Moldovaya şahmatçı başçılıq edəcək?
Oktyabrın 30-da Moldovada prezident seçkiləri keçiriləcək. Ya birinci, ya da ikinci turda qalib gələcək favorit Sosialistlər Partiyası tərəfindən dəstəklənən İqor Dodondur.
O, kimdir? Və qalib gələcəyi halda ölkəni hara aparacaq?
Dəyişən baxışlar
Sosialistlərin lideri olan İqor Dodon siyasi çevikliyi ilə seçilir. 2008-ci ilin iyun ayında baş nazirin birinci müavini və iqtisadiyyat və ticarət naziri vəzifəsində olarkən, o bildirib ki, “əlbəttə ki, Avropaya inteqrasiya Moldova Respublikası üçün prioritetdir, amma Aİ-yə daxil olmaq barədə danışmazdan əvvəl Avropa standartları və islahatlarını həyata keçirmək lazımdır.
Qanunverici olandan sonra isə Dodonun mövqeyi dəyişdi. 2011-ci ilin aprel ayında niyə Kişinyov meri vəzifəsinə öz namizədliyini irəli sürmək qərarını verib – sualına o aşağıdakı cavabı verib: “Parlamentdə rahat deyiləm, siyasət mənim üçün deyil, mən konkret məqsəd və qərarları seçirəm.
“Ümumi sərhəd olmadan Gömrük İttifaqının hissəsi olmaqla bağlı söhbətlər utopiyadır, – Dodon 2011-ci ildə deyir. İki il sonra o artıq Rusiya, Belarus və Qazaxıstanın Gömrük İttifaqına daxil olmağı təbliğ edir: “Avropaya inteqrasiya yaxşı səslənir, amma pis görünür. Aİ ilə assosiasiya sazişi xaos, rabitəsizlik və dövlətçiliyin itirilməsinə gətirib çıxaracaq. Moldovaya başqa yol lazımdır. Gömrük İttifaqı Moldova Respublikasının stabil sosial-iqtisadi inkişafını təmin edəcək.
30 noyabr 2014-cü il seçkilərindən sonra Dodon bildirdi: “Biz Pridnestrovye və Qaqauziya ilə Gömrük İttifaqına daxil olacaq federativ dövlətin yaradılması haqda razılığa gələ bilərik.
Seçkiqabağı proqram çərçivəsində Dodon deyir ki, Rusiya ilə strateji tərəfdaşlığı bərpa edəcək, prezident kimi ilk səfəri isə Moskvaya olacaq. Bununla belə, Gömrük İttifaqına üzv olmaq barədə artıq danışmır.
Vəziyyəti neçə addım qabağa hesablaya bildiyi barədə suala prezidentlik uğrunda mübarizənin favoriti belə cavab verir: “Mən Moldova Şahmat Federasiyasının prezidentiyəm.
Müxalifət varlandırır
Sosialistlər Partiyasının dövlət başçısı kreslosuna namizədi olan İqor Dodon ailəsinin aylıq gəlirinin yarısından çoxunu 2013-cü ildə paytaxtın Buyukan rayonunda dəbdəbəli evin alınmasına 1,47 milyon ley həcmində götürdüyü kreditin ödənilməsinə xərcləyir.
Nə özü, nə də xanımı kommersiya şirkətlərinə sahib olmasalar da, namizəd Dodonun adı müxtəlif vasitəçilər, o cümlədən də yaxın qohumlar vasitəsiylə milyonluq biznes sahiblərinin arasında çəkilir. Misal üçün, onun baldızının idarə etdiyi MMC son illər ərzində 1,5 milyon ley həcmində 50-yə yaxın dövlət auksionunu udub. Onun ilk baxışdan kasıb olar qohumları, dostları və partiya üzrə əməkdaşları çiçəklənən biznesi inkişaf etdirən şirkətlərə sahibdirlər.
Onların təqdim etdiyi sənədlərə görə, Dodonun ailəsinin güzəranı onun hakimiyyətdə vəzifə tutduğu vaxtlarda deyil, müxalifətə gedəndən sonra yaxşılaşdı.
Krım kimindir?
İqor Dodonun bu yaxınlarda Krımın mənsubiyyəti barədə səsləndirdiyi bəyanat daha böyük diqqət cəlb etdi. “RTR Moldovanın efirində o qətiyyətlə “Rusiya Federasiyasına – cavabını verib. “Kommersant qəzetinə müsahibəsində isə o, Krımın RF tərkibində hüquqi cəhətdən tanınması prosedurası məsələsini qaldırmaq istəmədiyini belə izah etdi: “Biz Krımı tanısaq, bu kimlərsə tərəfindən Pridnestrovyenin tanınmasına gətirib çıxarmayacaqmı? Məni narahat edən budur. Bizdə də Pridnestrovye ilə bağlı eyni şeylər baş verməsin. Gəlin belə danışaq: siyasətçi İqor Dodon Krımı de-fakto Rusiyanın sayır. Oktyabrın 31-dən sonra söhbət edərik.
Dərc edilib: 29.10.2016