Ermənistan müxalifəti Moskvadakı danışıqları “Ermənistanın növbəti məğlubiyyəti” hesab edir
Ermənistanın birləşmiş müxalif partiyalarının nümayəndələri yanvarın 11-də Moskvada keçirilən üçtərəfli danışıqları növbəti uğursuzluq hesab edirlər. Müxalif Vətənin Xilası Naminə Hərəkatınınətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin imzaladığı bəyanatı “Ermənistan üçün növbəti biabırçı məğlubiyyət” adlandırıb.
“Ermənistan bu görüşdən heç bir müsbət nəticə əldə etməyib, əsirlərlə bağlı məsələdə isə əliboş qalıb. Azərbaycan növbəti dəfə istədiyini möhkəmləndirib”, – Manukyan Facebook səhifəsində yazıb.
Moskvaya səfərindən əvvəl baş nazir Nikol Paşinyan və onun mətbuat katibi Mane Gevorqyan bildirmişdilər ki, Ermənistan tərəfi üçün “prioritet məsələ” məhz əsirlərin qaytarılmasıdır.
“Və əgər bunu həll etmək mümkün olsa, o zaman birgə bəyanat imzalana bilər”, – görüş ərəfəsində baş nazirin mətbuat katibi Facebook-da belə yazmışdı.
Artıq Moskva görüşündən sonra danışıqların nəticələri illə bağlı “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts izahat verməli olub. O söz verib ki, erməni hərbi əsirlərin qaytarılması məsələsi gündəlikdə qalır, üstəlik Ermənistan tərəfi üçün yenə də prioritetdir.
- “Qan, tər, gözyaşı və səriştəli idarəçilik” – politoloqdan Ermənistanın böhrandan çıxış formulu
- Ermənistan və Azərbaycanı nəqliyyat dəhlizləri birləşdirəcək – Moskvada liderlərin görüşünün nəticələri
- Müharibədən sonra Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü – nə gözləmək olar? Şərhlər
Müxalifət nə deyir?
Müxalifətçilər hesab edirlər ki, 2020-ci il 9 noyabr bəyanatı ilə Azərbaycan artıq xəyalını qura biləcəyindən daha çoxunu əldə edib. Birləşmiş müxalifət Azərbaycan və Rusiya prezidentləri ilə birlikdə “kapitulyasiya sənədini” imzalayan Ermənistanın baş nazirinin istefası tələbini davam etdirir.
Müxalif etirazçı hərəkatın baş nazirliyə yeganə namizədi Vazgen Manukyan isə bildirib ki, Bakı bu sənəddə nəzərdə tutulan maddələri vaxtaşırı pozur. O, bunları qeyd edib:
– birinci maddə – tərəflər tutduqları mövqelərdə qalırlar və həmçinin
– səkizinci maddə – hərbi əsir, girov və digər saxlanılan şəxslərin, o cümlədən də həlak olanların meyitlərinin dəyişdirilməsi.
“Bütün bunlar Nikol Paşinyanın hərəkətsizliyinin köməyi və sayəsində olur. Yanvarın 11-də Moskvada Əliyev doqquzuncu maddənin reallaşdırılması üçün təməli möhkəmləndirdi və yeni təməl qoydu [regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və Ermənistanın Azərbaycan və eksklavı Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin etməsi – JAMnews], hansı ki, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.
Şübhə yoxdur kki, Paşinyanın baş nazirliyi şərtlərində bu maddənin reallaşdırılması üzrə gələcək danışıqların nəticələri ancaq Azərbaycanı tam təmin edəcək”, – Vazgen Manukyan hesab edir.
Müxalifətçinin fikrincə, üçtərəfli 11 yanvar danışıqlarında Ermənistanın baş naziri Qarabağ üzrə bəəyanatın birinci maddəsinin pozulması haqda xüsusi olaraq bəyan etməliydi, çünki bu, Erməniastanın hazırda sərhədin yenidən müəyyən edilməsi prosesinin getdiyi cənub, sərhədyanı vilayəti – Sünik üçün təhlükə kəsb edir.
Bundan başqa, Manukyan yeni sənəddə münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanması və DQ-ın statusu haqda heç bir qeydin olmadığından da narazıdır, çünki “bu da böyük məğlubiyyətdir”:
“Və əlbəttə ki, əsirlər haqda məsələni qəti şəkildə qoymaq və həll etmək lazım idi. Yanvarın 11-də üçtərəfli görüş və birgə bəyanat yenidən bizim yanaşmamızı təsdiqlədi, buna müvafiq olaraq Nikol Paşinyan Ermənistanın və erməni xalqının maraqlarını təmsil etməyə qadir deyil”.
Hakimiyyət nümayəndələri nə deyir?
“Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts müxalifətin hərbi əsirlərin qaytarılması ilə bağlı ittihamlarına cavab verərkən bildirib ki, bu məsələ “Ermənistan tərəfi üçün prioritet olub və qalır”.
11 yanvar üçtərəfli bəyanatın imzalanması haqda danışarkən Makunts vurğulayıb ki, bunun humanitar məsələlərlə heç bir əlaqəsi yoxdur və “bir şeyi digəri ilə bağlamaq lazım deyil”:
“Sənəd konkret müddətləri göstərilmiş niyyətlər haqda bəyanatdır, humanitar fəaliyyət isə hərbi əsirləri qaytarmağı hədəfləyib. XİN və parlament maksimum səy göstərir. Biz sərəncamımızda olan bütün mexanizmlərə əl atmalıyıq”.