Moskva: izdihamlı etirazlar polis zorakılığına rəğmən davam edib. Foto və video
Moskvada avqustun 3-də Moskva şəhər Dumasına (şəhər parlamenti) sentyabrın 8-də baş tutacaq seçkilərdə müstəqil namizədlərin qeydiyyata alınması tələbi ilə etiraz aksiyaları davam etdirilib.
Ümumilikdə aksiyaya təşkilatçıların hesablamalarına görə, 15 min nəfər gəlib, onların arasında çox sayda yetkinlik yaşına çatmayanlar var.
Bu dəfə polisin açıqladığı rəqəmlər qeyri-rəsmiyə yaxındır – aksiyada 10 minə yaxın insanın iştirak etdiyi bildirilir.
Təşkilatçılar aksiya keçirmək üçün müraciət etsələr də, razılıq almayıblar. Buna görə də iştirakçılar nümayişkaranə sərt şəkildə saxlanılıb və döyülüb.
828 nəfər aksiya iştirakçısı polis şöbələrinə aparılıb, onlardan 19-u gecəni şöbədə keçirib – OVD-info qeyd edib.
Şahidin danışdıqları
“Oturan Rusiya” hüquq müdafiə təşkilatından vəkil Mariya Eysmont danışır:
“Gənc cütlüyü – oğlanla qızı – səhər tezdən məhkəməyə gətirib ən axırda mühakimə etdilər. İkisi də çox yorğun idi, qız bir qədər qorxmuşdu. İkisini də döymüşdülər. Onların yanında Saşa adlı polis vardı, onun nəzakəti və xoşməramlılığı onun həmkarı, başqa saxlanılanları məhkəməyə müşayiət edən digər polisin kobudluğu və ədəbsizliyi ilə ciddi təzad təşkil edirdi.
“Mən doğru əməkdaş deyiləm”, – Saşa mənə dedi. – “Bizlmirəm nə qədər tab gətirəcəm”.
Onlar bir-birinə aşiqdi və bu, çox bəlliydi. İkisi də bir-birinə görə çox narahat idi.
Hər ikisi Puşkin meydanında izdihamla ayrı düşərək, bir-birini tapmağa çalışarkən saxlanılmışdı. Formalı adamlar qızı tutaraq kobud şəkildə çəpərləmənin arxasına itələməyə başlayıblar və nəticədə onu həmin çəpərə çırpıblar. Oğlan bunu görüb və köməyə atılıb.
Bir neçə formalı adam onu döyüb, sonra qollarından və ayaqlarından tutub polis avtobusuna daşıyıblar, qız da dalınca qaçıb. Məhkəmədə qız ən son çıxış edib. Axşam saat doqquza işləmişdi:
“Mən vətəndaşam, kriminal, qanuna zidd heç bir şey eləməmişəm ki, məni belə döysünlər, itələsinlər, heyvan kimi çəpərin arxasına salsınlar. Mən tək qalmışdım, qorxurdum, vəziyyət elə alındı ki, sevgilimlə ayrı düşmüşdük, bəlkə diqqətsizliyimizdən”.
Hakim möhkəm gülür.
“Sizi birləşdirə bilərəm, ha-ha!” – deyir və oğlana az əvvəl 4 sutka həbs cəzası verdiyini, qıza da eyni cəzanı verə biləcəyini nəzərdə tutur. Sanki öz zarafatı özünün xoşuna gəlibmiş kimi.
“Orda həqiqətən qorxunc idi”, – qız deyir.
Ona 1000 rubl [təxminən15 dollar] cərimə kəsildi. Oğlan xoşbəxt idi ki, qız artıq bitxanada yatmalı olmayacaq”.
Moskva etirazları necə mütəmadi oldu?
Etirazların səbəbi paytaxt parlamentinə seçkilərdə hakirkı hakimiyyətin nəzarətində olmayan müstəqil namizədlərin qeydiyyata alınmamasıdır.
Qanuna əsasən, onlar namizədliklərini irəli sürdükləri dairədə seçicilərin üç faizinin imzasını toplamalı idilər.
Müstəqil namizədlər bunu edib, amma onlara dəstək imzaları saxta elan edilib. Hətta imza sahibləri bu namizədləri dəsdəklədiklərini şəxsən təsdiqləməyə hazır olsalar da bu, hesaba alınmayıb.
Moskvada müstəqil namizədlərə dəstək aksiyası iyulun 20-də baş tutub. O zaman hakimiyyət mitinqə icazə vermişdi və 20 mindən çox insan aksiyaya qoşulmuşdu.
Bir həftə sonra iyulun 27-də 15 mindən çox insan yenidən Moskva küçələrinə etiraz etməyə çıxdı. Onların çıxışları görünməmiş qəddarlıqla yatırıldı – 1500 nəfərdən çox insan saxlanıldı, 77 nəfərə yaralandı, 8 sutkadan 15 sutkaya qədər inzibati həbs cəzası alanlar oldu.
O zaman qeydiyyata alınmamış müstəqil namizədlər moskvalıları avqustun 3-də etiraz aksiyasına çıxmağa səsləmişdilər.
Hakimiyyətin reaksiyası
Bütün etiraz liderləri həbsdədir.
Polis tərəfindən zorakılıq açıq şəkildə artıb. Saxlanılanların hətta müqavimət göstərmədikləri halda qəsdən döyüldüyü haqda çox sayda şahidlər var. Üstəlik nə qadınlara, nə yaşlı insanlara, nə də azyaşlılar rəhm edilməyib.
Bir neçə saat ərzində saxlanılanların yanına vəkillər buraxılmayıb.
Üstəlik əgər əvvəl saxlanılanlara inzibati maddələr (cərimə və ya 15 sut kaya qədər həbs) tətbiq edilirdisə, indi məhkəmələr 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan “kütləvi iğtişaşların təşkili” də daxil olmaqla cinayət ittihamlarına baxır.
“Novaya qazeta” nəşrinin müxbiri saxlanılanların dilindən danışıb ki, çoxlarının zorla barmaq izlərini götürüblər, bəzilərini isə müqavimət göstərsələr “barmaqlarını baltalayacaqları” ilə hədələyiblər.
Saxlanılanların telefonları da əllərindən alınıb, sonra isə şantaj edərək messenger-lərinə giriş tələb ediblər.
Proqnoz
Hələlik azadlıqda olan fəallar əminliklə bildirirlər ki, onlar dayanmayacaqlar, müstəqil namizədlər qeydiyyata qlınana qədər etirazlar permanent şəkildə davam edəcək.
Ekspertlər bildirirlər ki, sərt, qanlı münaqişə riski mövcuddur.