Moldova ixracı: sərfəli qadağa
Siyasi mübahisələrdə öz opponentlərinə qarşı ərzaq məhsullarının idxalına qadağa qoymaq Rusiyanın adətən əl atdığı arqumentlərindəndir. 2014-2015-ci illərdə Rusiyanın Moldovada yetişdirilən meyvə-tərəvəzlərə qoyduğu qadağa fermerləri ciddi sarsıtsa da, onlara daha əlverişli təkliflər axtarıb tapmağı öyrətdi.
Ziarul de Garda-nın materialı
Embarqo: bu, necə oldu
İqor İvanov Moldovanın Orqeyevsk rayonunun Malayeşt kəndində yaşayan fermerdir. Vaxtının böyük hissəsini öz meyvə bağlarında keçirir, məhsulun necə olacağından çox şey asılıdır. İqor ixracatçıdır: onun gilası, gavalısı, şaftalısı, əriyi və alması həm Rusiyada, həm də Avropada satılır.
Vaxtilə moldovalı fermerlər öz məhsullarını ancaq Rusiyaya göndərirdilər və bu yeganə mümkün bazar sayılırdı.
“Bu, bizim üçün stabil və vərdiş etdiyimiz bir hal idi”, – İqor xatırlayır və əlavə edir ki, hər şey tez bir zamanda dəyişdi.
2014-cü ilin yayında, məhsul yığımının qızğın vaxtında Rusiya əvvəlcə Moldova meyvə-tərəvəzinə embarqo qoydu, bir həftə sonra, 1 avqust 2004-cü il tarixində isə Moldovadan ixrac olunan mallara gömrük rüsumu tətbiq etməyi qərara aldı.
Elə o vaxt da fermerlər başqa bazarlar axtarmağa məcbur oldu – bəxtlərini Ukrayna, Belarus və Qazaxıstanda sınadılar.
İqor rumın ixracatçılarla əməkdaşlıq etməyə nail oldu. Onların məhsullara tələbi Rusiyaya nisbətdə daha sərt idi, amma əsas çətinliklər hələ qabaqda idi: Aİ-nin başqa ölkələrinə ixrac olunan kənd təsərrüfatı məhsullarına qarşı tələblər daha sərt imiş:
“Məsələn, Avropa bitkilərin becərilməsində ancaq bəzi preparatların istifadəsinə icazə verir; bu preparatlar isə adətən yetərincə baha olur və heç də bütün istehsalçılar onları almağa hazır deyil”.
Bütün bunlar asan deyildi, bununla belə İqor hesab edir ki, embarqonun müddəti bir az da uzadılsaydı bu, ölkənin kənd təsərrüfatı sahəsinə ancaq xeyir gətirə bilərdi – uzunmüddətli perspektivdə.
“Rusiyanın embarqosu daha iki-üç il davam etsəydi (embarqo 2014-cü ilin iyul ayından 2015-ci ilin fevral ayına qədər davam edib – redaktor qeydi) yəqin ki, kəndlilər meyvəsini sata bilmədikləri bütün ağacları kəsərdilər. Əlbəttə bu, ağırdır, amma tədricən yeni, tələbatın daha çox olduğu sortlar əkərdilər ”, – İvanov hesab edir.
Dubay, Misir, Hindistan
Keçmiş kənd təsərüffatı naziri Vitali Qorniçnoy hazırda “Moldova Fruct” fermerlər assosiasiyasına başçılıq edir. Assosiasiya 180 istehsalçı, ixracatçı və meyvə emalçısı ilə əməkdaşlıq edir. Qorniçnoy embarqodan sonra ixracın həcminin nə qədər azalmasından danışır:
“2013-cü ildə biz Rusiyaya 200 min ton alma göndərmişik, 2014-cü ildə isə bu rəqəm 40-50 tondan çox olmayıb. Yerdə qalan məhsul Moldovadan Belarusa təkrar ixrac yolu ilə başqa bazarlara çıxıb”, keçmiş kənd təsərrüfatı naziri deyir.
Amma heç də bütün Moldova məhsulları birdən birə başqa bazarlara yol tapmayıb. Yüzlərlə ton meyvə-tərəvəz tarlalarda qaldı. Moldovan ixracatçılarına dəyən ziyan təxminən 145 milyon dollar həcmində dəyərləndirilir.
Amma yenə də bəziləri vəziyyətdən çıxış yolunu tez tapdılar. “Biz alternativ bazarlar axtarmağa başladıq, yeni alma bağları əkdik, yığım texnikasının inkişafına və soyuducuların tikintisinə pul qoyduq”.
“Polşaya və Macarıstana alma aparmaq mənasız idi – onların özlərində alma çoxdur. Biz almanı Rumıniyaya gətirdik. İndi də başqa istiqamətdə bazarlar axtarmaq lazımdır, söhbət, əgər qanunvericiliyə uyğunlaşsaq Dubay, Misir, Hindistandan gedir”, – keçmiş kənd təsərrüfatı naziri deyir.
Avropa daha sərfəlidir
“Hökumət və parlament çoxluğu nə qədər çalışsa da, Rusiya ilə münasibəti korlaya bilmirlər. Rəqəmlər hər şeyi deyir”, – bu yaxınlarda Moldova prezidenti İqor Dodon öz “Facebook” hesabında yazıb. O, dəqiqləşdirib ki, Moldovodan 2017-ci ilin yanvar-iyul aylarında ixrac olunmuş 9,3 ton tərəvəzin 8,18 tonu Rusiyaya göndərilib.
Rusiyaya ixracın böyük həcminə baxmayaraq, Aİ ilə meyvə-tərəvəz alveri daha çox gəlir gətirir.
Moldova ilə Aİ arasında assosiasiya sazişi imzalanmadan əvvəl, 2014-cü ildə Rusiyaya meyvə ixracının ümumi həcminin 60-70%-i göndərilib. 2014-cü ildən etibarən isə Avropa bazarına ixracın həcmi 16% artıb.
2013-cü ildə Rusiya ilə meyvə alveri Moldovaya 631 milyon dollar gətirib. Keçən il isə Rusiyaya mal ixrac etməklə cəmi 233,17 milyon dollar qazanmaq mümkün oldu. 2017-ci ilin yanvar-iyun aylarında Moldova Aİ-yə məhsul ixrac etməkdən 38,5 milyon dollar əldə edib ki, bu da həmin dövr üzrə ümumi ixracın yarısından çoxunu, 51 faizini təşkil edir.
Amma gəlirdən əlavə, Avropa bazarına çıxış Moldova üçün bütün kənd təsərrüfatı sahəsinin inkişafına böyük təkan vermək deməkdir.
“Moldova Fruct” kənd təsərrüfatı şirkətinin marketinq üzrə mütəxəssisi Vadim Kodryanu öz məhsullarını Aİ-yə çıxaran fermerlərin ildən-ilə artdığını deyir.
“Onların sayı artır, çünki insanlar yavaş-yavaş ən yeni texnologiyalara və Avropa standartlarına uyğun yeni plantasiyalar salırlar; xüsusi soyuducular alırlar, anbarları lazımi qaydada təchiz edirlər və s. Bununla da bütün sahə inkişaf edir və müasirləşir”.
Kodryanu deyir ki, bunu müşahidə edən avropalılarla yanaşı digər maraqlı tərəfdaşlar da ortaya çıxır.
“Misal üçün, Yaxın Şərq, Şimali Afrika ölkələri, Cənubi Asiyanın Banqladeş və Hindistan kimi ölkələrindən ixracatçılar da maraq göstərir. Biz bu bazara müəyyən həcmdə məhsul ixrac etdik və tələblərin nədən ibarət olduğunu öyrəndik. Milli Ərzaq Məhsullarının Təhlükəsizliyi Üzrə Agentliklə birlikdə Hindistan bazarına çıxmaq üçün böyük səy göstərdik. İsraildə almalarla bağlı eyni təcrübəmiz olub”, – Vadim Kodryanu deyir.
“Hazırda Moldovada şaftalı və gavalı mövsümüdür. Onları əsasən Polşa və Rumıniyanın bazarlarına ixrac edirlər, Belarus və Rusiyaya da böyük həcmdə məhsul gedir. Bəziləri gavalını rumın vasitəçilərinin köməyilə İtaliyaya göndərir”, – Kodryanu danışır.
“Biz artıq üzümə rüsumu artırmışıq. Almalarla bağlı vəziyyət daha ağırdır, çünki Aİ bazarında rəqabət çox böyükdür, avropalıların özləri dörd milyon tondan çox alma yetişdirir, yəni Moldovanın hər il yetişdirdiyindən 10 dəfə çox”, – Kodryanu qeyd edir.