Moldova: uşaq pornoqrafiyası ilə mübarizə, yoxsa vətəndaşlara nəzarət?
Moldovada hökumətin internet və şəxsi onlayn yazışmalara nəzarəti əhəmiyyətli dərəcədə gücləndirmək təşəbbüsü ilə bağlı qızğın müzakirələr başlayıb – bu mövzu Gürcüstan üçün də son zamanlar çox aktualdır.
Söhbət “Böyük qardaş qanunu” adlandırılan qanun layihəsindən gedir. O, istintaq orqanlarına saytları bağlamaq, şəxsi elektron məktublarını, SMS-ləri yoxlamaq, Viber və WhatsApp-da məktubları oxumaq haqqı verir – bütün bunlar da uşaq pornoqrafiyası və terrorizmlə mübarizə aparmaq üçündür.
Kişinyovda yaxın zamanlarda Avropa Şurası Venesiya Komissiyasının qanun layihəsi ilə bağlı rəyini gözləyirlər.
Bununla belə ekspertlər həyəcan təbili çalır və bildirirlər ki, qanun layihəsi internetdə senzuranı tətbiq etmək cəhdindən başqa bir şey deyil.
Saytların bloklanması, məktub və mesajların oxunması – kiber-cinayətkarlığa qarşı
“Böyük qardaş qanunu”nun layihəsini Moldova hökuməti hələ 30 mart 2016-cı il tarixində təsdiq edib. Tezliklə də layihə parlamentdə qeydiyyatdan keçib.
“Qanun Moldovada kiber-cinayətkarlığın və uşaq pornoqrafiyasının qarşısının alınması və onunla mübarizəyə istiqamətlənib”, – o vaxt qanun layihəsinin müəlliflərindən biri, DİN-in Kiber-cinayətkarlıqla mübarizə Mərkəzinin müstəntiqi Vyaçeslav Bedereu izah edib.
Vətəndaş cəmiyyətində isə bir çoxları buna qarşı çıxış edib, o cümlədən də “Promo-Lex” ictimai təşkilatının hüquqşünası Vadim Vieru:
“Hüquq-mühafizə orqanlarının informatika sahəsində səlahiyyətləri çox genişləndirilir. Misal üçün, qanun layihəsi müxtəlif saytların yerləşdiyi serverlərin İP ünvanlarının bloklanmasını nəzərdə tutur”, – deyə o bildirir.
İT Şirkətlərinin Milli Assosiasiyasının nümayəndələri də narahatdır ki, hüquq-mühafizə orqanları yeni qanunla onlara verilən səlahiyyətlərdən sui-istifadə edəcək. O cümlədən də minlərlə istifadəçinin şəxsi məlumatlarını əldə edə biləcəklər.
“Biz informasiya nəzarətinin hüquqi şəffaflığından narahatıq. Biz böyük məlumatlar bazasından danışırıq, bu, on, yüz minlərlə insana şamil edilə bilər”, – İT Şirkətlərinin Milli Assosiasiyasının hüquq məsləhətçisi Kristian Şkopu deyir.
Jurnalistlər də layihəyə şübhəli yanaşır, onların fikrincə, bu layihə kriminalla mübarizədən daha çox, bəzi vətəndaş və peşəkar kateqoriyasına, o cümlədən də tədqiqatçı jurnalistlərə qarşı yönəlib. Oxşar şeylər artıq keçmişdə olub.
“2009-cu ilin aprel ayında bir neçə veb-səhifə bir neçə günlük bloklandı, amma uşaq pornoqrafiyası səhifələri açıq idi. Bloklananların arasında isə “Unimedia”, “Ziarul de Gardă” və cəmiyyəti Moldovada baş verən hadisələr barədə məlumatlandıran başqa saytlar vardı. Biz niyə məhz bu veb-səhifələrin bağlandığı barədə hakimiyyətdən doğru-dürüst cavab ala bilmədik”, – “Ziarul de Gardă” qəzetinin direktoru Alina Radu deyir.
Qulaq asırlar, amma səbəbi məlum deyil
Hüquq müdafiəçiləri də təsdiq edir ki, Moldovanın hüquq-mühafizə orqanlarının vətəndaşların şəxsi kommunikasiyalarına müdaxilə etməklə bağlı artıq böyük təcrübəsi var.
2015-ci ildə onlar 10 min telefon söhbətinə qulaq asıblar, – Moldovanın Hüquqi Resurs Mərkəzinin nümayəndəsi Nadejda Xriptiyevski deyir.
“Niyə? Nə baş verdi ki, bu qədər dinləmələr var? Biz informasiya sızıntılarının da şahidi olmuşuq, misal üçün, rezonans yaradan telefon danışıqlarının. Biz hələ də bunun haradan həyata keçirildiyini bilmirik”, – ekspert deyir.
Onun sözlərinə görə, bu yazışmaların kim tərəfindən izləndiyi, sosial şəbəkə və KİV-lərdə necə yayıldığı barədə suallara hələ heç kim cavab verməyib.
“Biz hamımız razıyıq ki, bizə kiber-cinayətkarlıq, həm də uşaq pornoqrafiyası ilə mübarizə üçün alətlər verə bilən layihə lazımdır. Eyni zamanda da əmin olmaq istəyirik ki, daxil edilən dəyişikliklər insan haqlarına zidd deyil və biz əslində kütləvi nəzarət üçün vasitə olan sistem yaratmırıq”, – Xriptiyevski deyir.
Texnologiyalar və İnternet Assosiasiyasının icraçı direktoru Boqdan Manolyanın bildirdiyinə görə, kütləvi müşahidə tədbirləri heç vaxt kriminal və terrorizmlə mübarizədə öz effektivliyini sübut etməyib. Bu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş tövsiyələri, həm də ABŞ-ın təcrübəsi ilə təsdiqlənib.
Qərarı gözləyərkən
Vətəndaş cəmiyyəti nümayəndələrinin təkidi ilə “161 saylı qanun layihəsi” Avropa Şurasının orqanı olan və quruma üzv dövlətlərin qanunlarının demokratik standartlara uyğun olub olmadığını araşdıran Venesiya Komissiyasına ötürülüb.
Artıq məlumdur ki, Komissiya dəyişdirilməli və ya sənəddən çıxarılmalı olan bir sıra problemli müddəa tapıb. Bunlar həmçinin kompüter məlumatlarının ələ keçirilməsi üçün hüquq mühafizə orqanlarına həddən artıq çox imkanların verilməsi, bundan başqa kütləvi müşahidə ölçüləridir ki, Komissiyanın rəyincə, qeyri-effektiv sayılır, çox bahalıdır və şəxsi həyat haqqını pozur.
Komissiya sənəd üzrə hesabatı artıq 2017-ci il martın axırlarında təqdim etməlidir.