Milli Hərəkat vahiddirmi?
Seçkilər başa çatandan sonra oktyabrın 8-də 27 faiz səs toplayan əsas müxalifətçi partiya olan “Milli Hərəkatda gələcək planlarla bağlı fikirlər ayrıldı.
Partiyanın keçmiş prezident Mixail Saakaşvilinin rəhbərliyi altında bir hissəsi hesab edir ki, partiyanın pozuntularla keçən seçkilərin legitimləşdirilməsində iştirak etməməsi üçün “Milli Hərəkat parlamentə daxil olmaqdan və ikinci turda iştirakdan imtina etməlidir.
“İvanişviliyə bir partiyalı parlamenti saxlayaq və bütün dünyaya onun Kim İr Sen olduğunu göstərək, – bu ideyanın tərəfdarları bildirirdi, aralarında ən radikal olanı da Odessa qubernatoru idi.
İkinci hissə isə (onların arasında da keçmiş Təhlükəsizlik Xidməti katibi Qiqa Bokeriya var) deyirdi ki, qazanılmış mandatlardan və seçkilərin ikinci turunda iştirakdan imtina marginallaşmaya doğru addımdır.
Qarşıdurma partiyanın iş otağından sosial şəbəkələrə keçdi. Saakaşvilinin ünvanına ittihamlar səsləndirildi. Partiyanın tərəfdarlarının fikrincə, seçkiqabağı dövrdə Saakaşvilinin radikal bəyanatları “Milli Hərəkata səs verməyə hazır olan seçicilərin sayını azaltdı.
“Mişa qayıdacağını, ordu və polisin onun tərəfində olduğunu dedi. Böyük bir mitinq keçirildi. Bütün kampaniya bircə sual üzərində cəmləndi: o gələcək ya yox. Nəticədə də “Gürcü arzusu qalib gəldi, – Saakaşvilinin hakimiyyəti dövründə daxili işlər nazirinin müavini olan Şota Utiaşvili özünün “Facebook səhifəsində yazdı.
Parlamentə daxil olmaq məsələsi partiyanın siyasi şurasının iclasında səs çoxluğu ilə qəbul olundu. Saakaşvilinin təklifi rədd edildi, boykot olmayacaq, düzdür, “Milli Hərəkatda heç də hər şeyin qaydasında olmaması və partiyanın Saakaşvilidən uzaqlaşacağı ilə bağlı şübhələr hələ də qalır.
Saakaşvili öz partiyası üçün yükə çevrilibmi, keçmiş hakim partiyanın daxilində hansı proseslər gedir. Ekspertlərin rəyləri:
Giya Xuxaşvili, siyasi məsələlər üzrə ekspert:
“Milli Hərəkat üçün minimum proqram kimi sağ qalmaq müəyyən olunmuşdu. Partiya bu proqramı yerinə yetirdi və demək olar ki, yaxşı yerinə yetirdi. O, ötən seçkilərlə müqayisədə elektoratını az qala iki dəfə artırdı. Mən xalq legitimliyini nəzərdə tuturam. “Gürcü arzusunun hakimiyyəti isə o dərəcədə zəifdir ki, o hətta partiyanı normal formalaşdıra bilmədi. 2020-ci ildə ona “Milli Hərəkatla rəqabət aparmaq çətin olacaq, çünki həmin vaxta qədər partiya keçmiş günahlarından azad olunacaq və onun hakimiyyətə gəlmək üçün real şansı yaranacaq.
Parçalanmaya gəlincə, indiki mərhələdə bunun ciddi əlamətlərini görmürəm. Partiyaya Mixail Saakaşvili lazımdır, çünki elektoratın 80 faizi bu gün konkret olaraq Saakaşvilini dəstəkləyir. Eyni zamanda Saakaşviliyə də “Milli Hərəkat lazımdır. Çünki bu gün onun Ukraynadakı mövqeləri kifayət qədər zəifdir.
“Milli Hərəkatda indiki mərhələdə daha uzun sürən perspektiv üçün nəzərdə tutulan “Bokeriya ssenarisini seçəcəklər. Cəmiyyətdə inqilabi əhval yoxdur. Deməli bu gün Saakaşvilinin istədiyi kimi böhrana təkan vermək həddən artıq süni görünür və bu, partiyanın gələcəyi üçün böyük risk ola bilər.
Giya Nodiya – Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutunun rəhbəri:
Əslində “Milli Hərəkatın siyasi gələcəyi ilk növbədə digərləri, hər şeydən əvvəl də hakimiyyət üzərində mənəvi və intellektual üstünlüyün nümayişindən asılıdır. Bu günlərdə o özünün daha bir üstünlüyünü göstərdi, yəni nümayiş etdirdi ki, “Gürcü arzusundan fərqli olaraq, o tək bir insanın iradəsindən deyil, partiya üzvlərinin qərarından asılıdır. Bu da çox ciddi bir üstünlükdür.
“Milli Hərəkatın Mixail Saakaşvilidən uzaqlaşması böyük bir səhv ola bilər. Eləcə də Saakaşvilinin partiyadan uzaqlaşmaqla bağlı qərarı onun şəxsi səhvi olacaq. Mixail Saakaşvili “Milli Hərəkatın yaradıcısıdır və bu gün o daha çox partiya brendinin daşıyıcısıdır. Bir çoxlarının gürcü siyasətinin bu dərəcədə şəxsləşdirilməsi xoşuna gəlməyə bilər, amma indiki mərhələdə vəziyyət belədir.
Amma bu heç də o demək deyil ki, Saakaşvili hər bir sözü partiya tərəfindən “fərəqət vəziyyətində qəbul etməli olduğu “fürer olmalıdır. Onun siyasi gücü ilk növbədə onun yaratdığı komandada cəmləşib, bu komandanın gücü isə həm də onun müstəqil düşünmək bacarığı olan insanlardan ibarət olması ilə ölçülür.
Odessada qubernatorluq və partiyanın fəaliyyətinə rəhbərliyin bir-biriylə uzlaşmaması məsələsinə gəlincə bəli, bu belədir, çünki hüquqi, siyasi və loqistik problemlər yaranır. Bu iki funksiyanı birləşdirmək cəhdləri Mixail Saakaşvilinin həm Ukraynada fəaliyyətinə, həm də onun Gürcüstandakı siyasi gələcəyinə maneələr törədir. Amma bu da heç bir halda Saakaşvilidən ayrılmaq demək deyil.
Dərc edilib: 16.10.2016