BİT-də "Meydan TV" jurnalistlərinə zorakılıq: Ombudsmana və prokurorluğa çağırış edilib
Meydan TV jurnalistlərinə zorakılıq
Bakı İstintaq Təcridxanasının (BİT) rəis müavini Cavid Gülalıyevin rəhbərliyi ilə 10-a yaxın BİT əməkdaşının “Meydan TV” jurnalistlərinin saxlanıldığı kameraya basqın etdiyi bildirilir.
Redaksiyamıza göndərdikləri məktubda jurnalistlər – Aysel Ümüdova, Xəyalə Ağayeva və Aytac Tapdıq kobud rəftar, fiziki və psixoloji zorakılığa məruz qaldıqlarını deyirlər.
Jurnalistlər yazır ki, fevralın 16-da məhkəmədə şüşə qəfəsi döyəcləyərək etdikləri etiraza görə barələrində akt tərtib olunub.
Onlar izahat verməkdən imtina etdiklərini və müdafiə hüquqları yenidən pozularsa etirazlarını davam etdirəcəklərini bəyan ediblər.
Məhbus jurnalistlərin fikrincə, uzun müddətdən sonra aparılan “şmon” son məhkəmə çıxışları ilə əlaqəlidir və məqsəd təzyiq göstərməkdir. Həmçinin axtarışların hər həftə təkrarlana biləcəyi barədə xəbərdarlıq edildiyi qeyd olunur.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Ümüdova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da həbs ediliblər.
2025-ci ilin avqustunda jurnalistə qarşı ittihamlar ağırlaşdırılıb və işə əlavə maddələr daxil edilib.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.
Cavid Gülalıyev axtarışın kamera nəzarəti ilə və yalnız qadınların iştirakı ilə aparılacağını desə də, qadınların saxlanıldığı kamerada axtarış zamanı kişi əməkdaşların da iştirak etdiyi qeyd olunur.
Mövcud qaydalara əsasən, qadınların saxlanıldığı yerlərdə aparılan axtarış və baxış zamanı kişi əməkdaşların iştirakı yolverilməz sayılır.
Məlumata görə, Aytac Tapdıq və Xəyalə Ağayevanın üzərində xüsusi aparatla yoxlama aparılıb. Əşyaların əl ilə yoxlanılmasına etiraz edildikdən sonra vəziyyətin gərginləşdiyi bildirilir. Deyilənlərə əsasən, Cavid Gülalıyev Aytac Tapdığın üzərinə gedərək təcridxana əməkdaşlarına onun və Xəyalə Ağayevanın zorla kameradan çıxarılması barədə göstəriş verib.
Bu zaman axtarış-baxış şöbəsinin Əlibala adlı rəisinin sanitar qovşağının qapısını zorla açmağa cəhd etdiyi, Aysel Ümüdovanın isə çıxmaq üçün 1 dəqiqə vaxt istəməsinə baxmayaraq, qapının qırılaraq içəri daxil olunduğu qeyd edilir. Onun da dərhal kameradan çıxarılaraq üzərində axtarış aparıldığı bildirilir.
Jurnalistlər qeyd edirlər ki, Aytac Tapdıq və Xəyalə Ağayeva təhqir olunaraq, qolları burularaq və başları aşağı sıxılaraq kameradan çıxarılıb. Onların dəhlizdə 20-dən çox əməkdaşın iştirakı ilə saxlanıldıqları və zor tətbiq edildiyi vurğulanır. Bildirilir ki, hadisələr təcridxana rəisi Elnur İsmayılovun şəxsi kabinetindən izlənilə bilən nəzarət kameralarının qarşısında baş verib.
Cavid Gülalıyev jurnalistlərin zorakılığa etirazına cavab olaraq təhqiramiz və hədələyici ifadələr işlətdiyi bildirilir. Jurnalistlər onun tərəfindən həm fiziki, həm də psixoloji və verbal təzyiqə məruz qaldıqlarını deyirlər.
Məlumata əsasən, Aytac Tapdıq qolları arxaya burulmuş vəziyyətdə aşağı mərtəbəyə – gəzinti həyətinə aparılıb və orada bir müddət saxlanılıb. Xəyalə Ağayeva isə telefon otağına aparılıb. Qarşıdurma zamanı onun sağ əlinin üzərində və sol biləyində xəsarət izlərinin yarandığı bildirilir.
Hadisədən sonra kameraların qapılarının bir neçə saat bağlı saxlanıldığı, yalnız fasiləsiz etirazlardan sonra açıldığı qeyd olunur.
Jurnalistlər özlərini təhlükəsiz hiss etmədiklərini bildirərək aşağıdakı tələbləri irəli sürüblər:
- Cavid Gülalıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə və zorakılıq iddiaları ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması və vəzifəsindən uzaqlaşdırılması;
- Təcridxanada 24 saat canlı yayımlanan nəzarət kameralarının görüntülərinin araşdırılması;
- Ombudsman Səbinə Əliyevanın dərhal BİT-ə gələrək jurnalistlər Aysel Ümüdova, Xəyalə Ağayeva və Aytac Tapdıqla görüşməsi və zorakılıq iddialarını araşdırması.
Meydan TV jurnalistlərinə zorakılıq