“Moskva Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlara qarşıdır” – Bakıdan şərh
Kreml rəsmi Bakı və Yerevan arasında artıq Qərbin dəstəyilə başlayan ikitərəfli danışıqlara hər vəchlə müqavimət göstərir – azərbaycanlı politoloq Elxan Şahinoğlu hesab edir. Onun fikrincə, Yerevanda və Ermənistanın digər şəhərlərində başlayan kütləvi etirazların arxasında da Rusiya dayanır. Politoloq həmçinin Nikol Paşinyan hakimiyyətinin devrilməsi halında regionda mümkün dəyişikliklərə də toxunub.
- Ukrayna kəşfiyyatı: Rusiya Gürcüstanla reeksport üzrə danışıqlar aparır. Tbilisi bunu təkzib edir
- “Biri 10 qəpiyə alışqan doldurub, xeyli pul qazanırdım” – Həşimin uğura aparan yolu
- Minsk Qrupu olmasa, Ermənistanı və Azərbaycanı sülhə kim aparacaq?
“Yerevandakı etirazlar Moskvadan idarə olunur”
Azərbaycanın “Atlas” Analitik Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Yerevanı və Ermənistanın digər şəhərlərini əhatə edən etirazlar Moskvanın diktəsi altında baş verir:
“Brüsseldə Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşündən sonra Ermənistanın xarici işlər naziri və Nikol Paşinyan Moskvaya səfər etdilər. Həmin səfərlər çərçivəsində baş vermiş danışıqlarda Rusiyanın Brüsseldəki görüşdən və onun nəticələrindən narazı qalması aşkar sezilirdi.
Bundan sonra Ermənistanda etirazlar başladı və həmin etirazların əsas səbəbi Paşinyanın parlamentdəki çıxışında Dağlıq Qarabağla bağlı gözləntiləri bir az azaltmaqla bağlı sözləri oldu. Faktiki olaraq, Ermənistanın baş naziri bildirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına razılaşmalıdırlar.
İndiki narazılığın və aksiyaların yeganə məqsədi isə Paşinyanın devrilməsidir. Lakin küçələrə çıxan insanların sayı çox deyil və əksəriyyət prosesləri sükutla izləyir. Çünki erməni xalqı “pis”lə “çox pis” arasında seçimdə özü üçün “pis”ə üstünlük verir. Bu mənada “pis” Nikol Paşinyandır.
Maraqlıdır ki, radikal müxalifət Paşinyanın 2018-ci ildə hakimiyyətə gəldiyi üsula əl atıb. O vaxt indiki baş nazir insanları küçələrə səsləyir, şəhər-şəhər gəzib özünə tərəfdar toplayırdı”.
“Moskva ikitərəfli danışıqlara qarşıdır”
Politoloq qeyd edir ki, Qərb və Kremlin qarşıdurması bizim regionda da aydın hiss olunur.
“Qərblə Rusiya arasında Ukraynada açıq qarşıdurma gedir və bu qarşıdurma artıq Qafqaza transfer olunub.
Yerevandakı hadisələr fonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda görüşlər keçirir. Başqa sözlə, Paşinyan Moskvadan ona edilən təzyiqlərdən sonra Vaşinqtondan dəstək istəyir. Düzdür, yayımlanan xəbərlərdə bildirilir ki, Mirzoyan dövlət katibi Blinkenlə görüşdə Azərbaycandan şikayət edib, amma bağlı qapılar arxasında, çox güman ki, Moskvanın təzyiqləri müzakirə olunur.
Entoni Blinken maraqlı bir açıqlama ilə çıxış etdi ki, ABŞ Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun tərəfdarıdır. Əslində, bu, Moskvaya mesajdır ki, Bakı ilə Yerevan arasında dialoqa mane olmasın.
Kreml aşkar şəkildə ikitərəfli dialoqun əleyhinədir. Bu prosesdə öz iştirakının olmasında israr edir. Amma hazırda tərəflərin vasitəçiyə ehtiyacı yoxdur. Artıq iki ölkənin xarici işlər nazirləri arasında iki dəfə telefon danışıqları olub. Dünən Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Brüsseldə görüşüb. Yəni ikitərəfli təmaslar artıq var, ABŞ və Avropa bunu dəstəkləyir.
Əgər Nikol Paşinyan Vaşinqtondan dəstək istəyirsə, Moskvanın təzyiqlərinə tab gətirməlidir, dözə bilməsə, hazırkı Ermənistan rəhbərliyinin vəziyyəti pisləşəcək”, – Şahinoğlu deyir.
“Müxalifət Paşinyanı devirə bilsə…”
“Atlas” Analitik Mərkəzin rəhbəri Ermənistanda hakimiyyət devrilərsə, baş verə biləcək hadisələrin gedişatını proqnozlaşdırmağa çətinlik çəkir:
“Əlbəttə, yeni hakimiyyət Paşinyan hökumətinin imzaladığı bütün sənədləri təftiş etmək arzusunda ola bilər, lakin bunun Ermənistana xeyri olacaqmı?
Əgər Ermənistan 10 noyabr 2020-ci il bəyanatından, daha sonra Moskvada və Soçidə imzalanmış sənədlərdən geri çəkilərsə, Azərbaycan Qarabağın yerdə qalan hissəsində suverenliyini bərpa etmək üçün gözəl şans əldə edəcək.
Eyni zamanda, Naxçıvanla quru əlaqəsinin bərpası məsələsini Azərbaycan təkbaşına həll edə bilər.
İlham Əliyevin də bu günlərdə bəyan etdiyi kimi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır”.