Marik Dudayev, osetinlər və gürcülər
Bu hekayənin qəhrəmanı olan Marik Dudayev Cənubi Osetiyanın ən yeni tarixinin ən ziddiyyətli məşhur simalarından biridir. Yeniyetmə yaşlarında, 1990-cı illərin əvvəllərində Gürcüstan-Cənubi Osetiya müharibəsi zamanı dəhşətli qəddarlığın qurbanı olub. Gənc yaşlarında xalq qisasçısına çevrilərək, Cənubi Osetiyada gürcü silahlı qruplaşmalarına hərbi müqavimət təşkil edib, eyni zamanda da guya reketçiliklə məşğul olub, yerli sahibkarlara “krışalıq edib. Bir neçə il sonra banditizm ittihamı ilə gürcü həbsxanasına düşüb, eyni zamanda da Cənubi Osetiya cəmiyyəti üçün azadlıq və müstəqillik simvoluna çevrilib. Üç il əvvəl Sxinvala, evinə milli qəhrəman kimi qayıdıb, eyni zamanda guya yerli fermerlərin qarəti ilə məşğul olub.
Bu ilin yayından etibarən Marik Dudayevin əslində kim olmasını müəyyən etmək daha asan oldu. Onu hər iki tərəf – həm Cənubi Osetiya, həm də Gürcüstan tərəfi cinayətkar adlandırır.
19 iyun
İyunun 20-nə keçən gecə Marik Dudayev Sxinval güc strukturları əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Leninqoridə həbs edilib. Hazırda o, Sxinvalın Daxili İşlər Nazirliyinin təcridxanasında saxlanılır və hədə-qorxu ilə tələb etmədə ittiham olunur.
Dudayevi Sxinvalda indi ancaq “kriminal avtoritet adlandırırlar, deyirlər ki, o reket və qaçaqmalçılıqla məşğul olub. Düzdür, hüquq-mühafizə orqanları hələ ki, heç bir rəsmi bəyanatla çıxış etməyib. Dudayevin saxlanılması mövzusunda həm yerli KİV, həm də ekspertlər susmağı üstün tutur.
Respublika DİN-dən olan mənbə JAMnews-a bildirib ki, “Dudayevin işi prokurorluğa təqdim olunub və “bu işin DİN-ə heç bir aidiyyatı yoxdur. DİN-dəki həmsöhbətimiz “Dudayevin işinin Baş prokurorluq və ya Leninoqor rayon prokurorluğu tərəfindən aparıldığını da bilmir.
Dudayev Leninoqor rayonunda ağalıq edən iri qaçaqmalçı Tariel Başaruli ilə toqquşmadan sonra saxlanılıb. Qarşıdurmanın nəticəsində Başaruli ilə Dudayev arasında dava düşüb, bundan sonra da Sxinvalın Daxili İşlər Şöbəsinin əməkdaşları Dudayevi və onunla birlikdə orada olanları qəddarcasına döyərək, Dudayevi həbs ediblər.
Cənubi Osetiya DİN təcridxanasının rəisi Otar Marqiyev JAMnews-a bildirib ki, Marik ümumi kamerada saxlanılır. “Özünü yaxşı hiss edir, ruh düşkünlüyü yoxdur. Bizdə peşəkar həkimlər və tibb bacıları işləyir. Səhhətində heç bir problem yoxdur. Özünü yaxşı hiss edir. Özü bizdə olsa da, işi ilə prokurorluq məşğul olur. İrəli sürülən ittihamlarla bağlı heç nə deyə bilmərəm, bu prokurorluğun işidir.
Leninqoridəki mənbələr JAMnews-a Dudayev və Başarulinin arasında baş verən münaqişənin detallarını danışdılar. Mənbənin məlumatına görə, Dudayev Sxinvalda meyvə-tərəvəz alveri ilə məşğul olan azərbaycanlılardan pul tələb edirmiş. Guya onlar mütəmadi olaraq Marik Dudayevə pul çatdırırmışlar. O da öz təsir dairəsini genişləndirmək qərarına gələrək, Gürcüstan sərhədindən ərzaq keçirən Leninoqor gürcülərini də gəlirlərini onunla bölüşməyə məcbur etmək istəyib.
Onların Tariel Başarulinin simasında olan “krışalarıdaha güclü çıxdı. Şayiələrə görə, ona həm gürcü gömrükçüləri, həm də Cənubi Osetiyanın nüfuzlu məmurları himayədarlıq edir.
Bir sözlə, Marik gücünü və vasitələrini düzgün qiymətləndirə bilmədiyi üçün hazırda onu artıq öz tarixi vətənində azadlıqdan məhrum olma cəzası gözləyir.
“O, doxsanıncı illərdə ilişib qalıb, zaman anlayışını itirib. Basqınla hansısa işləri həll edə biləcəyini düşünür. Həddən artıq çox insan ondan şikayətçidir, – yerli sakinlərdən biri deyir.
“Zviadçıların qurbanı
Silahlı Gürcüstan-Cənubi Osetiya münaqişəsi 1990-cı illərin əvvəllərində Marik Dudayevin ailəsi üçün qanlı faciəylə nəticələndi. O zaman onun 16 yaşı vardı və ola bilsin ki, münaqişə başlamasaydı, taleyi başqa cür ola bilərdi. Gürcüstanda hakimiyyətə “Gürcüstan gürcülər üçündür şüarı ilə Zviad Qamsaxurdia gəldi, gürcü silahlı qruplaşmaları Dudayevin doğma kəndi, qədimdən osetinlərlə gürcülərin birlikdə yaşadıqları Artsev kəndinə hücum etdi.
İnsanlar burada kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdular. Amma kəndlilərin sakit həyatını qoruyub saxlamaq mümkün olmadı. Dinc əhalinin silahlı qruplar tərəfindən qarətləri get-gedə artmağa başladı.
Bir dəfə də onlar Dudayevlərin evinə soxuldular. Həmin gün ailə bayrama hazırlaşırdı və qurbanlıq qoyun kəsmək istəyirdi. Hücum çəkənlər Marikin atasını avtomat qundağı ilə döyür, üstünə qazandan qaynar su tökürdülər. Vladimir Dudayev aldığı xısarətlər nəticəsində həyatını itirir.
Dudayevlərin müsibətləri bununla bitmir. Bir qədər sonra gürcü silahlıları qayıdır. Anasını döyüb, masaya kəndirlə bağlayırlar və gözlərinin qarşısında qızını zorlayırlar.
Növbəti dəfə soyğunçular Dudayevlərin mülkünü zəbt etmək üçün gəlir. Bütün əşyaları yük maşınlarına daşıyaraq, evə od vururlar.
Marik və kiçik qardaşı Erik küçədə qalır. Bir qədər sonra onlar Şimali Osetiyadakı qohumlarının evinə sığınırlar.
Marik Dudayev doğma Artsevə beş il sonra qayıdır. Yenidən həyata başlamağa cəhd edir – ferma tikməyə başlayır. Amma gürcü silahlı qrupları hələ də kəndlərə nəzarət edir və yerli sakinləri qorxu içində saxlayırdılar. Sakinlərə xərac ödətdirir, qızları zorlayırdılar.
Marik fəal şəkildə silahlılara müqavimət göstərməyə başlayır, böyük bacarıqla özünümüdafiə məsələlərini həll edir. İnsanlar getdikcə daha tez-tez kömək üçün ona müraciət etməyə başlayır və o quldurlar üçün ciddi düşmənə çevrilir. Bir qədər sonra Dudayev kəndi qorxu altında saxlayan banda baçşısı Besik Tenadzeni güllələyir.
Gürcü həbsxanası
16 mart 2004-cü ildə Marik Dudayev Artsevdə gürcü xisusi xidmət orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öz evinin yanında həbs edilir. Saxlanma zamanı o ağ ciyər nahiyyəsindən iki tərəfli yara alır, bir güllə ürək nahiyyəsinə, ikincisi sol çiyninə dəyir, bununla belə Dudayev sağ qalır.
İstintaqın bildirdiyinə görə, müttəhim Mtsxeta və Tbilisi arasındakı dəmir yolu zolağını partlatmağa cəhd edərkən saxlanılıb. Nəticədə isə 2005-ci ildə Tbilisi şəhər məhkəməsi Dudayevi 23 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi, amma terrorçuluq və təxribata görə deyil, başqa ittihamlarla: xüsusi qəddarlıqla qətl, qarət, soyğunçuluq, polisə qarşı zorakılıq, bədənə qəsdən xəsarət yetirmə.
Tbilisi Şəhər Məhkəməsinin məlumatına görə, bütün bunlar 1995-ci ildən 2005-ci ilə qədər Marik Dudayevin törətdiyi cinayət və qanun pozuntularının tam siyahısı deyil. İttihamın 16 bəndindən biri “Besik Tenadzenin xüsusi ağırlaşdırıcı şərtlərlə – silahın mənimsənilməsi məqsədilə qəsdən qətlə yetirilməsi oldu.
Dudayevin keçmiş vəkili Qela Nikolaişvilinin JAMnews-a bildirdiyinə görə, Dudayev ona qarşı irəli sürülən ittihamlardan ancaq guya intiqam hissi ilə törətdiyi Tenadzenin qətlini etiraf edib. Qalan ittihamları isə uydurma adlandırıb.
“Marik Dudayev həqiqətən də Besik Tenadzenin qətlində iştirak edib, – Nikolaişivili deyir. – Qalan şeylərin isə – guya onun “kriminal avtoritet, gürcülərin düşməni olması – bütün bunların həqiqətlə heç bir əlaqəsi yoxdur.
Dudayevin həyat hekayəsini öyrənən, onun müdafiəsi və azad olunması məsələsi ilə məşğul olan Cənubi Osetiyalı hüquq müdafiəçisi Lira Kozayeva media və sosial şəbəkələrdə məqalələr və müraciətlər dərc etdirib. O bildirirdi ki, Tenadze özünü müdafiə edən Dudayev tərəfindən güllələnib və qətl qəsdən törədilməyib.
Cənubi Osetiya itithamları saxtalaşdırılmış adlandırır və bütün danışıqlarda Dudayevin azadlığa buraxılması məsələsini qaldırırdı.
Dudayevin taleyi ilə bir neçə il ərzində osetin və gürcü hüquq müdafiəçiləri birlikdə məşğul olublar. Cənubi Osetiyalı hüquq müdafiəçisi Lira Kozayeva onun saxlanılması zamanı yol verilən çoxsaylı hüquq pozuntularına bir çox nüfuzlu hüquq müdafiə təşkilatlarının diqqətini cəlb edə bilmişdi.
Həbsxanada olarkən Dudayevi Bütün Gürcüstanın Katalikos-patriarxı II İliya xaç suyuna çəkmişdi.
Azad olunma
2012-ci ildə Gürcüstanda hakimiyyətin dəyişməsi, bundan sonra imzalanan amnistiya və qanunvericiliyə edilən dəyişikliklər 2027-ci ilə qədər həbsxanada qalmalı olan Marik Dudayevin həyatında həlledici rol oynadı.
2012-ci ilin qışında ümumi amnistiyaya düşən Dudayevin həbs müddəti 10 ilə qədər azaldı. 2013-ci ildə Cinayət Məcəlləsinin cəzanın prinsiplərini müəyyən edən 59-cu paraqrafı dəyişdirildi, bunun sayəsində Dudayev elə həmin il azadlığa çıxdı.
Azadlığa çıxana qədər Dudayevə həbsxanada ombudsmen Uça Nanuaşvili baş çəkdi. O vaxtlar o, gürcü və Cənubi Osetiya məhbuslarının “hamının hamıya prinsipi ilə dəyişdirilməsi təşəbbüsü ilə çıxış etmişdi.
“Marik Dudayev artıq 9 ilini həbsdə keçirib. Düşünürəm ki, bu cəza törədilən cinayətlər üçün kifayət edir. Bu proses danışıqlara başlamağa və gürcü-osetin dialoqunu dərinləşdirməyə kömək edəcək, – o vaxtlar Uça Naneişvili demişdi.
7 iyun 2013-cü ildə Marik Dudayev gürcü məhkəməsinin qərarı ilə həbsxanadan azad edildi və Cənubi Osetiya hakimiyyətinə təhvil verildi. Dudayevi Sxinvalda milli qəhrəman kimi qarşıladılar. Onu prezident Leonid Tibilov qəbul etdi.
O, siyasi bəyanatlarla çıxış etməyə başladı, yerli parlamentə namizədliyini irəli sürəcəyinə və gürcü həbsxanalarında saxlanılan həmyerlilərinin azadlığa buraxılması üçün çalışacağına söz verdi.
Amma Marik qanuna tabe olan vətəndaş ola bilmədi. Tezliklə o, həyat yoldaşının şikayəti əsasında Cənubi Osetiya güc strukturlarının əməkdaşları tərəfindən saxlanıldı. Qadın milisə onu Marikin zorakılığından müdafiə etmələri xahişi ilə müraciət etdi.
Marik onda saxlanılaraq, həbsə atıldı. Amma bu, uzun müddət çəkmədi. O vaxtlar onun Cənubi Osetiya məhkəməsi ilə münaqişələrini nüfuzlu qardaşı Erik həll edirdi.
Erik Dudayev 1990-cı illərdə Gürcüstan-Cənubi Osetiya münaqişəsinin fəal iştirakçısı olub, 2008-ci ildə baş verən yeni müharibədə döyüşüb. Cənubi Osetiyanın beşinci çağırış parlamentində təhlükəsizlik və müdafiə komitəsinə başçılıq edib, sonra da altıncı çağırışda deputat olub. Cənubi Osetiyanın keçmiş prezidenti Eduard Kokoytı ilə dostluq edib, indiki prezident Leonid Tibilovla da yaxşı münasibətləri olub.
Erik Dudayev deyirdi ki, gürcü xüsusi xidmət orqanları dəfələrlə onun həyatına qəsd hazırlayıb.
2015-ci ilin sentyabr ayında o, Cavadan Sxinvala gedən zaman yolda baş verən avtomobil qəzası zamanı ölür. Marik Dudayev tək qalır.
Banditizmlə bağlı yeni ittihamlar və onların saxtalaşdırılması ilə bağlı köhnə iddialar
Hazırda istintaq təcridxanasında olan Marik Dudayev şərh verə bilmir, vəkili Alan Bazzayev isə JAMnews-un müxbiri ilə müsahibəsi zamanı çox az danışıb.
“Dudayevə qarşı “hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülüb – bu, Rusiya Federsaiyası CM-nin 163-cü maddəsidir. İstintaqı Cənubi Osetiyanın Leninoqor rayon prokurorluğu aparır. Bu ittihamlar hələ sübut olunmalıdır. Onun kimdənsə guya pul tələb etməsi ilə bağlı deyilənlər, həmçinin yayılan başqa şayiələr – bunların hamısı uydurmadır. Mariki Siciliya mafiyasının başçısına döndəriblər…, – Dudayevin vəkili JAMnews-a bildirib.
Dudayevin 2004-cü ildə gürcü xüsusi xidmət orqanları tərəfindən həbsi zamanı Gürcüstan DİN-in informasiya-analitika xidmətinin rəhbəri olan Şota Utiaşvili JAMnews-a “Dudayevin azadlığa buraxılmasının ciddi səhv olduğunu deyib.
“Marik Dudayev bütün Artsevi kəndini qul kimi saxlayırdı. O, məhkəmədə irəli sürülən ittihamlardan başqa, xeyli sayda qanun pozuntusuna yol verib. İndiki hakimiyyət isə onu sadəcə azad etməklə kifayətlənmədi – barış və vətəndaş bərabərliyi naziri Paata Zakareişvili onu Artseviyə öz şəxsi avtomobilində apardı. Hakimiyyət bundan sonra nə gözləyirdi – bilmirəm, – Utiaşvili deyir.
JAMnews barış və vətəndaş bərabərliyi naziri Paata Zakareişvilinin özü və ya aparatının əməkdaşları ilə əlaqə yaratmağa çalışsa da, qurumun mətbuat xidmətindən Marik Dudayevlə bağlı şərh vermək istəmədiklərini deyiblər.
Dudayevin işi üzrə istintaq hələ ki, başlamaq üzrədir. Belə görünür ki, Cənubi Osetiyanın mübahisəli Robin Qudunun həyat tarixçəsinin yeni fəsili başlayır.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər