“Media haqqında” qanun Azərbaycan və Avropa İttifaqı arasında müzakirə mövzusuna çevrilib
Avropa İttifaqı azad və müstəqil jurnalistikaya mühüm əhəmiyyət verir – Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko bildirib. Onun sözlərinə görə, Azərbaycanda qüvvəyə minmiş “Media haqqında” qanun Aİ və Azərbaycan hakimiyyəti arasında müzakirə mövzusuna çevrilib. “Yeniliklərin jurnalistlərin fəaliyyətinə mənfi təsirinin olmamasının vacibliyi qeyd olunub”, – Mixalko vurğulayıb.
- Rusiya və Azərbaycan arasında gərginlik artır. İndi KİV-lər səviyyəsində
- Azərbaycan möhkəmlənmiş avtoritar rejimli ölkələr sırasına daxil edilib
- Azərbaycanda müstəqil jurnalistlər “Media haqqında” qanuna qarşı
Ümumdünya Mətbuat Gününə həsr olunmuş mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko bildirib ki, Aİ azad və müstəqil jurnalistikaya mühüm əbhəmiyyət verir.
“Media haqqında” qanun müzakirə mövzusuna çevrilib
“Bəzən jurnalistlər həqiqəti əks etdirən məlumatı adamlara çatdırarkən öz həyatları üçün risklərlə üzləşirlər, hazırda Rusiyanın təcavüzünə məruz qalan Ukraynada baş verdiyi kimi”, – “Turan” informasiya agentliyi Mixalkodan sitat gətirib.

Onun sözlərinə görə, Azərbaycanda yanvarda qüvvəyə minən yeni “Media haqqında” qanun Avropa İttifaqı nümayəndələri və Azərbaycan hakimiyyəti arasında müzakirə mövzusu olub: “Yeniliklərin jurnalistlərin fəaliyyətinə mənfi təsir göstərməməsinin vacibliyi qeyd edilib”.
Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa İttifaqı yerli medianı jurnalistlərin (o cümlədən də ölkənin regionlarında çalışan) peşəkarlığının artırılması üzrə layihələrlə dəstəkləyə bilər. Bundan başqa, Azərbaycanın kütləvi informasiya vasitələri “Şərq tərəfdaşlığı” çərçivəsində regional layihələrdən də istifadə edə bilərlər.
Aİ və Azərbaycan arasında tərəfdaşlıq haqda yeni razılaşma
Peter Mixalko bildirib ki, Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın gələcək inkişafı iştirakçı ölkələrin özlərinin istəyindən asılıdır.
“Ötən gün Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün sorğunun birinci mərhələsinə cavabları təqdim ediblər. Avropa İttifaqı Azərbaycanla yeni hərtərəfli tərəfdaşlıq sazişinin imzalanması üzərində işi davam etdirir. Son zamanlar yüksək səviyyəli qarşılıqlı səfərlər fonunda sənəd üzərində işlər intensivləşib ki, bu da tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracaq”, – o vurğulayıb.
Mətbuat konfransında həmçinin qeyd olunub ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkənin ixracının 51%-i Avropa bazarının payına düşür.
Mixalko bildirib ki, yeni razılaşma iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacaq: “Biz ticarət əlaqələrini möhkəmləndirmək və Avropa bazarına daha çox Azərbaycan məhsulu çıxarmaq istəyirik. İnanırıq ki, yeni saziş buna imkan verəcək”.