Maydan hərəkatından üç il keçir
Ukrayna Şərəf inqilabının üçüncü ilini qeyd edir. Bu müddət ərzində ölkədə hakimiyyət dəyişikliyi, Krımın ilhaqı, Donbassda müharibə baş verdi. Bəs bundan başqa Ukraynada bu müddət ərzində nə dəyişdi?
“Səma yüzlüyünün qətlinə görə kim cavab verdi?
Üç ildir ki, Ukrayna ictimaiyyəti sual edir: nə vaxt Maydan hərəkatı vaxtı qətlə yetirilən adamların ölümünə görə təkcə atəş açanlar deyil, həm də əmr edənlər cavab verəcək? Hüquq-mühafizə orqanları uzun müddət bu suala cavab verə bilmirdilər, amma gözlənilmədən noyabrın 21-də Ukraynanın baş prokuroru Yuri Lutsenko Haaqaya səfəri zamanı bəyanatla çıxış etdi: Maydan fəallarına qarşı törədilən cinayətlərə görə artıq 35 nəfər ittiham olunub, daha 152 nəfərin işi məhkəmədədir, 190-a yaxşı şəxs istintaq altındadır. Düzdür, sadalanan şəxslər arasında atəş açmaq əmrini verən bir nəfər belə yoxdur.
“Bəli, qatillər müttəhimlər kürsüsündədir. Amma onların əlinə silah verən, dinc insanları öldürmək əmrini verənlər Moskvada gizlənir, – Ukrayna Baş Prokurorluğunun rəhbəri deyir.
Maydan Avropaya qapıları açmağa kömək etdimi?
Ukrayna prezidenti Yanukoviç Aİ ilə Assosiasiya müqaviləsi imzalamaqdan imtina edir və Avropa ilə bağlı gözləntilərində yanılan gənclər Maydana çıxır. Bununla da Şərəf İnqilabı başlayır. Sonra, etiraz edənlər qəddarcasına döyüləndən sonra ukraynalıların hakimiyyətə tələbləri artır. Maydana çıxan yüz minlərlə insan Yanukoviçin istefasını, korrupsiyanın ləğv edilməsini, islahatlar tələb edir…
Maydan hərəkatı qalib gəldi, hakimiyyət başına başqa insanlar keçdi, bəs “Avropa tələblərinin axırı necə oldu?
“Aİ ilə Assosiasiya müqaviləsi imzalandı, bura azad ticarət zonası da daxildir, həmin saziş 1 yanvar 2016-cı il tarixindən etibarən tam qüvvəsiylə işləyir. Düzdür, onun Niderland Krallığı tərəfindən ratifikasiyasını da gözləmək qalır, amma ümid edirik ki, yaxın bir neçə ay ərzində bu məsələ tam həllini tapacaq, – “Ukraynanın Avropa hərəkatı ictimai birliyinin idarə heyətinin rəhbəri Vadim Truxan deyir.
Hələ 2010-cu ildə, Yanukoviçin rəhbərliyi dövründə Aİ Ukraynaya “Viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planını təqdim etdi. Həmin andan 6 il, Şərəf İnqilabından isə 3 il keçməsinə baxmayaraq, ukraynalılar hələ də Avropaya vizasız gedə bilmirlər. Niyə?
“Ukrayna “Viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planı üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib, amma gözlənilməz hadisələr baş verdi – Avropa İttifaqı miqrasiya böhranı ilə üzləşdi. Vizasız rejimin müvəqqəti dayandırılması qaydasının tətbiqini gözləmək qalır, bu zaman da Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq olunacaq.
Ukraynada bunun yaxın zamanlarda baş verəcəyini gözləyirlər, amma konkret nə vaxt – məlum deyil.
Maydan hərəkatının liderləri indi haradadır?
Demək olar ki, hamısı hakimiyyət başında, ya da ona yaxın yerlərdədirlər.
Arseni Yatsenyuk baş nazir postunu tərk edəndən sonra da Ukrayna siyasətinə təsir etməkdə davam edir: o, Ali Radada öz deputatları olan “Xalq cəbhəsi partiyasının lideridir.
Vitali Kliçko Kiyev meridir.
Və ancaq “Azadlıq partiyasının lideri Oleq Tyaqnibok heç bir “mükafat almadı – nə hakimiyyətdə yerə, nə də heç olmasa Ali Radada deputat mandatına sahib ola bildi. İndi o sadəcə partiya lideridir.
Bu, Maydan hərəkatı liderlərinin üzdə olan üçlüyü idi. Bəs başqaları necə oldu?
Jurnalist Mustafa Nayemin “çayla dolu termosları götürüb Maydana getmək lazımdır çağırışı onu deputat kreslosuna qədər gəlib çıxardı.
Pyotr Poroşenko ölkə prezidenti oldu və hələ də “şokolad kralı olaraq qalır – nə Ukraynada, nə də Rusiyadakı zavodlarını elə də satmadı.
Aleksandr Turçinov Ukrayna Milli Təhlükəsizlik Şurasının geniş səlahiyyətli katibidir.
Andrey Porubi Ukrayna Ali Radasının sədridir.
Yuri Lutsenko baş prokurordur.
“İnsanlar arasında böyük çaşqınlıq var, əlləri hər şeydən üzülür
Bəs sıravi Ukrayna vətəndaşlarının vəziyyəti necədir?
Cəbhəyanı İzümdan olan sahibkar Vyaçeslav Savelyev deyir ki, deyəsən hakimiyyət yaxşıdır, qanunlar Avropasayağıdır, amma bu qanunlara riayət olunmur, Avropaya doğru əsl hərəkət görünmür.
“İnsanlar arasında böyük çaşqınlıq var, əlləri hər şeydən üzülür… Bizə həmişə işləmək çətin olub, indi isə tam vakuumdur – pul yoxdur. E-deklarasiyalar göstərdi ki, adamların pulları kisələrdədir. Vətəndaş cəmiyyətində heç bir inkişaf yoxdur, hər şey kökündəcə kəsilir. Mən adamları yığırdım ki, parkları yığışdıraq, şəhərdə səliqə-sahman yaradaq, amma hər dəfə də ictimai təşkilata hakimiyyətin, sistemin adamları göndərilir və hər şeyi daxildən dağıdırlar. Cəmiyyətdə birliyin olması onların xeyrinə deyil.
Solomiya, poçt işçisi, Lvov:
“İnsanlar daha möhkəm olub, birlik var. Düzdür, hazırda həyat səviyyəsi aşağıdır. İş tapmaq çətin deyil, amma maaşlar azdır. Təkcə İT sahəsində hər şey yaxşıdır.
Hersondan olan ədəbiyyat meneceri Yevgeniya Virliç deyir ki, Maydan hərəkatı nəticəsində ukraynalılar daha açıq və səmimi olub, bir-birinə kömək edirlər, ölkələrinin tarixi ilə daha çox maraqlanmağa başlayıblar. Eyni zamanda da hamı gözəl başa düşür ki, ölkədəki hakimiyyətdə əsaslı bir dəyişiklik olmadı – rəhbər vəzifələrdə Yanukoviçin adamları çoxdur.
“Məişət mənasında çox çətindir: dolların məzənnəsinin kəskin qalxması, milli valyutanın qiymətinin düşməsi, qiymətlərin kəskin şəkildə qalxması. Bu gün bizim daha böyük problemimiz çox baha olan kommunal xidmətlərdir. Bu, Maydan hərəkatının deyil, ondan sonra baş verənlərin nəticəsidir, söhbət maddi vəziyyətin xeyli çətinləşməsinə gətirib çıxaran hərbi əməliyyatlardan gedir. Bəlkə də mən optimistəm, amma bu vəziyyətdə orduya kömək etməyə qadiriksə, deməli hər şey o qədər də pis deyil.
Dərc edilib: 25.11.2016