"Məni 500 manata satdılar". Azərbaycan məhbəsində transgenderlər
Azərbaycan məhbəsində transgenderlər
“Həbsxanaya girdiyim gün məni 500 manata məcburi şəkildə satdılar. Xəbərim yox idi. Satdıqları həbsxana işçisi məni apardı otağa, düşündüm ki, yer verirlər qalmağa. Mən orada çox zülm çəkdim. Həmin gün ancaq ağladım ki, bu necə qanundur, mən hara düşmüşəm?!”
Əvvəllər cəzaçəkmə müəssisəsində olan trans qadın Aydan Paşayeva (orada Şamplena kimi tanınırmış) bildirir ki, həbsxanada translar insan yerinə qoyulmur, fahişə kimi satılır, onlara canlı pul kimi baxılır.
- “Şəxsiyyət pozuntusudur deyib, dispanserə yolladılar”. LGBTI+ icması Azərbaycandakı problemlərini dilə gətirib
- ABŞ Dövlət Departamenti bəyan edib ki, Azərbaycanda hərbi xidmətdən imtina etmək mümkün deyil
- Bakıda ilk dəfə LGBTQİ+ problemlərindən bəhs edən yerli bədii film nümayiş olunub
Qanun məhbusları ancaq kişilərə və qadınlara ayırır
Qanuna əsasən, Azərbaycanda həbs edilmiş şəxslər kameralara onların yaşı, cinsi, əvvəlki məhkumluğu, səhhəti nəzərə alınmaqla yerləşdirilir. İstintaq təcridxanalarının daxili intizam Qaydalarının 5.11.1 maddəsinə əsasən, qadınlar kişilərdən ayrı yerləşdirilir. Lakin transgenderlərin necə yerləşdirilməsilə bağlı qanunda heç bir müddəa yoxdur.
Vəkil Zibeydə Sadıqova deyir ki, LGBTI+lar üçün həbsxanaya düşmək işgəncədir. Vəkilin sözlərinə görə, onlarla çox pis rəftar edirlər:
“Bu insanlar cəmiyyətdə belə anormal davranışlara məruz qalırlar, təsəvvür edin ki, qapalı həbsxanada qalmaq onlar üçün necə ağırdır.
Müdafiə etdiyim trans qadınlar hər dəfə istintaq təcridxanasında kişilərin kamerasında saxlanıldıqlarından şikayət edirdilər. 2-3 trans qadın, 10 nəfər kişi.
Kişilər trans qadınlarla heç cür ünsiyyət qurmurlar, qab yumağa icazə vermirlər. Həmin şəraitdə paltarlarını dəyişmək, hamam-tualetdən istifadə etmək trans qadınlar üçün çox çətindir. Bu, onlara əlavə travmadır. Onları təhqir edirlər, lağa qoyurlar.
Müdafiə etdiyim trans qadınlar dəfələrlə məhkəməyə, ombudsmana, prokurorluğa bununla bağlı şikayət ediblər, məlumat veriblər. Amma yenə də onların vəziyyətini tənzimləyən, yüngülləşdirən heç bir norma yoxdur. Ayrıca kameraya da keçirmirlər ki, heç olmasa, özləri birlikdə qalsınlar”.
Aydanın hekayəsi
“Biz onsuz da, həyatdan bezmiş insanlarıq. Orada da elə əziyyət edirdilər ki, insanı intihara sürükləyirdilər. Məni hər gün şöbələrə satırdılar, kimləsə cinsi əlaqəyə girməyə məcbur edirdilər. Etməyəndə də “kars”a (daxili qaydaları pozan məhkumlar üçün cəza kamerası – red.) salırdılar.
Çıxarmaq üçün də 100 manat istəyirdilər. Çox pis vəziyyətdə idim. Qorxurdum ki, məni öldürsünlər. Nəinki mən, bütün trans qadınlar. Səsimizi çıxara bilmirdik, dustaq səsini hara çatdıra bilər? Kimə şikayət edə bilər? Valideynimiz gələndə deyirdik, onlar da rəisə şikayət edirdi. Rəis də yola verirdi ki, sənin övladın günahkardır, cəzasını çəkir”.
Aydan danışır ki, bir gün xlor içərək intihara cəhd edib. Dediyinə görə, ona tibbi yardım göstərilməyib, sadəcə məcburi su içiriblər.
“Həmin gecə cəzalandırmaq üçün məni yenə “kars”da yatağa zəncirlədilər. İnsanı zəncirləmək nə deməkdir?! 4 zəncir ayağıma, 4 zəncir qollarıma vurmuşdular. Quru yatağa yapışdırırdılar. Ləyaqətimizi alçaldırdılar. Məgər trans olmaq günahdır?!”
Aydanın sözlərinə görə, həbsxanada təhqirə və zorakılığa məruz qalmaları ilə yanaşı transgenderlər ən ağır və çirkli işlərdə (kanalizasiya və tualet təmizləməyə qədər) işlədilir, amma qanunla nəzərdə tutulan əməkhaqqının çox az hissəsini alırlar.
“8 saatlıq işimin sadəcə 2 saatını ödəyirdilər, qalanını rəis götürürdü. Rəis məhkumun maaşına da göz dikirdi”, – o deyir.
“Sənədində kişi kimi qeyd olunan transların saçları kəsilir”
Feminist aktivist Gülnara Mehdiyeva da transların cəzaçəkmə müəssisələrində məruz qaldıqları zorakılıq halları ilə tanışdır. O deyir ki, yerli həbsxanalarda saxlanılan translarla bağlı statistik məlumat yoxdur. Hökumət bu mövzu ətrafında ümumiyyətlə işləmir.
“Mən dəfələrlə icmadan olmayan keçmiş məhbuslardan LGBTQ-lərin ordakı durumu haqqında maraqlanmağa çalışmışam. Onlardan hamısının dedikləri oxşar olub. Bildirirlər ki, həbsxanada geylər və translar aşağı kasta hesab olunur. Onlarla fiziki təmas, salamlaşmaq, birlikdə oturmaq və yemək yemək müsbət qarşılanmır.
2017-ci ilin kütləvi həbsləri zamanı mən daha çox məlumat öyrəndim. Orda icma üzvlərinə qarşı xüsusi amansızlıq göstərilir, saçları zorla qırxılır və onlar seksual xarakterli zorakılığa məruz qalırdılar.
Həbs zamanı saçın kəsilməsi hər zaman aktualdır. Trans qadınların sənədlərində kişi cinsi qeyd olunubsa, saçları qırxılır. Bir neçə ay əvvəl trans qadınlardan biri inzibati həbsə girərkən saçlarının kəsilməməsi üçün ayrıca müraciət etməli olmuşduq”.
Gender aktivist qeyd edir ki, Azərbaycanda transların həbsxanalarda yerləşdirilməsi ilə bağlı hər hansı sistemli praktika yoxdur. Hətta dünyada da bu məsələ yetərincə təkmilləşdirilməyib.
Mehdiyevanın sözlərinə görə, ABŞ, Böyük Britaniya və bir neçə başqa ölkə insanların cəzaçəkmə müəssisələrinə yerləşdirilməsi zamanı gender identifikasiyalarının nəzərə alınması ilə bağlı müəyyən qanunlar, praktikalar işləyib. Lakin bu qanunların da öz boşluqları var, yaxud tətbiqində əlavə problemlər ortaya çıxır.
“Azərbaycan həbsxanalarında saxlanma şəraiti beynəlxalq standartlara uyğun deyil”
Hüquqşünas Səməd Rəhimli isə deyir ki, ümumiyyətlə, Azərbaycanda cəzaçəkmə müəssisələrində saxlanma şəraiti beynəlxalq standartlara uyğun deyil. Penitensiar xidmətin işçilərinin məhkumlarla davranışı standartlardan kənardır. Kobud davranış, işgəncə, ləyaqətin alçaldılması, rüşvət, korrupsiya… Hüquqşünasın sözlərinə görə, bütün bunlar sözügedən sistemin aktual problemləridir.
“LGBTQI+lara və translara münasibət isə iki qat pisdir. Geylər haradasa görünməz olub bu rəftarlardan xilas ola bilirlər, amma transların bu şansı kifayət qədər aşağıdır. Bir tərəfdən penitensiar xidmətin işçiləri onlarla pis davranırlar. Digər tərəfdən isə məhkumlar translara hücum edir və ləyaqətlərini alçaldırlar.
Transları bir yerdə saxlamağa çalışırlar. Amma onların saxlandığı yerlər digər məhbusların saxlandığı yerdən daha pis olur.
Orada ən pis və təhqiramiz hesab olunan işlərə gey və transları cəlb edirlər. Davamlı formada istismar edirlər. Təhdid edirlər ki, sözümüzə qulaq asmasanız, sizi digər məhbusların əlinə verəcəyik, sizi cinsi istismar edəcəklər, zorakılıq göstərəcəklər. Biz sizi onların əlindən xilas edirik.
Transları soyunduraraq videolarını çəkirlər. Müxtəlif xarakterli cinsi təkliflər edirlər ki, bunları etməlisiniz. Qeyd edim ki, cinsi uyğunlaşdırma əməliyyatı etməmiş və ya şəxsiyyət vəsiqəsini dəyişməmiş translar varsa, onların saçını qırxırlar”, – hüquqşünas rast gəldiyi faktlardan danışır.
Səməd Rəhimlinin sözlərinə görə, Avropa penitensiar qaydaları Azərbaycan üçün də keçərlidir. Həmin qaydalarda diskriminasiya əleyhinə tədbirlər nəzərdə tutulub.
“Bunlar ümumi standartlardır, çox detal yoxdur. Amma orada göstərilir ki, məhbuslar ləyaqəti alçaldan rəftara məruz qalmamalıdırlar. Bundan əlavə, LGBTI+ icmasına qarşı anti-diskriminasiya tədbirləri penitensiar xidmət müəssisələri tərəfindən görülməlidir. Məsələn, kuirləri digər məhbuslardan qorumalıdır, təhlükəsizliyini təmin etməlidir və özləri də istismara yol verməməlidirlər. Lakin onlar davamlı olaraq digər məhbuslardan ayrı da salınmamalıdırlar. İnteqrasiya təmin olunmalıdır. Onların təcrid vəziyyətində qalmasının və psixoloji mental sağlamlıqlarının pozulmasının qarşısı alınmalıdır”, – hüquqşünas əlavə edir.