Ermənistanın XİN rəhbəri İsraili Azərbaycana silah satmamağa çağırıb
Ermənistanın XİN rəhbəri İsraili Azərbaycana silah satmamağa çağırıb, çünki bu silah Ermənistanın dinc sakinlərinə və mülki infrastruktura qarşı istifadə olunur. Bu haqda Zohrab Mnatsakanyan İsrailin Jerusalem Post nəşrinə müsahibəsində bildirib.
Ermənistanlı nazir həmçinin İsrailin erməni soyqırımını tanıması məsələsinə də toxunub.
● Ermənistan Azərbaycanla münaqişəyə Rusiyanın cəlb olunmasına ümid etmir
● Şərh: Ermənistan və Azərbaycan sərhədində gərginliyi kim təhrik edib? Bu, Rusiya ola bilərmi?
Ermənistan və İsrailin mövqeyi
Zohrab Mnatsakanyan hesab edir ki, Ermənistan-İsrail münasibətlərində yaxşılaşma hiss olunur, amma Azərbaycana silah satılması Ermənistan üçün problemdir:
“Azərbaycan heç vaxt bu silahı mülki infrastruktura və dinc əhaliyə qarşı istifadə etməkdən çəkinmir… Biz ardıcıl olaraq bu məsələ ilə məşğul olacağıq, bu, həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə həmişə bizim gündəmimizin ayrılmaz hissəsi olacaq. İsrail Azərbaycanla bu ölüm saçan biznesinə son qoymalıdır”.
Ermənistanın XİN rəhbəri həmçinin az əvvəl Ermənistan-Azərbaycan sərhədində baş verən eskalasiya zamanı Ermənistanın Azərbaycanın istifadə etdiyi İsrail istehsalı olan pilotsuz uçuş aparatını uğurla vurduğu haqda informasiyanı da şərh edib. Nazirin sözlərinə görə, Azərbaycanın hansı silahdan istifadə etməsindən və bu silahın haradan alınmasından asılı olmayaraq, Ermənistan bu ölkəyə qarşı sinə gərir.
“Azərbaycanın əldə etdiyi silahı mülki infrastruktura, Ermənistan və Dağlıq Qarabağ əhalisinə qarşı istifadə etdiyi haqda faktlar çox saydadır və iyul hadisələri də [2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində eskalasiya] buna əlavə sübut kimi xidmət edir”.
Zohrab Mnatsakanyanın sözlərinə görə, iyuldakı hərbi əməliyyatlar Azərbaycan tərəfinin münaqişəni öz şərtləri çərçivəsində həll etmək cəhdi idi, “amma Azərbaycanın əzələ oyunu, güc nümayişi uğursuz oldu”.
Jerusalem Post nəşri öz ölkəsinin mövqeyini də izah edib: Azərbaycan İsrailin yaxın tərəfdaşıdır və istehlak etdiyi neftin 40 faizini təchiz edir. Bakı uzun illərdir ki, İsrail silahlarının, xüsusən də pilotsuz uçuş aparatlarının və raket komplekslərinin alıcısıdır.
Soyqırımın tanınması haqda
Zohrab Mnatsakanyan müsahibəsində İsrailin erməni soyqırımını tanımaması faktını da şərh edib:
“Erməni soyqırımının Holokost dəhşətlərini yaşayan milliyyət tərəfindən tanınması mənəviyyat məsələsidir. Bu, sizin vicdanınızdadır. Mən bilirəm ki, bir çox yəhudilər… bu nəzər nöqtəsini bölüşür. Amma bu, İsrail hakimiyyətinin məsələsidir – erməni soyqırımını tanımaq, yoxsa kənarda qalmaq”.