Mixail Saakaşvili Kiyevə qayıdıb
Gürcüstanın keçmiş prezidenti, Ukraynanı Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili 2018-ci ilin fevralında deportasiya olunduğu Ukraynaya qayıdıb.
Kiyev aeroportunda Saakaşvilini “Mişa” qışqıran tərəfdarları qarşılayıb.
“Mən sevdiyim ölkəyə qayıtmışam. Mən bura kimdənsə qisas almağa, kimisə cəzalandırmağa və ya nəyisə dağıtmağa gəlməmişəm. Bu mənim üslubum deyil. Mən gəlmişəm ki, ən yaxşı bacardığım işi görüm – qurum. Odessada mənə bunu eləməyə imkan vermədilər. Mən istəyirəm ki, milyonlarla ukraynalılarla birlikdə tarixi şans ələ düşmüşkən yeni prezidentin komandası ilə yeni Ukraynanın quruculuğunda iştirak edim”, – Saakaşvili jurnalistlərə bildirib.
Zelenskinin ona vətəndaşlığın qaytarılması haqda qərarını şərh edərkən, Saakaşvili bildirib ki, “prezident Zelenski cəsarətli və cəld qərarlar verməyə qadir olduğunu göstərib”. Onun sözlərinə görə, Ukraynada həm keçmiş, həm də hazırkı hakimiyyət nümayəndələrindən çox adam onu ölkədə görmək istəmədiyini bəyan edib, amma Zelenski “heç kimi dinləməyib və bu qərarı qəbul edib”.
“Poroşenkonun qərarı (vətəndaşlıqdan məhrumetmə haqda) qorxaqca və ləyaqətsiz qərar idi. Zelenskinin qərarı ləyaqətli prezidentin çox cəsarətli addımıdır… Bu prezident sadə oğlan deyil, o, hələ çoxlarını təəccübləndirəcək, mən bunu hiss edirəm”, – Saakaşvili deyib.
Onun sözlərinə görə, yeni prezidentin komandası ilə hər hansı vəzifə haqda danışıqlar aparmayıb.
•“Gürcüstanlı” Saakaşvilinin “ukraynalı” Saakaşvilidən dörd fərqi
Saakaşvilinin qayıdışı Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin ona Ukrayna vətəndaşlığını qaytarmasından sonra mümkün olub. Daha əvvəlki prezident Pyotr Poroşenko onu vətəndaşlıqdan məhrum etmişdi. Ukraynaya giriş üçün müvəqqəti sənədi Saakaşvili Ukraynanın Polşadakı konsulluğundan alıb.
Elə bu gün məlum olub ki, Saakaşvilinin “Rux yeni qüvvələr” partiyası iyulun 21-də baş tutacaq növbədənkənar parlament seçkilərinə qatılacaq. Hromadske xəbər verir ki, bu haqda partiya liderlərindən biri David Sakvarelidze bildirib.
“Bəli, biz partiya olaraq bu seçkilərdə iştirak edəcəyik və reallaşdırmaq istədiyimiz həmin fəlsəfəni və həmin layihələri müdaiə edəcəyik. Seçkilərdə iştirak bizim seçicilər qarşısındakı borcumuzdur”, – o deyib.
Saakaşvilinin Ukraynaya gedişi və oradan qovulması
Gürcüstanın keçmiş prezidentinə Ukrayna vətəndaşlığını 2015-ci ildə Pyotr Poroşenko vermişdi və onu Odessa vilayətinin qubernatoru təyin etmişdi. 2016-cı ilin sonunda Saakaşvili istefa verib və prezident Poroşenkonu korrupsiyada və islahat aparmaq istəməməkdə günahlandırıb.
Saakaşvili yeni partiya yaratdığını və müxalifətə keçdiyini bəyan edib. 2017-ci ilin iyulunda prezident Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərarı Saakaşviliyə vətəndaşlıq verilərkən, onun Gürcüstanda haqqında qaldırılan cinayət işləri barədə məlumatı guya gizlətməsi ilə əsaslandırılıb. Bu zaman Saakaşvili xarci səfərdə olub və artıq Ukraynaya qayıda bilməyib.
2017-ci ilin sentyabrında Saakaşvili tərəfdarlarının sayəsində Ukrayna sərhədçilərinin icazə verməməsinə baxmayaraq, Polşa-Ukrayna sərhədini keçə bilib.
2017-ci ilin oktyabrında Saakaşvili və onun tərəfdarları Kiyevin mərkəzində fasiləsiz etiraz aksiyalarına başladılar.
2017-ci ilin dekabrında Saakaşvili Ukrayna Prokurorluğu tərəfindən “cinayətkar təşkilatın üzvlərinə yardım etməkdə və dövlət maraqlarına zidd olaraq cinayətkar fəaliyyəti dəstəkləməkdə” ittiham olunub – guya o, etiraz aksiyaları təşkil etmək üçün Rusiyadan, keşmiş Ukrayna prezidenti Yanukoviçin yaxın adamlarından pul alıb.
Bir neçə uğursuz cəhddən sonra Saakaşvili nəhayət, həbs edilib, amma səhəri gün Ukrayna Məhkəməsi onu azadlığa buraxıb. 2018-ci ilin fevralında Mixail Saakaşvili Ukraynadan Polşaya deportasiya olunub.
Həmin vaxtdan o, heç bir dövlətin vətəndaşlığına sahib olmadan Hollandiyada yaşayırdı, çünki Gürcüstan vətəndaşlığını alandan sonra Gütrcüstan prezidenti Giorgi Marqvelaşvilinin qərarı ilə Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib.