“Təhlükəli iş olsa da, işsizlikdən yaxşıdır”. Süpürgəçi qadınların güzəranı
Maşın yollarını təmizləyən süpürgəçilər
“Mənim özümü üç dəfə maşın vurub. Biri elə dünən vurdu, getdi. Səhər saat dörd idi. Qəza da olanda, o saatlarda olur. Hava qaranlıq, küçənin işıqları yanmır. Vurub qaçırlar. Heç görmürsən də hansı maşın idi, kim idi. Bəxtim verdi ki, ciddi xəsarət almadım. Bir az belim ağrıdı, bu gün artıq yaxşılaşıb deyə işə çıxmışam”.
Nabat Məhərrəmovanın 63 yaşı var. 21 ildir Bakının mərkəzi küçələrində süpürgəçi işləyir. Hər gün səhər hələ hava işıqlanmamış işə gedən Nabat xalanın günü maşınların sürətlə hərəkət etdiyi yollarda keçir. Deyir, maşın yolunda işləmək təhlükəlidir, amma başqa çarəsi yoxdur. Təhlükəli də olsa, işi olduğu üçün yenə də şükür edir.
Nabat xala deyir ki, keçirdiyi ilk iki qəzadan sonra polisə şikayət versə də, onu vuran sürücülər tapılmayıb. Sonuncu dəfə isə ümumiyyətlə şikayət verməyib. Hər üç qəza iş başında baş versə də, işlədiyi qurum heç bir məsuliyyət daşımayıb. Hər dəfə müalicəsinin xərcini də özü çəkib.
Nabat Məhərrəmova paytaxt Bakının gur prospektlərini və magistral yolları təmizləyən yüzlərlə, iş zamanı qəzayla üzləşən onlarla süpürgəçidən biridir. Qəza zamanı heç də hər kəsin bəxti Nabat xalanınkı kimi gətirmir. Yol süpürdüyü zaman maşın vuran və həyatını itirən süpürgəçilərlə bağlı xəbərlərə mediada az rast gəlmirik.
- “Google maps”in belə tanımadığı “Məzunlar evi”nə yolüstü səfər
- Azərbaycanda son 10 ildə diabet xəstələrinin sayı 3 dəfə artıb
- Azərbaycanda erkən nikahlar – problem dərinləşirmi?
Süpürgəçilərin avto-qəzada həlak olması haqda mediada gedən xəbərlər
Ölümlə nəticələnən qəzalardan ən sonuncusu bu il oktyabrın 30-da Bakının Suraxanı rayonunda, hava limanına gedən sürətli yolda baş verib. Tovuz rayonu Lazılar kənd sakini 54 yaşlı Pəri Məmmədovanı iş başında ikən maşın vurub. Əyalətdən paytaxta dolanışıq dalınca gələn qadın elə hadisə yerindəcə keçinib.
Bu ilin mart ayında isə Yevlaxda maşın yol süpürən iki qadını vurmuşdu. Onlardan biri, 49 yaşlı Səbinə Əsgərova həlak olub.
Təhlükəli yolların təmizlənməsi işində süpürgəçilərin texnika ilə əvəzlənməsi məsələsi tez-tez müzakirəyə çıxsa da, illərdir bu problem həllini tapmır.
“Təhlükəli yollarda süpürgəçiləri texnika əvəz etməlidir”
Milli Məclisin deputatı Fazil Mustafa iqtisadiyyat.az saytına deyib ki, Azərbaycanda çoxdan küçələrin təhlükəsiz təmizlənməsi sisteminə keçilməlidir.
“Bir çox xarici ölkələrdə artıq küçələri insanlar süpürmür, xüsusi texnikalar təmizləyir. Əgər küçəni insan süpürürsə, təhlükə riski hər zaman olacaq. Ona görə də küçələrin təmizlənməsində texniki vasitələrdən istifadə olunmalıdır.
Sadəcə texnikanın yönəldilməsi onminlərlə insanın işsiz qalması deməkdir. Süpürgəçilik ölkəmizdə sosial müəssisə kimi nəzərdə tutulub”.
Deputatın sözlərinə görə, öncə insan həyatı üçün təhlükəli olan vəziyyəti həll etməkdən ötrü daha sonra yaranacaq işsizlik problemi ilə bağlı da çözüm tapmaq lazımdır.
Süpürgəçilərin təhlükəsizliyi necə təmin edilməlidir?
Hüquqşünas İnara Camal deyir ki, süpürgəçilərin təhlükəsizliyinin təmin olunması üçün bir sıra tədbirlər görülməlidir:
“Məsələn, onlar iş zamanı xəbərdaredici vasitələr, daşınan baryerlər, sürücülərin onları görməsi üçün işıqqaytaran geyimlərlə təmin edilməlidirlər. Bu geyimlərdən bəzi ərazilərdə işləyən süpürgəçilərə verilsə də, kənar ərazilərdə çalışanların əynində görə bilmirik. Baryerlərə gəldikdə isə, süpürgəçilər təmizlədikləri ərazidə baryerlər qoymalıdırlar ki, maşınlar hərəkətlərini ona əsasən tənzimləməsinlər”, – deyə o bildirir.
Hüquqşünas həmçinin qeyd edir ki, işçi peşə fəaliyyəti zamanı qəza keçirərsə, bunun məsuliyyəti onun çalışdığı iş yeri sahibinin öhdəsinə düşür.
“Hər bir iş yeri işçilərini icbari sığorta etdirməlidir. Sığortalanmış işçilərə dəymiş zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün elə hemin gün işəgötürən tərəfindən Dövlət Əmək Müfəttişliyinə bu barədə məlumat verilməlidir. Əks halda müəssisə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir. Bədbəxt hadisənin baş verməsi tarixindən 3 iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Dəymiş zərərin əvəzi onun əmək qabiliyyətini itirilməsi faizinə görə ödənilir. Əgər işçinin maaşı 300 manatdırsa, əmək qabiliyyətinin 60-70 faizini itiribsə, o, həmin 300 manatın 70 faizi həcmində hər ay məvacib almalıdır. Ölüm hadisəsində isə ödəniş 100 faiz edilir”, – İnara Camal deyir.
“Deyirlər, şikayət edəcəksiz, işsiz qalacaqsız”
Zöhrə Xanıyeva (ad şərtidir) da süpürgəçi işləyir. Bakının kənar rayonlarından birində maşın yollarını süpürür. Bir-neçə ay öncə içinə təmizlik ləvazimatlarını yığdığı əl arabası ilə yolun qarşı tərəfinə keçəndə onu maşın vurub. Sürücü hadisə yerindən qaçıb.
“İş yerində dedim ki, ayağımı yerə basa bilmirəm, məni xəstəxana əvəzinə evə göndərdilər. Dedilər ki, bir həftə dincəl, düzələr. O bir həftəni mən evdə ağrıdan qıvrıldım. Pulum yox idi xəstəxanaya da gedə bilmədim, müalicəmi eləcə mazla filan yola verdim. İnan allaha, indi də hava soyuq olanda ayağım sızıldayır”, – sağ ayağını əliylə ovxalaya-ovxalaya deyir.
Süpürgəçilərin çoxu öz problemlərini ictimailəşdirməkdən çəkinir. Həmsöhbət olduğumuz on nəfərə yaxın süpürgəçi bildirdi ki, iş verənlər onları mediaya danışacaqları təqdirdə işdən qovacaqları ilə təhdid edirlər. Onlar da işlərini itirməmək üçün susmalı olurlar.
Nabat xala isə nəticəsi necə olursa-olsun danışmağın tərəfdarıdır:
“Deyəndə deyirəm, nə üçün susmalıyam?! Olanı deyirik də, yalan danışmırıq ki! Aldığımız maaş maşın yollarını süpürmək qarşılığında heç nədir. 600 manat maaş alırıq. Onun elə 200 manatını banka ödəyirəm, qalan 400 manat da ayın axırına kimi dolanmaq üçün aldığım borclara gedir”.
Saat günorta 2-yə qalır. Deməli, Nabat xalanın nahar fasiləsi yekunlaşmaq üzrədir. Odur ki, işə qayıtmağa hazırlaşır. Hələ axşam saat 6-dək oyan-buyana şütüyən maşınların arasında küçələrin toz-torpağını təmizləməli olacaq…