Azərbaycan mentaliteti: 5 yaxşı və 5 pis cəhət
Yaxşı cəhətlərin siyahısından başlayaq.
1. Fövqəladə şəfqət hissi
Bu ölkədə xeyriyyəçiliyə ümid etməyə dəyər. Cərrahiyə əməliyyatına pul hamılıqla yığılır, özü də bir qayda olaraq, heç bir sənəd və həkim arayışı yoxlanılmadan. Dilənçilərə səxavətlə pul verirlər, hətta dilənçi ona pul uzadandan daha yaxşı geyimdə olanda belə.
2. Küçədə tanımadığı adamın köməyinə gəlmək
Özünüzü küçədə pis hiss edib yıxılsanız, sizə kömək edəcəklər. Hətta sadəcə ayağın burxulanda hələ yerə dəyməyə macal tapmamış, köməyinə qaçan ayaqların tappıltısını eşidirsən. Onlar səni tutmağa tələsir.
3. Böyüklərə hörmət
Düzdür, hamı doğma və yad ahıllara anlayış, qayğı göstərmir. Amma ictimai təfəkkürdə keçilməsi mümkün olmayan bir hədd var – misal üçün, gənc insan yaşlıya münasibətdə söyüş işlədərsə bu, insanlarda ona qarşı hədsiz böyük ikrah hissi oyadar. elə buna görə də belə hallar çox nadir hallarda baş verir.
4. Qadınlara qarşı diqqətli münasibət
Beş fəhlə və bir gənc qız lifti gözləyirlər. Lift gəlir. Fəhlələr utancaqlıqla başlarını çevirir, qız liftə tək minib, gedir. Onlar onu pərt etmək və qorxutmaq istəmirlər.
Gənc qız uğursuz biznesi ilə əlaqədar vergi müfəttişinin qəbuluna gəlir. Müfəttiş başını yelləyərək, bütün bunların onun nəyinə gərək olduğunu xəbər alır, bir ata kimi, müəssisənin fəaliyyətini dayandırmağı məsləhət görür və yola salır, kişiyə münasibətdə isə o tamamilə başqa cür hərəkət edərdi.
5. Qonaqpərvərlik
Qafqaz ölkəsi üçün çox adi və təəccüb doğurmayan bir cəhət. Amma fakt faktlığında qalır ki, bizdə qonaqdan çay içib-içməyəcəyini xəbər almırlar. Çay mütləqdir, əgər qonaq tələsmirsə, qalan şeylər də süfrəyə gələcək.
Təəssüf ki, bu beş keyfiyyətin beş bədxah qardaşı da var.
1. Özünü nə olursa olsun, gözə soxmaq
Kreditə bahalı smartfon və işığa, suya olan borc? Asanca! Əgər işığa və suya görə borc yoxdursa, onda kreditlə hovuzlu villa tikilir. Hovuza artıq pul çatmasa da palma əkməyə imkan tapıldı, indi bu palmalar Bakı küləyinin altında kədərlə əsirlər.
2. İnfantillik
Ənənəvi Azərbaycan tərbiyəsi – uşağı mümkün qədər yaxşı bürümək, hətta istəməsə də doyunca yedirtmək, zor gücünə məktəbə göndərmək, sonra ona pulla diplom, maşın, sürücülük vəsiqəsi almaq, ər və ya arvad tapmaq. Düzdür, bizdə ailəsindən ayrılan və hər bir mənada müstəqil olan insanlar da çoxdur, amma onların əhalinin qalan hissəsinə nisbətdə neçə faiz təşkil etdiyini hesablayıb ovqatını təlx etməyə dəyməz.
3. Qadın tam mənada insan deyil
Kişilər səhərdən axşama analarını, həyat yoldaşlarını, qızlarını tərifləməyə hazırdırlar. Bununla belə, ümumilikdə qadın əksər ailələrdə cəmiyyətin ayrıca bir üzvü sayılmır, onlar sanki kişinin əlavəsidir. Həm də yaxşı reputasiya qazanmaq istəyən qadınlar ya sərt qaydalara riayət etməli, ya da bütün ömrü boyu qərəz və stereotiplərlə mübarizə aparmalı olacaq.
4. Faydalı inteqrasiya bacarıqsızlığı
Bizim adamlar bizneslərini ailə kimi qəbul etmirlər. Müəssisə ailə deyil. Küçə ailə deyil. Xalq heç ailə deyil. Buna görə də ciddi səy tələb edən kömək əksər vaxtlarda qohumlara göstərilir, qalan şeydə “mənlik deyil prinsipi işləyir.
5. Riyakarlıq
Bizim adamların möhkəm şəhadət barmağı var. Biz düzgün hesab etmədiyimiz hər şeyi ittiham etməyi və müzakirəyə çıxarmağı sevirik. Xüsusən də kiminsə “düzgün olmayan seksini tənqid etməyi xoşlayırıq. Buna görə də Azərbaycan cəmiyyəti illərlə skamyalarda öpüşən gəncləri, nikaha qədər seks və digər pozğun hərəkətləri böyük maraqla ittiham edir, özü də qeybətçilər özlərinin şəxsi böyük və kiçik günahlarını birdəfəlik unudurlar.
P.S. Müəllif məhz milli mənsubiyyətin insanın hansısa keyfiyyətlərini müəyyən etdiyini düşünmür. Amma cəmiyyətdə bəzi yazılmamış qaydalar və razılaşmalar var və əgər konkret olaraq siz onlara riayət etmirsizsə, bu heç də onların olmamasından xəbər vermir. Mən Markesi oxuyan və Romada olan təmiz şəhər ofislərinin işçilərindən danışmıram. Mən ən sadə adamlardan – fəhlələrdən, satıcılardan, tibb bacılarından danışıram. Şübhələriniz yaransa, göydən metroya düşün və onlarla söhbət edin.