənədində məqsəd kimi “Ermənistanın cənub rayonlarının müqavimət qabiliyyətinin yüksəldilməsi” göstərilib.
Sünik vilayəti Azərbaycanla sərhəddə yerləşir. Məhz Sünik Qarabaö müharibəsi zamanı bir növ ordunun təchiz edildiyi baza olub. 2020-ci ilin noyabrında Qarabağda hərbi əməliyyatların dayandırılması haqda bəyanat imzalanandan sonra Ermənistan və azərbaycan arasındakı sərhəd əhəmiyyətli dərəcədə genişlənib və bu, ilk növbədə Süniklə bağlıdır.
Məhz bu vilayətdə iki ölkə arasındakı sərhəddə mübahisəli hissələr yaranıb. Amma Süniklə bağlı hazırda ən problemli məsələ Meğridən keçən “Zəngəzur dəhlizi” məsələsidir.
Azərbaycan esklavı Naxçıvanla Türkiyəni birbaşa birləşdirən yol əldə etmək üçün Yerevanın Bakıya öz ərazisini təqdim etməsinə israr edir. Ermənistanda ən yüksək səviyyədə bildirirlər ki, bunu etmək niyyətində deyillər və söhbət sırf bütün regiondakı kommunikasiyaların açılmasından getməlidir.
“Avropa İttifaqı Ermənistan ərazisinə müdaxilə etməyi düşünən digər ölkələrə mesaj verir. Və bu, əlbəttə ki, həm də siyasi mesajdır. Bu böyük məbləğ yolun inşasını tamamlamağa imkan verəcək ki, bu da regionun simasını və ümumilikdə ölkənin nəqliyyat simasını dəyişəcək”, – deputat Arman Yeqoyan deyir.
Avropa İttifaqı Ermənistana daha çox verə bilər
“Şərq tərəfdaşlığı” layihəsinə üzv ölkələrə maliyyə yardımı haqda sənəd dərc olunandan dərhal sonra Qonşuluğun genişləndirilməsi və siyasəti üzrə Avropa komissarı Oliver Varxelinin rəhbərliyi altında regiona səfər baş tutub.
Ermənistanda o, ölkənin siyasi rəhbərliyi ilə görüşüb və bildirib ki, Avropa İttifaqı iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistana kömək etməyə və bunun üçün daha bir milyard avro ayırmağa hazırdır:
“Biz Ermənistanda demokratik institutların inkişafında və iqtisadiyyatın bərpa olunmasında iştirak etmək istəyirik. Biz Ermənistan hökuməti ilə əməkdaşlıq çərçivəsində sizin ölkənizin misilsiz iqtisadi və sosial bərpasına səylərimizi əsirgəmədən öz töhfəmizi verməyə hazırıq”.
Avropa komissarı Ermənistan hökumətinin pripritetləri çərçivəsində Ermənistan tərəfi ilə geniş miqyaslı iqtisadi və investisiya layihələrində iştirak etmək niyyəti haqda da bildirib.
Onun sözlərinə görə, Aİ regional maneələrin öhdəsindən gəlməkdə, 44 günlük müharibə zamanı zərər çəkən rayonların bərpasında, koronavirusla mübarizədə – o cümlədən də vaksin təqdim etməkdə – Ermənistana kömək etməyə hazırdır.
Avropa İttifaqının Ermənistanda bu cür maraqlı olması da vəd olunmuş məbləğlər qədər misilsizdir. Üstəlik Brüssel məhz regionda geosiyasi vəziyyət dəyişəndən, müharibədən sonra Türkiyə və Rusiyanın mövqeləri möhkəmləndikdən sonra Yerevana diqqət yetirib.
Siyasi şərhçi Hakop Badalyan əmindir ki, Aİ-nin son qərarı bir şeydən xəbər verir – Brüssel yeni reallıqlarla barışmağa hazırlaşmır və regionda qalmaq niyyətindədir:
“Aİ öz niyyətini çox dəqiq ifadə edib. Bu proqram bu rolda əhəmiyyətli mexanizmdir və bizim maraqlara cavab verdiyi üçün bunu inkişaf etdirmək lazımdır”.
Müharibədən sonra Avropa İttifaqının Ermənistana diqqətinin artdığını Ermənistanın siyasi rəhbərliyi də anlayır. “Vətəndaş Sazişi” iqtidar partiyasının üzvü, deputat Arman Yeqoyan güman edir ki, bu, “müharibənin ədalətsiz nəticəsi ilə bağlıdır”:
“Məndə elə təəssürat var ki, bütün beynəlxalq oyunçularında, birinci növbədə də Avropa İttofaqında yeni “status-kvo”nun ədalətsiz olduğu anlayışı var. Buna görə də qeyri-stabildir. Düşünürəm ki, Qarabağ məsələsinin qəbulu planında tərəzinin gözü indi biz tərəfə meyllənir”.
Rusiya bu haqda nə düşünür?
Moskva ənənəvi olaraq Avropa İttifaqının addımlarını açıq şərh etmir. Ermənistanda isə bellə vəziyyətlərdə Rusiyaya doğru boylanırlar ki, strateji müttəfiqin inciyib-incimədiyini anlasınlar. Moskva isə son illərdə Yerevandan getdikcə daha çox inciyir.
Rusiyanın federal nəşrləri indiyə qədər müxalif siyasətçi olduğu zaman Nikol Paşinyanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmaq haqda bəyanatlarını bağışlaya bilmirlər. kreml ətrafı çevrələr tez-tez Ermənistanın Aİ və ABŞistiqamətində irəliləmək niyyəti haqda danışır, hərçənd Yerevan həmişə Kremləən sadiqlərdən biri hesab olunub.
Ermənistanda Avropa İttifaqının canlanması, xüsusən də Rusiyanın ictimai narazılığı fonunda Moskva tərəfindən şübhə və hətta müəyyən müqavimət doğuracaq – Hakop Badalyan əmindir:
“Ayrılmış pullar Ermənistan üçün nəhəng vəsaitdir, ölkə iqtisadiyyatının miqyasını nəzərə alsaq. Bu, Ermənistanın iqtisadi suverenliyini əhəmiyyətli dərəcədə yüksəldə bilər. bütün bunlar Ermənistanın siyasi davranışına da təsir edəcək. Və əlbəttə ki, bəzi ölkələr böyük iş aparacaq ki, bu layihələrin reallaşdırılmasına və regionda Aİ-nin mövqelərinin möhkəmlənməsinə imkan verməsin. Bunlar ilk növbədə Azərbaycan və Türkiyə, o cümlədən də Rusiyadır”.
Amma Ermənistan Aİ-nin yardımından imtina edə bilməz. Bu vəziyyətdə rusiyalı həmkarlara izah etmək lazımdır ki, bütün bunlar Moskvanın maraqlarına qarşı edilməyəcək – ekspert əmindir.
Necə olursa olsun, Avropa İttifaqının yardımı pandemiya şəraitində müharibə yaşamış Ermənistan üçün bir udum nəfəsdir və böhrandan çıxmaq şansıdır. Ölkə yeni imkanlardan yararlana və eyni zamanda çoxsaylı riskləri dəf edə biləcəkmi, bunu zaman göstərəcək.