Mixail Saakaşvili: mən həbsdən qorxmuram, bu seçkilərdə şəxsən Gürcüstana gələcəyəm
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili xüsusi vide-müraciət yayıb və bildirib ki, oktyabrın 2-də keçiriləcək yerli özünüidarə orqanlarına seçkilərdə iştirak etmək üçün Gürcüstana qayıtmaq niyyətindədir.
“Mən xaricdə olan və bunu edə biləcək bütün həmvətənlərimizi seçki günündə məzuniyyət götürüb öz vaxtını və vəsaitini ayırıb, kim hansı yolla bacarırsa – quru, hava nəqliyyatı ilə, hamısı Gürcüstana gəlsin”, – Saakaşvili deyib.
Onun sözlərinə görə, o, həbsdən qorxmur, çünki gürcü xalqının onu azad edəcəyinə və özünü azad edəcəyinə əmindir. Saakaşvili qeyd edib ki, öz marşrutunu və konkret tarixi daha sonra açıqlayacaq:
“Siz bilirsiz ki, mənə qarşı cinayət işi açılıb. Mən hər yana gedirəm, o cümlədən də Gürcüstanla qonşu ölkələrə məni hər yanda qəbul edirlər və heç yanda heç kim Gürcüstanda mənə qarşı qaldırılmış bu uydurma işlər haqda sual vermir”.
Üçüncü prezidentin sözlərinə görə, o, “bütün bunları tam açıq edəcək” və keçiriləcək seçkilərdə müxalifətin qələbəsinin “həqiqətən də alternativi yoxdur”.
O, həmçinin bildirib ki, hazırkı iqtidar partiyasına münasibətdə heç bir “revanş” olmayacaq.
Eyni zamanda onun sözlərinə görə, “İvanişvili [iqtidar partiyasının qeyri-formal lideri] bütün oğurladıqlarını qəpiyinə qədər qaytaracaq. Anaları, ataları xaricə qaçan uşaqlara, öz məhsullarını sata bilməyən kəndlilərimizə; əmanətçilərə və kredit götürüb valyuta iki dəfə daha artıq ucuzlaşdığı üçün ödəyə bilməyənlərə geri qaytaracaq. Mən bunu Gürcüstan xalqına söz verirəm”.
- Gürcüstanda böhranın sonu? Hökumət və müxalifətin bir hissəsi razılaşmanı imzalayıb
- Gürcüstanda müxalifətçi Meliya həbsdən buraxılıb. Avropa İttifaqı onun üçün girov ödəyib
- Saakaşvili partiyasını sədr azad ediləndən sonra hakimiyyətlə razılaşmanı imzalamağa çağırıb
Avqustun 8-də Gürcüstanın hazırkı baş naziri İrakli Qaribaşvili Ukraynada prezident Vladimir Zelenski ilə görüşüb. Bundan bir gün öncə Qaribaşvili Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili haqda bəyanat səsləndirmişdi.
“Onu qarşılamaq və həbsxanada rahatlığını təmin etmək üçün bizim böyük qalstuk kolleksiyamız var”, – Qaribaşvili deyib.
Mixail Saakaşvili hazırda Ukrayna vətəndaşıdır. O, 2020-ci il mayın 7-də Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən Ukrayna Milli İslahatlar Şurasının icra komitəsinin sədri təyin edilib.
Eks-prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdışı haqda son bəyanatı ötən il avqustun 27-də səslənmişdi.
Gürcüstan hakimiyyəti Mixail Saakaşvili haqda axtarış elan edib. Gürcüstanda o, Sandro Qirqvlianinin qətli ilə bağlı dəlillərin gizlədilməsi və deputat Valeri Qelaşvilinin döyülməsini təşkil etməkdə ittiham olunaraq qiyabi məhkum edilib. Gürcüstan qanunvericiliyi məhkumlara və mühakimə olunmuşlara dövlət xidmətində çalışmağı qadağan edir.
Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər bu il oktyabrın 2-ə təyin edilib. Müxalifət bu seçkilərdə qələbə qazanaraq növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacağına ümid edir.