Milli Məclisin plenar iclasında “Reklam haqqında” qanuna dəyişikliklər qəbul olunub. Yeni qaydalar sosial mediada reklam fəaliyyəti ilə məşğul olan bloqerlər və influenserlər – yəni rəqəmsal platforma təsirçiləri üçün hüquqi və maliyyə baxımından bir sıra tələblər müəyyən edir.
Qanun artıq təsdiqlənib. Bundan sonra sosial şəbəkələrdə reklam paylaşan şəxslər mütləq şəkildə reklam olduğunu göstərməli, məhsul və xidmətlər barədə real və şəffaf məlumat verməli, vergi ödəyicisi (VÖEN sahibi) olmalı və lisenziya tələb edən məhsullar üçün müvafiq sənədləri təqdim etməlidirlər.
Qanunun məzmunu
Yeni dəyişikliklərə əsasən, lisenziya və ya sertifikat tələb olunan məhsulların reklamı yalnız müvafiq sənədlərlə həyata keçirilə bilər. Reklam daşıyıcısı (yəni platforma və ya format) bu məlumatları tam göstərməyə imkan vermədikdə, ətraflı məlumat üçün keçidlər və ya qısa nömrələr təqdim edilməlidir. Əlavə olaraq:
Reklam istehlakçısı reklamın sponsorlu olduğunu açıq şəkildə anlamalıdır;
Verilən məlumat aydın və başa düşülən formada təqdim edilməlidir;
Məlumatın yanıldıcı və ya qeyri-dəqiq olması qadağandır.
Risklər: yaradıcılıq, azadlıq və gənclərin təşəbbüskarlığı
Osman Gündüz | foto: Wikimedia
Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüzün şərhincə, qanunun tətbiqi sərt və mərkəzləşdirilmiş şəkildə aparılarsa, bu, gənc blogerlərin və yaradıcı kontent istehsalçılarının fəaliyyətinə zərər vura bilər.
Ekspert bu risklərə belə münasibət bildirir:
“Sosial media fərqlilik və alternativlik üzərində qurulub. Əgər yalnız kommersiya məqsədli, filtrdən keçmiş kontent önə çıxacaqsa, bu, platformanın ruhunu zədələyəcək”.
Eyni zamanda, o bildirir ki, ictimai nəzarət və ictimai iştirakçılıq bu qanunun tətbiqində əsas rol oynamalıdır. Əgər bu nəzarət nifrət zəmininə və linç mədəniyyətinə çevrilərsə, proses yaradıcılığı boğa bilər.
Yeni dövr: şəffaflıq, yoxsa tənzimlənmiş senzura?
Osman Gündüz hesab edir ki, dəyişikliklər sosial medianın reklam bazarında peşəkarlaşmanı və şəffaflığı təmin etmək üçün uzun zamandır gözlənilirdi:
“Bu bazarda VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli blogerlərlə yanaşı, vergi ödəməyən, sui-istifadə edən, istifadə etmədiyi məhsulu reklam edən şəxslər də vardı. Yeni qaydalar bu məsuliyyətsizliyi aradan qaldırmaq üçün vacibdir”.
Ekspert bu dəyişikliklərin vergi mədəniyyəti, kontent keyfiyyəti və istehlakçı etimadına müsbət təsir edəcəyini deyir. Lakin o, həm də qorxulara yer olduğunu bildirir:
“Əgər tətbiqdə balans qorunmazsa, bu, yeni başlayacaq blogerlər üçün tormozlayıcı, sosial medianın rəngarəngliyinə isə zərər verən faktora çevrilə bilər”.
10 milyonluq bazar
Osman Gündüzün deyir ki, Azərbaycanda sosial media reklam bazarının həcmi təxminən 10 milyon manatdır. Bu məbləğ əvvəllər ənənəvi televiziyalara çatırdı, lakin son illərdə “Instagram”, “YouTube” və “TikTok” bu bazardan böyük pay almağa başlayıb.
Bazarda az sayda bloger var ki, aylıq gəliri 50 min manatı ötür. Əksəriyyət isə bir paylaşım üçün 50 manatdan 500 manata qədər qazanır. Geniş kampaniyalarda bu məbləğ 10-15 min manata da çata bilir. Yeni qanun bu dövriyyələrin rəsmi uçotunu və vergiyə cəlb edilməsini təmin edəcək.